• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda tütün də yetişdirilir, taxıl da, çiyələk də...

Respublika mətbuatı Qazax haqqında 


Yazının sərlövhəsində bu kənd təsərrüfatı məhsullarından başqa digər məhsulların da adlarını sadalasaydım, yəqin ki, onu, yalan olmasın, on dəqiqəyə oxuyub qurtarmaq olmazdı. Çünki indi Qazaxda yetişdirilməyən məhsul yoxdur. Bu rayon son illər çox dəyişib. Özü də təkcə sərhəd rayonunun xarici görünüşü deyil, həm də iqtisadiyyatı, mədəniyyəti, səhiyyəsi, təhsili və digər sosial sahələri yeniləşib. Əslində, sadaladığımız bu sahələrin hər biri geniş yazı mövzusudur. Yəni, nə qədər müsbət fakt varsa, həmin sahələrin işində açıq-aşkar hiss olunur.

Kənd təsərrüfatının inkişafı isə xüsusilə diqqəti cəlb edir və Qazaxa son illərdə yolu düşməyən adamların heyrətinə və təəccübünə səbəb olur: "Nə? Tütün? Kartof? Çiyələk?...”. Səmimi deyirəm və bilirəm ki, qazaxlılar bundan inciməz. Yayda da, qışda da yolum nə vaxt Qazaxa düşürdü, ucu-bucağı görünməyən boş torpaq sahələrində nə bir texnikaya, nə bir kimsəyə rast gəlmək mümkün deyildi və istər-istəməz düşünürdüm: "Deyəsən, qazaxlılar qonşu rayonların adamları ilə müqayisədə nisbətən tənbəldirlər...”. Hətta bu fikrimi başqaları ilə bölüşəndə "Qazax, adətən, ziyalılar rayonudur”, deyə bir cavab alırdım. Bəli, bu, bir danılmaz faktdır ki, Qazax həmişə şairləri, yazıçıları, sənət adamları, digər tarixi şəxsiyyətləri ilə tanınıb. Amma, bu, o demək deyil ki, min hektarlarla torpaq sahələri boş qalmalıdır, fərdi pay torpaqları əkilməməlidir, heç kim əlini ağdan-qaraya vurmamalıdır...

İndi, xüsusilə, son 3-4 ildə nəinki o fikrimdən birdəfəlik daşınmışam, həm də artıq müqayisə, təhlil aparmağa başlamışam. Niyə o biri rayonda çiyələk əkilmir, Qazaxda əkilir? Torpağı, adamları, imkanları Qazaxdan da çox... Əslində, çox sevindirici bir məqamdır. Qazax artıq kənd təsərrüfatının inkişafı ilə də əməlli-başlı seçilməyə başlayıb, hətta nümunə göstərilir. Doğrudur, bir çoxu bunu rayonun yeni rəhbərliyinin adamları torpağı əkib-biçməyə həvəsləndirməsi, onlar üçün hər cür şərait yaratması, neqativ halların kökünün kəsilməsinə nail olması ilə əlaqələndirir. Əslində, bu amili danmaq insafsızlıq olardı. Rəcəb Babaşov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan vaxtdan bu günə kimi hər gün, adamların yanındadır. Təsərrüfatlarına gedir, işləri, problemləri ilə maraqlanır, başlıcası isə kömək göstərir, həvəsləndirir, su, texnika məsələlərini həll edir, rayona lazımi dərman preparatları gətirilməsinə nail olur. Amma bütün bunlara baxmayaraq, rayon rəhbəri əhali ilə hər görüşdə, müşavirədə, qəbullarda, fərdi söhbətlərdə dönə-dönə qeyd edir ki, kənd təsərrüfatının inkişafı, adamların yenidən torpağa, əkib-becərməyə həvəs göstərməsi cənab Prezidentimizin apardığı məqsədyönlü aqrar siyasətin, islahatların nəticəsidir. Elə sadə adamlar da rayon rəhbərinin fikirləri ilə tam razıdırlar və özlərinin etiraf etdiyi kimi, "bizim əlimizi çörəyə çatdıran Prezidentimizdir” fikrini addımbaşı onların dilindən eşitmək mümkündür. Qazaxda bir fermer dönə-dönə xahiş etdi ki, adını çəkməyim. Dedi ki, torpaq başlı-başına ona görə buraxılmışdı ki, texnikaya yaxın düşmək mümkün deyildi. Çatışmayan texnikadan da bəzi işbazlar qazanc əldə etmək üçün "qiymət oxuyurdular”. Ziyanvericilərə qarşı dərman almaq üçün üstündə bir "şapka” da istəyirdilər. İndi texnikamız da var, dərmanımız da, suyumuz da...

