Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır
Respublika Prezidenti cənab İlham Əliyevin son
günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı
dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim
təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri,
vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri,
düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr
bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu
siyasətin əsasını hər zaman vətəndaş amili təşkil edir. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət
və qayğısı, onun söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə
yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini
tapmaqdadır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətində Rayon Məşğulluq Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun Qazax
Rayon şöbəsinin və 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının kollektivləri
ilə keçirilən iclasda icra başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr,
bildirilən iradlar bir daha onu göstərdi ki, rayonda vətəndaş amili bundan sonra
da həmişə ön planda olacaq.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq keçirilən
tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Ölkə başçısının son günlər apardığı
kadr dəyişikliyi, yeni təyin olunan dövlət məmurlarını qəbul etməsi, həmin
görüşlər zaman verdiyi tapşırıq və tövsiyələr barədə fikirlərini çatdıran rayon
rəhbəri həmin görüşlər zamanı deyilən sözlərin bu gün hər bir dövlət məmuruna
aid olduğunu bildirib. İcra başçısı həmin görüşlər zamanı ölkə rəhbərinin
vətəndaşlara qarşı necə davranılmalı olduğunu, həmişə onlara həssas münasibət
göstərilməsini, ölkəmizdə şəffaflığın tam təmin olunması üçün rüşvətxorluğa və
korrupsiyaya qarşı barışmaz mövqedə olduğunu dəfələrlə səsləndirdiyini qeyd
edib. İcra başçısı yuxarıda
adları qeyd olunan hər üç sahənin ən həssas və vətəndaşların qayğılarının tam
əhatə olunduğu sahələr olduğunu bildirib. Odur ki, hər bir vətəndaşın
haqlı-haqsız olub-olmamasından asılı olmayaraq onların müraciətlərinə,
istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib
lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə
maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə
olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı
vurğulayıb. Rayon rəhbəri qeyd edib ki,
əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş
amilinin dayandığını söyləyiriksə, biz məmurlar da hər zaman çalışmalıyıq ki,
həmin siyasəti olduğu kimi yerinə yetirək və həmin amilin bütün respublikada ön
planda olduğunu öz əməli işlərimizlə göstərək.
Bugünkü iclasın da əsas
məqsədinin məhz bu amili çatdırmaq olduğunu qeyd edən icra başçısı vətəndaşlara
olan diqqət və qayğının, rayonda bütün sahələr üzrə olan şəffaflığın bundan
sonra da olduğu kimi yerinə yetiriləcəyini bildirib. Vətəndaşlara göstərilən
diqqət və qayğının, səmimi münasibətin kökündə onların məmnunluğunun
dayandığını vurğulayan rayon rəhbəri hər bir vətəndaşın razı qalması üçün hər
bir işçinin böyük səylə çalışmasını söyləyib. Sonda rayon rəhbəri vətəndaş-dövlət
məmuru münasibətinin ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun
şəkildə qurulması üçün tək idarə, müəssisə, təşkilat rəhbərlərinin deyil, bütün
kollektivlərin səfərbər olmalarını qeyd edib və bununla bağlı aidiyyatı üzrə
tapşırıq və tövsiyələrini verib. Verilən göstərişlərdən, söylənilən fikirlərdən
nəticə çıxarmalarını tövsiyə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş