Qazaxda “Rayonumuzu tanıyaq” devizi altında növbəti tur-aksiya təşkil edilib
Artıq altıncı ildir ki, Azərbaycanın
orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq”
devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları
təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident
Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını
alıb. Layihənin əsas
məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi,
mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər
Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış
etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın
dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın
yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR,
Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz,
Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq. 18-21
noyabr 2019-cu il tarixlərində həyata keçiriləcək aksiyaya Qazaxməktəbliləri də qoşulublar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən Qəbələ-Şəki-Zaqatala rayonlarının görməli yerləri ilə tanış olacaqlar. Ötən il isə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir ənənənin əsası qoyulub. Belə ki, rayon rəhbərinin təşəbbüsü ilə əvvəlcə "Rayonumuzu tanıyaq” devizi altında tur-aksiya təşkil olunur. Artıq ikinci ildir ki, həyata keçirilən tur-aksiya müəllim və şagirdlər tərəfindən də böyük rəğbətlə qarşılanır. Bu gün Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəbli üçün səfər öncəsi üçüncü dəfə Qazax rayonu üzrə tur təşkil edilib. Aksiyada iştirak edəcək qrup rəhbəri Kəmalə Cəfərova, təhkim olunmuş digər şəxslər – Murad Babakişizadə, Samir Hüseynov, Nailə Əfəndiyeva, Ramin Həsənov, eləcə də Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov, fəal gənc Akif Əmirov məktəblilərlə birlikdə "Rayonumuzu tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərində olub, rayonumuz haqqında dolğun məlumatlar əldə ediblər. Qazax Gənclər Mərkəzinin qarşısında toplaşanaksiya iştirakçıları gəzintiyə ilk olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər
Xiyabanını ziyarətlə başlayıblar. Vətən oğullarının adı və şəkli əks olunmuş löhvə önündən keçən şagirdlər şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə gül dəstələri düzüblər. Məktəblilərə məlumat verilib ki, bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 287 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bildirilib ki, Vətənin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların
ailə üzvlərinə hər zaman yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd
olunub ki, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə
xüsusi diqqət ayırması, şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması,
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı
şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında
287 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu dediklərimizin
əyani sübutudur. Sonra tur-aksiya iştirakçıları ölkə Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 100 illiyini qeyd etdiyimiz Qazax Müəllimlər Seminariyasında olublar. Xalq şairi Səməd
Vurğunun vaxtilə təhsil aldığı sinifdə seminariyanı bitirmiş məzunları, eləcə də
o vaxt dərs deyən müəllimləri özündə əks etdirən fotoguşə ilə tanış olan məktəblilərə
seminariyanın yaranma tarixi haqqında ətraflı məlumat verilib. Milli təhsilimizin
əsasını qoyan seminariyanın tarixinə nəzər salaraq Azərbaycan təhsilinə bəxş
etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər. Şagirdlərə Qazax Müəllimlər Seminariyasının tarixi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir. Müəllim və şagirdlər ölkə
başçısı tərəfindən imzalanmış bu tarixi əhəmiyyətli Sərəncamı və Sərəncamda yer
alan dəyərli fikirləri Qazax təhsilinə, eləcə də bütün qazaxlılara verilən ən
böyük qiymət kimi dəyərləndirərək minnətdarlıqlarını çatdırıblar. "Azərxalça” ASC-nin Qazax
filialı ilə tanışlıq da məktəblilərin marağına səbəb olub. Müəssisə ilə ətraflı şəkildə tanış olan məktəblilər burada qurulmuş xanalara, toxunan xalçalara baxıblar. Şagirdlərə bildirilib ki, xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə bağlı simvolları əks etdirib. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bütün sahələr olduğu kimi, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Bu gün rayonumuzda inşa olunmuş müəssisədə işçilərin rahat şəkildə çalışmaları üçün hər cür şərait yaradılıb. Yaradılan bu yeni müəssisə qazaxlı xalçaçılara verilən ən böyük hədiyyədir. Eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, "Azərxalça” ASC tərəfindən tikilmiş bu müəssisədə 160 nəfərin
çalışması nəzərdə tutulub ki, hazırda 100-dən çox işçi işləyir. Məktəblilər müəssisədə
toxunan xalçaların və iplərin saxlandığı anbarla da tanış olublar. Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, Respublika Prezidenti İlham
Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni
binasının açılışını edib. Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə
cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq
Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və
2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6
kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında
rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın
birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu
mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü,
orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci
mərtəbəsində olan aksiya iştirakçılarına "Qazax xalça məktəbi”, "Etnoqrafiya və
folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli
şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə”
bölmələri haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu
günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti,
tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın
mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı,
muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz
edildiyi də diqqətə çatdırılıb. Sonra məktəblilər artıq 33 ildir ki, fəaliyyət göstərən və bu gün də hər kəsin sevimli məkanına çevrilən Qazax Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada nümayiş olunan Azərbaycanın görkəmli
rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks
etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri
şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlərə vətənpərvərlik,
Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural
dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı
ayrıca məlumatlar verilib. "Azərsun-Holdinq” MMC-nin Qazax Konserv Zavodu ilə tanış olan tur-aksiya iştirakçılarına məlumat verilib ki, bu müəssisə 2012-ci ilin 12aprelində istifadəyə verilib və Prezident İlham Əliyev zavodun açılışında
iştirak edib. Qeyd olunub ki, zavod
meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı
sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi
4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir
səviyyədə qurulub. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz
istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin
olunmasına şərait yaradıb. Bildirilib ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunan müəssisədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə 1996-2011-ci illərdə "Azərsun-Holdinq”ə məxsus müəssisələrin açılışlarını əks etdirən fotoguşə yaradılıb. Məktəblilərə zavodda tədarük olunan məhsullar barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, "Qazax Konserv Zavodu" ASC qənnadı-şirniyyat sektorunda geniş istifadə edilən, qış mövsümündə də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Qeyd olunub ki,
zavodda ildə 5 min ton kartof tədarük olunur. 60 ton albalı, 20 ton feyxoa
dondurulur (şoklanır). Bundan əlavə, zoğal, albalı, çiyələk kimi meyvələr də
dondurularaq saxlanılır. 40 ton tənək yarpağı turşusu da qoyulur. Bildirilib
ki, zavodda əsas sahə demək olar ki, aqrar sahədir. Hazırda zavodda 80 nəfər işlə təmin olunub. Lakin mövsümə uyğun olaraq işçi sayı da artır. Günün ikinci yarısında baş tutan gəzinti də müəllim və şagirdlər üçün yaddaqalan olub. Belə ki, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən
dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb. Məktəblilərə
Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində
ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir.
Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə
basdırılmış möhtəşəm sütuna bənzəyir. Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən
20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində
yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb.
Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından
biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250
metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən
olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala
divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar
edilmişdir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın
qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var.
Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi
olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə
aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid
gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına
görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli)
komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz
rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən
toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var. Daş Salahlı kəndindəki Damcılı
mağarası ilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax
rayonunun Daş
Salahlı kəndindən Xram çayına qədər
uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən
irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi
dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su
damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq
təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar,
ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub
550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür
qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd
qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası,
forması və müqayisəsinə görə Orta Paleolit
dövrü,
Üst Paleolit
dövrü, Mezeolit dövrü və Neolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir. Məktəblilərə qoruq ərazisində aparılan qazıntı işləri barədə də məlumat verilib. 2015-ci ilin
yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin
daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir
heyətin Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq
ərazisinə dəvət olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, həmin il 1
həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin
ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli
beynəlxalq memorandum imzalanıb. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən
"Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və
Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti
Universitet Muzeyi arasında bağlanıb. Bu il artıq dördüncü dəfə qazıntı işlərinin
aparıldığı və uğurla başa çatdığı qeyd olunub. Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq zamanı məktəblilərə bildirilib ki, bu zavod 5 iyul 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib. Qeyd olunub ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə
investisiya layihəsi uğurla reallaşdırılıb. Bu müəssisənin inşasına 2010-cu
ildə başlanılıb. Bildirilib ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş
Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan
monitorlarda Ulu Öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və
regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən
videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və
110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su
xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub. Müəssisənin
ərazisində Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılıb. Burada orijinal
layihə əsasında park salınıb. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir.
Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56
otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik
üçmərtəbəli yeməkxana inşa edilib. Ümumi sahəsi 3400 kvadratmetr olan 69
otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanıb. Hazırda ərazidə
silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın və
hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki
laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan
külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları
həyata keçirilir. Zavod haqqında ətraflı şəkildə məlumat alan məktəblilər
istehsal prosesi ilə də əyani şəkildə tanış olublar. Bildirilib ki, zavodun
gündəlik istehsal gücü 2500 ton klinker təşkil edir. "Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyanın növbəti ünvanı isə "Birinci
Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC olub. Məktəblilərə çatdırılıb ki, 2016-cı ilin 19 oktyabrında istifadəyə verilən təsərrüfatın açılışında Prezident İlham Əliyev iştirak edib. Bildirilib ki,
təsərrüfat 151 hektar sahədə yaradılıb. 15 hektar sahədə isə süni yağışyağdırma
üsulunun tətbiqi ilə pivot suvarma sistemi qurulub ki, bu da məhsuldarlığı 2-3
dəfə artırmağa imkan verir. Məktəblilər binanın foyesində Ulu Öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Qazax rayonuna
səfərlərini əks etdirən fotoguşə ilə də tanış olublar. Qeyd olunub ki, binada
fermer təsərrüfatında çalışanlar üçün hər cür şərait yaradılıb. Konfrans zalı, yeməkxana
işçilərin istifadəsinə verilib. Diqqətə çatdırılıb ki, bu təsərrüfat
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin
bəhrəsidir. Burada texnika üçün park inşa edilib. Təsərrüfat üçün lazım olan
müxtəlif növ maşın-mexanizm alınıb. Müəssisədə istehsal olunan məhsulların
təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ən
müasir texnologiyalar əsasında istehsal sahəsi yaradılıb. Hazır məhsulların
saxlanılması üçün tutumu 2 min ton olan anbar da inşa olunub. Tur-aksiyanın sonuncu ünvanı olan Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun
Poeziya Evinə baxış zamanı aksiya iştirakçılarına məlumat verilib ki, Ulu Öndər Heydər
Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin
nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur
"Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı
ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda
Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o,
1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham
Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş,
burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq
vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik
yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin
yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə
görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların
sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya
şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya
evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət
vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun
həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan
ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı
2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir
və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da
iştirak edib. Məktəblilərə məlumat verilib ki, ötən il də rayon rəhbərliyi
tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına
layiq görkəmə salınıb. Tur-aksiya iştirakçılarından – S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdləri Tamər Musalı və Akif
Zeynalov, Aslanbəyli kənd tam orta məktəbin X sinif şagirdi Yetər Umudova,
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səməd
Xasayev, K.Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin IX sinif şagirdi Azadə
Həsənova, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin XI sinif
şagirdi Çimnaz Alıyeva, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin XI
sinif şagirdi Tural Abdullayev, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta
məktəbin X sinif şagirdi Nərmin Həsənova, A.Mustafayev adına Qazaxbəyli kənd
tam orta məktəbin XI sinif şagirdi Məhərrəm Yusifzadə öncə "Ölkəmizi tanıyaq” layihəsinə görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı məktəblilər adından dərin minnətdarlıqlarını bildiriblər. Qazaxda üçüncü dəfə olaraq "Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş bugünkü turun həyata keçirilməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar. Öz təəssüratlarını bölüşən məktəblilər qeyd ediblər ki, bugünkü gəzinti bizim rayonumuz haqqında zəngin məlumatlar əldə etməyimizdə böyük rol oynadı. Bu gün biz əldə etdiyimiz məlumatlarla Qazaxımızı bir daha kəşf etdik. Rayonumuzun təbiəti, tarixi abidələri, gündən-günə dəyişən siması, qazandığı nailiyyətləri bizdə xoş təəssürat yaratdı. Ən əsası da səfər öncəsi təşkil olunmuş bu gəzinti bir daha onu sübut etdi ki, bütün bölgələr arasında Qazaxımızın öz gözəlliyi və zəngin tairixi var. Bu gün biz gəzinti zamanı buna bir daha əmin olduq. GOYEZEN.AZ
Sonra məktəblilər Fəxri
qazaxlılar parkında da olublar. Burada şagirdlərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalanıb. Məktəblilərə bildirilib ki, bu gün hər bir qazaxlı bu Sərəncamı yüksək minnətdarlıq hissi ilə qarşılayır və təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət kimi deyil, eyni zamanda, Qazax ziyalılarına verilən böyük dəyər kimi qiymətləndirirlər. Həmçinin şagirdlərə bu ilin iyununda Xalq şairi Vaqif Səmədoğlunun
80 illik yubileyi münasibətilə qoyulmuş büst haqqında da məlumat verilib.
Heydər Əliyev Fondu və şəxsən Fondun Prezidenti Mehriban xanım Əliyeva
tərəfindən büstün qoyulması qazaxlılara, ziyalılara olan diqqətin, hörmət və
ehtiramın daha bir nümunəsi kimi qeyd olunub.
Aksiya iştirakçılarının ziyarət etdiyi növbəti ünvan isə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə
tanış olan tur-aksiya iştirakçıları burada şairlərimizin həyat və yaradıcılığı
haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax
zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal muzey haqqında
məlumat verərək bildirib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul
2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham
Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci
mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın
foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır.
İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati
otaqlar, kabinetlər və konfrans zalı vardır.
Facebook-da paylaş