 

Fermerin söhbəti mənə ölkə Prezidenti İlham Əliyevin bu il iyul ayının 31-də keçirdiyi müşavirədə dediyi aşağıdakı sözləri xatırlatdı: "Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”. ... Artıq sübut olunub ki, Qazaxda torpağa nə əksən, bitəcək. Sadəcə, bir qədər zəhmət çəkməlisən, təşəbbüskar olmalısan, nəyin səmərə verəcəyini, nəyin faydalı olmayacağını bilməlisən. O gün "Göyəzən.az” saytının (bu sayt özünün operativliyi, rəngarəng yazıları ilə seçilir) bir məlumatında oxuyuram ki, Rayon İcra Hakimiyyətinin başçısı Qazax sakini Nüsrət Aşırovun yeni yaratdığı çiyələk sahəsində olub, görülmüş işlərlə maraqlanıb. Təsərrüfat rəhbəri deyib ki, ilk dəfədir bu cür məhsul becərmək qərarına gəlib və bu məqsədlə də Çaylı kəndi ərasizində 4 hektar ərazidə çiyələk sahəsi salıb. Maraqlıdır ki, fermer çiyələk haqqında bütün elmi-praktiki biliklərə malik olduğunu nümayiş etdirib. Qeyd edib ki, bu gün istehlakçıların ən çox maraq göstərdiyi giləmeyvələrdən biri olan çiyələyin dünya bazarında xüsusi yeri var. O, məhsuldarlığı daha yüksək, saxlama müddəti çox, süfrəlik və mürəbbəlik olan, İspaniyadan gətirilən "Albion” sortu barədə ətraflı məlumat verib. N.Aşırov çiyələk şitillərinin ötən ilin avqust ayında əkildiyini, 1 hektara təxminən 50-55 min ədəd şitil köçürüldüyünü vurğulayıb. Əkilən şitillərin 4 il məhsul vermək qabiliyyətinə malik olduğunu, 1 şitildən birinci il 700-800 qram, ikinci il isə 1 kiloqramdan da çox məhsul götürüləcəyini söyləyib. Təsərrüfat sahibi yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və xüsusi qulluq göstərildiyini vurğulayıb. Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya həm qənaət edilir, həm də su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlanmır, yumşaq qalır, beləliklə də alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. N.Aşırovun sözlərinə görə, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır. Təsərrüfat rəhbəri qeyd edib ki, bu çiyələk sortunun üstün cəhətlərindən biri də odur ki, ilin bütün fəsillərində məhsul götürmək olur. Aprel ayından çiyələk dəriminə başlanıldığını bildirən N.Aşırov hava şəraiti yaxşı olarsa, dərimin noyabr ayına kimi davam edəcəyini deyib. Məlumat verilib ki, sahədən hər gün 250-300 kiloqram çiyələk dərilir. Dərim zamanı burada 20 nəfərə yaxın işçi çalışır.


N. Aşırov: "Bazarda alıcılıq qabiliyyəti də yaxşıdır. Sağ olsun ölkə başçımızı, bu imkanları o, bizə yaradıb. Yaxşı dolanıram, gəlirimdən razıyam. Ona görə də gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırıram. Bir vaxtlar bütün bunlar bizə yuxu kimi gəlirdi. İndi görürük ki, ölkəmizdə kənd təsərrüfatı necə sürətlə inkişaf edib. Meydanlarda çərənləyənlər, əllərini ağdan-qaraya vurmayanlar xəcalət çəksinlər. Bizim ölkədən, bizim Prezidentimizdən yaxşı ünvan, yaxşı ad tanımıram. Atalarda bir məsəl var: "Aşıq gördüyünü çağırar”. Mən ki, bunları görürəm, həyatımda hiss edirəmsə, sənin şərböhtanın keçməz axı, ay "həqiqət carçısı”!...

Yuxarıda qeyd etdik ki, Qazaxda kənd təsərrüfatının bütün sahələri inkişaf edib. Qəzetimizdə vaxtaşırı yazılar vermişik. Kartofçuluğun, baramaçılığın inkişafından, əldə edilmiş nailiyyətlərdən söz açmışıq. Elə sahələr var ki, yalnız son illər inkişaf etməyə başlayıb və onlardan biri də tütünçülükdür. Adamlar artıq gəlir götürməyə başlayıblar. Belə olmasaydı, tütün sahələri ilbəil artırılmazdı. Təsəvvür edin ki, üç il qabaq ilk dəfə cəmi 10 hektar sahədə tütün yetişdirildiyi halda, hazırda bu rəqəm 65 hektara çatdırılıb. Ölkə başçısının 10 avqust 2017- ci il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” rayonda bu sahəyə diqqətin artırılmasına bir təkan oldu. İki il qabaq 50 hektar sahədən 80 tondan çox məhsul əldə olunmuşdusa, keçən il 98 tona yaxın qurudulmuş tütün tədarük edilərək "İlham-M” MMC-yə təhvil verilib. Böyük potensiala malik, iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülük həm də rayonda yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cari ildə rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində 65 hektar sahədə tütün əkilib. Tütünçülər bu il keçən ildəkindən də çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq xeyli müddətdir ki, tütün dəriminə başlanılıb. Kəndlilər tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Bu günə kimi 125 tondan çox ton yaş tütün tədarük olunub.


Ermənistanla 168 kilometr sərhəddi olan, mənfur düşmənlə üzbəüz dayanan bir rayonda digər sahələr kimi, kənd təsərrüfatının da bu qədər inkişaf etdirilməsi ikiqat fərəh doğurur. Bu, qazaxlıların torpağa nə qədər bağlı olduğunu bir daha sübut edir. İndi hamı işdən-gücdən danışır, yetişdirdiyi məhsulla fəxr edir, biznes planlarını yaxınları ilə bölüşür. Qazax bu gün biznes mühitinə bürünmüş bir rayona çevrilir. Bu günlərdə ölkə Prezidentinə ünvanlanmış bir məktubu olduğu kimi dərc edirik:

"Çox hörmətli cənab Prezident!

Sizin sərəncamınız əsasında icra edilən və mühüm sosial layihələrdən biri olan özünüməşğulluq proqramında biz də iştirak etdik. Hər birimizin ideyasına uyğun olaraq təsərrüfat şəraitimizə baxış keçirildi və təlim kursuna cəlb olunduq. Təlim kursunu bitirdikdən sonra qiymətləndirmədən uğurla keçərək biznes planımıza uyğun aktivlərlə təmin edildik. Verilən aktivlərin kəmiyyət və keyfiyyətindən çox razıyıq.

Cənab Prezident, bu məktubu yazmaqla Sizə minnətdarlığımızı bildirmək istəyirik. Siz hər bir ucqar kənddə yaşayan Azərbaycan vətəndaşının qayğısına qaldığınızı bir daha sübut edərək, biz aztəminatlı ailələri sevindirdiniz, bizə öz ailə təsərrüfatımızı qurmaq üçün şərait yaratdınız. İnanırıq ki, özünüməşğulluq proqramı nəticəsində Azərbaycanda işsizlik qısa müddətdə tamamilə ləğv olunacaq, bir ideyası olan hər hansı işaxtaran öz ailə təsərrüfatlarını yaradaraq daha çox gəlir əldə edəcək.

Cənab Prezident, biz hər birimiz öz ailəmiz adından Sizə təşəkkür edir və Azərbaycanımızın daha da inkişafı üçün həyata keçirdiyiniz işlərinizdə uğurlar arzulayırıq. Allah Sizi və doğmalarınızı qorusun!

Hörmətlə,

Lahıcov Qorxmaz Zahid oğlu, İbrahimov Firudin Nizami oğlu, Vəliyeva Gülnar Vəlixan qızı, Məmmədova Pərvanə Rafiq qızı və başqaları.

Azərbaycan Respublikası, Qazax rayonu” ...

Qazaxda kimi danışdırsan bu cür fikirlər söyləyəcək, razılığını bildirəcək, yenicə tikib başa çatdırdığı kürsülü evini, aldığı təzə maşınını göstərəcək, gələcək planlarından danışacaq. Təbii ki, çatışmazlıqlar da var, narazı qalan da, gileylənən də. Lakin bunlar çox azdır. Lap dəryada damla kimi. Tezliklə o damla da dəryanın qoynunda itib batacaq, əriyəcək, sular tam durulacaq. Çünki adamlar firavan yaşamağa başlayıb və bunu onlara bəxş edənlərə minnətdardırlar...

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri

22 sentyabr 2019-cu il




Facebook-da paylaş