Qazax Rayon Heydər Əliyev Mərkəzində “Sənsən azadlıq eşqim-üçrəngli bayrağım!” başlığı altında tədbir keçirilib
Bayrağımız qürur
mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza
and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə
olduğu kimi, bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət
qoyur. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel
ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı ilin noyabrın
17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət
bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”
Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət
rəmzlərini, o cümlədən, Dövlət Bayrağını bərpa etmişdir. 1998-ci ildə Ulu Öndər
tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət atributlarının
təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən
gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının,
cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət
atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ
olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda
tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar
müəyyən edilirdi. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün də davam
etdirilir. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev də
Dövlət bayrağımızın layiqincə təmsil olunması, bütün dünyada tanınması üçün
məqsədyönlü işlər görür. Ölkə başçısının
rəhbərliyi ilə 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası
Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Bundan əlavə, Respublika
Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının
Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncam bu sahədə
görülən işlərin ən bariz nümunəsidir. Bu Sərəncama əsasən hər il noyabr ayının
9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Günü kimi
məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin
varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut edir. Bununla da
Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi bir ənənənin
əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət
Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: "Bu bayraq bizim milli
dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan
xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu
Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi
mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm
meydanın yaradılması doğrudan da böyük hadisədir”. Respublikamızın bir çox
rayonlarında, o cümlədən, Qazaxda da Dövlət Bayrağı Meydanı salınıb. Hündürlüyü
51 metr olan dövlət bayrağının dalğalandığı həmin meydanda 2016-cı ilin
oktyabrında yenidənqurma, restavrasiya işləri aparılaraq daha müasir görkəmə
gətirilib. Hazırda əzəmətli bayrağımız şəhərimizin bayraq meydanında vüqarla
dalğalanır, hər bir qazaxlıya iftixar hissi yaşadır. Bəli, Azərbaycanın dövlət
atributlarından, dövlətçilik rəmzlərindən biri olan Azərbaycan Respublikasının
Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 9 noyabr tarixi hər
il ölkəmizdə Dövlət Bayrağı Günü kimi böyük təntənə ilə qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu əlamətdar gün münasibətilə
silsilə tədbirlərə start verilib. Bu gün növbəti bayram tədbiri Qazax Rayon Heydər
Əliyev Mərkəzində təşkil olunub. Mərkəzin və N.Vəliyev adına Qazax şəhər 5
nömrəli tam orta məktəbin birgə təşkilatçılığı "Sənsən azadlıq eşqim-üçrəngli
bayrağım!” başlığı altında keçirilən tədbirdə dövlət suverenliyimizin rəmzi,
Azərbaycan Respublikasının Dövlət atributlarından biri olan Milli Bayrağımızın
yaranması tarixinə bir daha nəzər salınıb. Bayraq Gününə həsr olunmuş filmdə
bayrağımızın keçdiyi şanlı yoldan söhbət açılıb. Daim zirvələrdə dalğalansın
deyə uğrunda canlar fəda edilən üçrəngli Azərbaycan bayrağının xalqımız,
millətimiz, dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğu bir daha diqqətə
çatdırılıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş
sözü ilə açaraq Milli Bayrağımızın keçdiyi tarixi və şərəfli yol haqqında geniş
məruzə ilə çıxış edib. Bildirib ki, üçrəngli bayrağımız milli birliyimizin
təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən,
düşmənlərimizi xar edən, qürür yerimiz olan üçrəngli bayrağımız
dövlətimizin varlığını, onun əzəmətini və gücünü bütün dünyada təsdiqləyir. Şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə
Tağıyeva, direktor müavini Yetər Lələyeva, tarix müəllimi Gülarə Müvəssəqi çıxış
edərək bayrağımızın yaranma tarixindən, ölkəmizin qazandığı nailiyyətlərdən söz
açıb, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı səmimi qəlbdən
təbrik ediblər. Bugünkü bayram tədbirində
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da iştirak edərək 9
Noyabr - Dövlət Bayrağı Günü münasibətilə məktəbliləri təbrik edib, müstəqil
Azərbaycanımızın çiçəklənməsi naminə uğurlar arzulayıb. Sonra məktəblilərdən Nuray Budaqovanın, Gülay
Budaqovanın, Gülər Məmmədlinin, Nərmin Abdullayevanın, Salatın Abdullayevanın,
Aysu Məmmədovanın və başqalarının Bayraq Gününə həsr etdikləri şeirləri
dinləyib, ədəbi-bədii kompozisiyaya baxıb. Sonda
uşaqlarla xatirə şəkli çəkdirib.
GOYEZEN.AZ
Facebook-da paylaş