İcra başçısı Kosalar kənd tam orta məktəbində görülən işlərlə maraqlanıb
Hər kəsə yaxşı məlumdur ki, son illər böyük bir
tikinti meydançasını xatırladan Qazaxda görülən işlərin arasında məktəb
tikintisinə də üstünlük verilir. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında
Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin təmirinin əksini tapması da
bu sahədə həyata keçirilən işlərin uğurla davam etdirilməsi deməkdir. Heydər
Əliyev Fondu tərəfindən 5 aydır ki, əsaslı tikintisi sürətlə davam etdirilən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi də bunun
əyani sübutudur. Bu, həm Xalq yazıçısına,
onun yaradıcılığına verilən böyük qiymət, həm də gələcəyimiz olan uşaqlara olan
diqqət və qayğıdır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Kosalar kənd
tam orta məktəbində olub, görülən işlərlə maraqlanıb. Rayon rəhbərinə tam yekunlaşan işlər barədə məlumat
verilib ki, istər əsas binanın, istərsə də keçidlərin dam örtüyü vurulub.
Üçmərtəbəli binanın hər üç mərtəbəsində suvaq və astar üzlük vurulması işi tam
yekunlaşıb. 2-ci və 3-cü mərtəbələrdə alçipan vurulması işi də başa çatıb. Pəncərələrin
qoyulması və məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) bitib. Qeyd edilib ki, hazırda binanın xarici fasadında suvaq
vurulması işinin xeyli hissəsi yerinə yetirilib. Oyun meydançasında isə
ərazinin düzləşdirilməsi işləri görülür. Akt zalı, yeməkxana və idman zalında da
işlər eyni templə davam etdirilir. Bundan əlavə, məktəb binasının arxa
hissəsində iki ədəd həcmi 163 kubmetr olan yanğından mühafizə, bir ədəd
həcmi 100 kubmetr olan içməli su hovuzu, nasosxana, qazanxana üçün özül hissə
tökülüb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyi
nəzərə alınaraq məktəbin həyətində arxa hissədə əlavə güləş məktəbinin inşası uğurla
həyata keçirilir. Belə ki, qazanxana ilə yanaşı güləş məktəbində də hörgü
işlərinə başlanılıb. GOYEZEN.AZ
Facebook-da paylaş