Prezident İlham Əliyev: Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib
Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib, o cümlədən söz
azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı.
Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə
azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi
ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin
mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl
şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya
miqyasında aparıcı yerlərdədir.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham
Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 90-cı
kitabında yer alan bu fikirləri dövlətimizin başçısı VI Bakı Beynəlxalq
Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.
Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti
kitabındakı materiallar 2018-ci ilin oktyabr-noyabr aylarını əhatə edir.
Çoxcildiyin 90-cı kitabında Prezident İlham Əliyevin Türkiyəyə işgüzar
səfəri çərçivəsində İzmir şəhərində "Star” Neft Emalı zavodunun açılış
mərasimində çıxışının mətni, Belarus Respublikasına rəsmi səfəri haqqında
materiallar yer alıb. Nəşrdə Azərbaycan Prezidentinin İtaliya, Rusiya, ABŞ,
İsveçrə, Mərakeş, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəsmi
nümayəndələrini, habelə VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün
paytaxtımıza gəlmiş yüksəkvəzifəli şəxsləri qəbul etməsinə dair informasiyalar
da verilib. Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti
Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində
həllinə dəstək verməyə çağırıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin Lerik, Qax rayonlarına, Şəki,
Sumqayıt şəhərlərinə səfərləri zamanı iqtisadi, sosial, mədəni infrastruktur
obyektlərinin, eləcə də Ağdam rayonunda Muğam Mərkəzinin açılış mərasimlərində
çıxışlarının, İmişlidə "ASAN həyat” Kompleksinin açılışı zamanı robot "Sofiya”
ilə söhbətinin mətnləri ilə tanış ola bilər. Söhbət zamanı "ASAN xidmət”i
Azərbaycanın milli brendi adlandıran Prezident deyib: "Bu gün Azərbaycanın
təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual
məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq
istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN”ın təkcə Azərbaycanda yox,
bütün dünyada parlaq gələcəyi vardır”.
Nəşrdə dövlətimizin
başçısının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş
mərasiminin, V Bakı Beynəlxalq Teatr Konfransının, Azərbaycan Gənclərinin VIII
Forumunun iştirakçılarına məktubları və digər məktublar toplanıb.
Kitabda "Qeydlər”,
"Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən
buraxılan 90-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş