“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim
vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar. Bütün beynəlxalq hüquq
normalarını pozan Ermənistan vəhşilik törədib. Erməni faşizminin yırtıcı sifəti
bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam
əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm
beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim
tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili
ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da
güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz
vardır.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki,
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış
87-ci kitabında yer alan bu fikirlər 2018-ci il mayın 24-də Qaradağ rayonunda
məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılış
mərasimində dövlətimizin başçısının çıxışından götürülüb.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına
məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin may-iyun
aylarını əhatə edir.
Kitabda Prezident İlham
Əliyevin Əskişəhərdə TANAP-Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi
münasibətilə təntənəli mərasimdə iştirakına, Rusiyaya işgüzar səfəri, habelə
Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı apardığı danışıqlara,
imzalanan sənədlərə dair informasiyalar toplanıb.
Nəşrdə Azərbaycan
Prezidentinin Niderland, Fransa, Böyük Britaniya, ABŞ, İran və digər
dövlətlərin, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və
digər nüfuzlu qurumların ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi
haqqında materiallar da yer alıb.
Azərbaycan Prezidentinin
bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həlli yolları prioritet kimi qaldırılıb.
Çoxcildliyin 87-ci
kitabına dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
100 illik yubileyi münasibətilə təşkil olunmuş qəbulda, Azərbaycan Silahlı
Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda,
Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində və digər
mühüm tədbirlərdə nitq və çıxışlarının mətnləri toplanıb.
Oxucu bu nəşrdə
Azərbaycan Prezidentinin "Heydər Əliyev: şəxsiyyət, missiya, irs” tarixi sənədli
sərginin, "Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr”
beynəlxalq konfransının iştirakçılarına məktubları və digər rəsmi sənədlər ilə
tanış ola bilər.
Prezident İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına, Goranboy rayonuna, Naftalan şəhərinə
səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin
açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair
materiallar da bu kitaba daxil edilib.
Kitabda "Qeydlər”,
"Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən
buraxılan 87-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş