Qazaxda BDU-nun 100 illik yubileyi keçirilmişdir
Resoublika mətbuatı Qazax haqqında Qazaxda Bakı Dövlət Universitetinin
100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. BDU Qazax filialının Heydər
Əliyev auditoriyasında keçirilən yubiley tədbirində Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Bakı Dövlət Universitetinin rektoru Elçin
Babayev, universitetin əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak
edib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin
filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini
yad ediblər. BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov
giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, müəllim və tələbələri Bakı
Dövlət Universitetinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Respublika Prezidenti cənab İlham Əliyevin elmə,
təhsilə, ziyalılara verdiyi yüksək dəyər və qiymətdən söz açan A.Rüstəmov
Qazaxla, ziyalılarla bağlı dövlət başçısının imzaladığı sərəncamların bu gün də
qazaxlılar tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını diqqətə
çatdırıb. 2017-ci ilin 14 noyabrında Bakı Dövlət Universitetinin 100 illik
yubileyinin, 2018-ci ilin 3 noyabrında Qazax müəllimlər seminariyasının 100
illik yubileyinin, 2019-cu ilin 28 yanvarında Xalq yazıçısı İsmayıl Şıxlının anadan
olmasının 100 illiyinin respublika səviyyəsində qeyd olunması ilə bağlı
imzalanmış sərəncamları ziyalıların yüksək qiymətləndirdiyini bildirib.
Yubileylə bağlı keçirilən silsilə tədbirlərin BDU-nun Qazax filialında davam
etdiyini qeyd edən A.Rüstəmov bu tədbirin keçirilməsinə görə universitetin
rektoru Elçin Babayevə müəllimlər və tələbələr adından təşəkkürlərini çatdırıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və
qayğıdan söz açan A.Rüstəmov bu qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam
etdirildiyini qeyd edib. Azərbaycan
Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı,
yüksəkixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət təhsil sisteminin
inkişafına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya rəhbərlik etdiyi filialın müəllim-tələbə kollektivi adından dərin
minnətdarlığını bildirib. Rayon rəhbərinin universitetə hər zaman dəstək
olduğunu qeyd edən A.Rüstəmov bu diqqət və qayğıya, səmimi münasibətə görə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından
təşəkkürlərini çatdırıb. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev
yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar
hadisə münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Rektor Azərbaycanda milli təhsilin əsaslarının
yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax müəllimlər
seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək
seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb. Böyük millətsevər, maarifçi
Firidun bəy Köçərlinin fədakarlığı sayəsində seminariyanın Azərbaycan təhsilinə
saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı
naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib.
100 illik şanlı tarixi bir yol qət edən Bakı Dövlət Universitetinin Azərbaycan
təhsil sisteminin inkişafında oynadığı rolu, həmin ali təhsil ocağının Azərbaycana
bəxş etdiyi ziyalıları qeyd edən rektor universitetin 100 illiyi ilə bağlı
imzalanmış Sərəncamı yüksək dəyərləndirib. Həmin Sərəncamla yubiley
tədbirlərinin silsiləli şəkildə davam etdiyini, ən son noyabr ayında yekun
tədbirin keçiriləcəyini vurğulayıb. Rektor BDU-nun Qazax filialında müəllim və
tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi
nəzərdə tutulan işlərdən də danışıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək tədbir iştirakçılarını salamlayıb, BDU-nun 100 illik yubileyi
münasibətilə hər birini təbrik edib. Bildirib
ki, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və mənəviyyatının
inkişafında mühüm rol oynayan Bakı Dövlət Universiteti 1919-cu ilin
sentyabrında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradıldı. Ölkənin mövcud
vəziyyətində böyük çətinliklərin olmasına, universitetin təşkili əleyhinə
mühafizəkar səslərin ucalmasına baxmayaraq, universitetin yaranmasını
xalqımızın böyük gələcəyi kimi qiymətləndirən ziyalılar öz qərarlarında israrlı
idi. Uzun müzakirələrdən sonra böyük çətinliklə olsa da, 1919-cu il sentyabrın
1-də parlament Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında
Qanun qəbul etdi. İcra başçısı qeyd edib ki, Bakı Dövlət Universitetinin
birinci onillikdəki fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə belə bir həqiqət
aşkara çıxır ki, zamanın keşməkeşlərinə, hakimiyyət dəyişikliklərinə, siyasi
arenadakı ab-havaya baxmayaraq, Universitet öz fəaliyyətini uğurla davam
etdirmiş, respublikanın elm, təhsil və mədəni həyatında, yüksəkixtisaslı milli
kadrların yetişməsində, milli şüurun formalaşmasında, milli ziyalılar ordusunun
daha da mətinləşməsində misilsiz rol oynamışdır. Rayon rəhbəri bildirib ki, Bakı Dövlət Universitetinin
100 il ərzində keçdiyi yolun əsas və olduqca zəngin mərhələlərindən biri
Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı
mərhələdir. Bilavasitə ulu öndər Heydər Əliyevin
adı ilə bağlı olan bu mərhələ bir çox cəhətdən əlamətdar olmuş, böyük
hadisələrlə dolu olan bir mərhələ kimi universitetin tarixində dərin izlər
qoymuş, onun fəaliyyətinə yeni müstəqilliyin ab-havasını gətirmişdir. ÜmummilliLider Heydər Əliyev bu təhsil ocağını yüksək
qiymətləndirərək demişdir: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının,
Azərbaycan Respublikasının milli sərvətidir”. Bu fikri əsas götürərək deyə
bilərik ki, həqiqətən, Bakı Dövlət Universiteti ölkə həyatının bütün sahələrinə
öz təsirini göstərmiş, elm sahələrinin inkişafında əvəzsiz rolu olmuşdur.
2019-cu il noyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət
Universitetinin 100 ili tamam olur. Həmin yubileyin ölkə miqyasında qeyd
olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında 14 noyabr 2017-ci il
tarixli Sərəncam imzalanmış, tarixi yubileyin keçirilməsi ilə bağlı dövlət
qurumlarına müvafiq tapşırıqlar verilmiş, Nazirlər Kabinetinin 1 may 2018-ci il
tarixli Qərarı ilə yubileyə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmiş, bu
istiqamətdə tədbirlərin gerçəkləşməsinə start verilmişdir. Rayon rəhbəri vurğulayıb ki, ölkənin ən nüfuzlu
universitetinin Bakı Dövlət Universitetinin Qazax filialının regional ali
təhsil müəssisəsi kimi oynadığı rol və şəffaf fəaliyyəti göz önündədir. 29 aprel 2016-cı ildən ölkə Prezidenti cənab İlham
Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyət
göstərən təhsil müəssisəsində hazırda 17 ixtisas üzrə respublikanın 63
rayonundan 1480 tələbə təhsil alır. Bu il ilk dəfə olaraq 4 ixtisasa magistr
qəbulu aparılıb. Tədbirdə Riyaziyyat və informatika kafedrasının müdiri
Hüseyn Xəlilov, tələbə Səbinə Camalova çıxış ediblər. Sonda filialın direktoru Arif Rüstəmova uzunmüddətli
səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə
və 60 illik yubileyi münasibətilə Universitetin rəhbərliyi tərəfindən Fəxri
Diplom təqdim olunub. Bakı Dövlət Universitetinin yeni bayrağı isə filiala hədiyyə edilib. Həmçinin
bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor
tərəfindən qiymətli hədiyyələr verillib. Vəli VƏLİYEV, 4 oktyabr 2019-cu il
"Respublika” qəzetinin bölgə müxbiri
Facebook-da paylaş