Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazaxda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına
əsasən, dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Bu gün Vergilər nazirinin müavini
Sahib Ələkbərov Qazax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində
Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul başa çatdıqdan sonra Vergilər
nazirinin müavini Sahib Ələkbərov və nazirliyin əməkdaşları Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanını ziyarət ediblər. Memorial önünə tər qərənfillər düzərək Vətən
övladlarına olan ehtiramlarını bildiriblər.
Vətən torpaqlarının azadlığı uğrunda
canından keçmiş şəhidlərimizin şəkli və adları əks olunmuş lövhə önündən keçən
qonaqlara xiyabanda görülmüş abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, Qazax şəhərindəki
Şəhidlər xiyabanı 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra "20
Yanvar" şəhidlərinin xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun
olaraq "Şəhidlər xiyabanı" abidə kompleksində yenidənqurma işlərinə
başlanılıb və 19 yanvar 2012-ci il tarixdə istifadəyə verilib. 2017-ci ildə isə
xiyabanda yenidən əsaslı təmir işləri aparılıb, şəhidlərin adı və şəkli əks olunmuş lövhələr
vurulub. Xiyabanda dekorativ gül kolları əkilib, şəhidlərimizin adına layiq
hala gətirilib. Qeyd olunub ki, bu gün Qazax rayonunun 287 nəfər şəhidi var ki,
onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bildirilib ki, bu gün rayonumuza
ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana
baş çəkir, memorial önünə tər çiçəklər düzərək, igid oğullarımızın şəkli əks
olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər
mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar
alır, onlarla bir daha qürur duyurlar.
Şəhidlər xiyabanında aparılan
abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən nazir müavini bu xiyabanın
şəhidlərimizin əziz xatirəsinə olan ən böyük ehtiram kimi dəyərləndirib. Şəhidlərimizin
xatirəsinin hər zaman əziz tutulduğunu vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş