Gəncə-Qazax istiqaməti üzrə “Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş Qazaxdan start götürüb
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi
Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı
ilə "Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş Qərbin qapısı
sayılan Qazaxdakı Şəhidlər xiyabanından start götürüb. Şəhərin mərkəzində Vətən uğrunda canından keçən qəhrəman oğul və
qızlarımızın əziz xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında keçirilən tədbirdə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, AQMƏVŞA
İctimai Birliyinin respublika üzrə sədr müavini Şura Musayev, Gəncə
Qarnizonu Zabitlər Evinin əməkdaşları ehtiyatda olan polkovnik Nazim
Əhmədov, gizir Asif Zeynalov, operator Seymur Namazov, Qarabağ müharibəsi əlilləri,
gənclər, N saylı hərbi hissənin əsgərləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə
yüksələn Vətən övladlarının, o cümlədən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin Qazax rayon şöbəsinin sədri olmuş mərhum Kamandar Məmmədovun
ruhuna dua oxunub, əziz xatirələri dərin ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü
ilə açaraq qonaqları və yürüş iştirakçılarını, eləcə də bütün qazaxlıları 9
Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edib, xoş
arzularını çatdırıb. AQMƏVŞA İctimai Birliyinin Dövlət Bayrağı Günü münasibətilə
təşkili etdiyi avtoyürüşün Qazaxdan start götürülməsinə görə birliyin rəhbərliyinə
rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Mərdlik, qeyrət simvolu
olan, mədəniyyətin, sazın, sözün beşiyi sayılan, Qərbin qapısı hesab edilən
Qazaxda bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Qazaxda Qarabağ
müharibəsi əlillərinin və veteranlarının hər zaman dövlətə, dövlətçiliyə
sadiqlik nümayiş etdirdiyini qeyd edən icra başçısı onlar tərəfindən vətənpərvərlik
mövzulu tədbirlərin keçirilməsinin ənənə halını aldığını qeyd edib. Onların ürəyində
olan Vətən sevgisini, torpağa olan bağlılıqlarını hər zaman yüksək qiymətləndirdiyini
deyən icra başçısı bu gün hər bir qazaxlının qazilərimizlə fəxr etdiyini,
onlara hörmətlə yanaşdığını söyləyib. Bu gün Qarabağ müharibəsi əlillərinin öz
sağlamlıqlarını itirmələrinə baxmayaraq onlarda ordumuzda olan şücaətin,
torpağa sevginin, bağlılığın, döyüşə hazırlıq səviyyəsinin, düşməni hər an məhv
etmək istəyinin olmasının hər bir vətəndaşda qürur və fəxarət hissi doğurduğunu
diqqətə çatdırıb. Sonda hər bir yürüş iştirakçısına uğurlar diləyən rayon rəhbəri
növbəti belə yürüşləri işğal altında olan torpaqlarımızda, eləcə də Qazaxın
düşmən tapdağında qalan Bağanıs Ayrım, Barxudarlı, Xeyrımlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara və Yuxarı Əskipara kəndlərində
etmələrini arzulayıb.
AQMƏVŞA İctimai
Birliyinin respublika üzrə sədr müavini Şura Musayev çıxış edərək tədbir
iştirakçılarını və Qarabağ müharibəsi əlillərini birliyin sədri Mehdi
Mehdiyevin adından salamlayıb, ən xoş təbriklərini çatdırıb. 9 Noyabr – Dövlət
Bayrağı Gününə həsr olunmuş avtoyürüşün məqsəd və əhəmiyyətindən danışan
Ş.Musayev oktyabrın 3-də Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya
Klubunun XVI illik iclasının plenar sessiyasında ölkə Prezidenti cənab İlham
Əliyevin çıxışı zamanı düşmənə layiqli cavab olaraq söylədiyi "Qarabağ Azərbaycandır!”
ifadəsinə bu gün hər bir azərbaycanlının, o cümlədən də Qarabağ müharibəsi əllilərinin
dəstək olmaq üçün var qüvvələri ilə çalışdıqlarını vurğulayıb. Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə İctimai Birliyin təşkil etdiyi bu
avtoyürüşün də məhz bu məqsədə, amala xidmət etdiyini qeyd edib. Vətənpərvərlik
ruhlu bu yürüşün 3 istiqamət üzrə təşkil olunduğunu bildirib. Birinci istiqamət
üzrə Bakı-Hacıqabul-Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər, ikinci istiqamət üzrə Lənkəran-Masallı-Cəlilabad-Bilasuvar-Beyləqan, üçüncü istiqamət üzrə isə Qazax-Ağstafa-Tovuz-Şəmkir-Gəncə şəhər və rayonlarını əhatə etdiyini söyləyib. Ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında xalqımızın dəstəyi və qüdrətli ordumuzun gücü
sayəsində tezliklə işğalda olan torpaqlarımızın azad ediləcəyini və növbəti belə
yürüşlərin o torpaqlara təşkil olunacağını bildirib. O günün elə də uzaqda
olmadığını bir daha diqqətə çatdırıb. AQMƏVŞA
İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini Xasay Balayev, birliyin
üzvü Namiq Alıyev, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin rəhbəri
Gülanə Hüseynova çıxış edərək əlamətdar gün və yürüş münasibətilə səmimi ürək
sözlərini bildiriblər. Gəncə-Qazax istiqaməti üzrə olan yürüşün, bugünkü tədbirin
məhz Qazaxdan başlanmasının heç də təsadüfi olmadığını, bu gün düşmənlə sərhəddə
168 km məsafədə mətin dayanan Qazaxın, qazaxlıların hər zaman bu cür tədbirlərə
ev sahibliyi etməyə hazır olduğunu qeyd ediblər. Bu cür tədbirlərin ilk deyil,
dəfələrlə keçirilməsini, rayon gənclərinin, yeniyetmələrin vətənpərvərlik ruhunda
tərbiyə olunmaları, döyüş əzmində böyümələri üçün belə tədbirlərin tez-tez
keçirildiyini, yürüşlərin təşkil olunduğunu vurğulayıblar. Bugünkü yürüşün məhz
Dövlət Bayrağı Günü münasibətilə keçirilməsini qürur yerimiz, mənliyimiz,
kimliyimiz olan bayrağa olan böyük ehtiram kimi qiymətləndiriblər. Bugünkü
yürüşün Qərbin qapısı sayılan Qazaxdan, xüsusilə də müqəddəs bir məkandan, Vətən
oğullarının, şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanından
başlanmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Sonra tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsinə ucaldılmış
memorial önünə gül dəstəsi düzərək onlara olan ehtiramlarını bildiriblər. Daha sonra yürüş iştirakçıları üzərində "Qarabağ Azərbaycandır!”
şüarı yazılmış və üçrəngli Azərbaycan bayrağı olan, ölkə başçısının onlara hədiyyə etdiyi avtomobillərlə yola düşüblər.
GOYEZEN.AZ
Facebook-da paylaş