• Təqvim

  • Unutma

  • Maraq



Qazax: Səyyar qəbul-görüşlər davam etdirilir

Respublika mətbuatı Qazax haqqında


Qazax rayonunun Daş Salahlı kəndində aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərilən xidmətlər, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığı qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən il növbəti dəfə Prezident seçilən dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi qiymətləndirib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib.

İcra başçısı Daş Salahlı kəndində mövcud olan problemlərdən birinin məhz kəndin içməli və suvarma suyu məsələsinin olmasını qeyd edib. Rayon rəhbəri bu məsələnin də köklü şəkildə həllini tapması, kəndin su və kanalizasiya sisteminin yenidən qurulması kimi məsələnin "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapdığını və bu sahədə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. İcra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını qeyd edib. 

Sakinlərdən Tofiq Cəfərov, Nemət Əliyev, Qətibə Kazımova, Solmaz Aşırova, Hicran Məmmədova, Yolçu Əliyev, Pəri Pənahova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son 3 ildə rayonda, eləcə də Daş Salahlı kəndində görülən işlərin hər bir qazaxlının ürəyincə olduğunu bildiriblər. Kənddə iki uşaq bağçasının təmir olunmasını, yeni asfalt yolun çəkilməsini, aparılan abadlıq və quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Görüşdə sakinlər kənddə 1 saylı körpələr evi-uşaq bağçasının təmir olunması, SİP kabelləşmə işinin tam başa çatdırılması, içməli və suvarma suyu ilə bağlı məsələnin həll olunması, Daş Salahlı kənd sənətkarlıq evinin qarşısındakı lövhənin yenilənməsi və müxtəlif səpkili müraciətlər ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verib.

***

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edir. Rayonun işğal altında olan kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunub. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu diqqət və qayğının bariz nümunəsidir. Bütün infrastrukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, o cümlədən də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənir, qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilir. Bunu rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması deyilənləri əyani şəkildə sübut edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşmış Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Aşağı Əskipara kənd sakini Front Həsənov daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edərək məcburi köçkünlərə yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlığını bildirib. Bütün qəsəbə sakinlərinin minnətdarlıq dolu ürək sözlərini çatdıran F.Həsənov onları narahat edən qayğılarını da çatdırıb. O, qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün quraşdırılmış mağarın çadırının yenilənməsini və mağarın üstünə şifer vurulmasını qeyd edib. Sakinləri dinləyən rayon rəhbəri qaldırılan məsələyə diqqətlə yanaşılacağını bildirib və baxılması üçün aidiyyatı üzrə tapşırıq verib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

19 noyabr 2019-cu il




Facebook-da paylaş