Aprel şəhidinin adı ata ocağında dünyaya gələn körpəyə qoyuldu
Öz qələbə əks-sədası ilə Azərbaycanın
hərb tarixinə şanlı zəfər yürüşü kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri ordumuzun ilk qalibiyyət, zəfər salnaməsidir. 4 günlük Aprel
döyüşlərindən 3 il ötsə də, həmin tarixi qələbəni bizlərə bəxş edən və bu yolda
şəhid olan mərd oğullarımız qəlbimizdə daim yaşayırlar. Bu döyüşlər zamanı Qazax rayonunun da 3
nəfər igid oğlu-Fərəhli kəndindən kapitan Mühüd Orucov, Yuxarı Salahlı
kəndindən baş leytenant Elvin Namazov və Aslanbəyli kəndindən əsgər Orxan
Əliyev də şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha sübuta
yetirdilər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından
keçən bu igid oğullarımızın xatirəsi daim qəlblərdə yaşayır, onların doğum
günləri, anım mərasimləri qeyd edilməklə xatirələrinə ehtiram göstərilir. Bu
günlərdə Aprel döyüşlərində şəhid olmuş Elvin Namazovun doğum günü də böyük
təntənə ilə qeyd edilmişdir. Qədirbilən qazaxlılar onun doğulub boya-başa
çatdığı Yuxarı Salahlı kəndinə toplaşaraq şəhidə ehtiramlarını göstərmişlər.
Qəhrəmanların əməllərindən söhbət açmış, hər bir azərbaycanlıya örnək olacaq
fədakarlıqlarından danışmışlar. Tədbirdə qeyd olunmuşdur ki, indi şəhid Elvin
Namazovun ata yurdunda daha bir oğul dünyaya göz açmışdır. Onun yeni doğulmuş
qardaşı oğluna şəhid Elvinin adı qoyulmuşdur. Adqoyma münasibətilə keçirilən
mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin
deputatı Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, eləcə də rayon ictimaiyyətinin
nümayəndələri iştirak etmişdilər. Aprel döyüşlərində şəhid olmuş mərd
oğullarımızın ruhuna dualar oxunduqdan sonra çıxış edənlər yeni doğulmuş
körpəyə əmisi kimi igid və vətənpərvər olmağı arzulamışlar. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin
diqqət və qayğısı sayəsində gündən-günə qüvvətlənən ordumuzun qazandığı
nailiyyətlərdən söz açmışdır. Qeyd etmişdir ki, Aprel döyüşləri bizi
Dağlıq Qarabağa bir qədər də yaxınlaşdırmaqla yanaşı, böyük qələbəmizə aparan
şanlı yolun başlanğıcını qoydu. O yolu qət edən oğullarımızla bu gün fəxr
edirik. Elvin Namazov 1990-cı ilin sentyabr
ayında Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-ci ildə orta
məktəbi bitirdikdən sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci
ildə həmin məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə Azərbaycan Silahlı
Qüvvələrinin Təlim və Tədris Mərkəzində birillik kursdan keçmiş və "N”
saylı hərbi hissədə xidmətə başlamışdır. Bir qədər sonra hərbi hissədə
kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə ona baş leytenant
hərbi rütbəsi verilmişdir. 2016-cı il aprelin 3-də Tərtər istiqamətində gedən
döyüşlərdə erməni təxribatının qarşısını alarkən şiddətli atışmada
qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-da doğulub boya-başa çatdığı Qazax
rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən
sonra Elvin Namazov göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham
Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "Vətən uğrunda” medalı
ilə təltif olunmuşdur. Qədirbilən qazaxlılar onun adını əbədiləşdirmək
məqsədilə rayon mərkəzində bulaq kompleksi ucaltmışlar. Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Fondunun maliyyə yardımı ilə "Vətən üçün hazır ol!” layihəsi çərçivəsində
çəkilmiş "Qarabağa doğru” sənədli filmində baş leytenant Elvin Namazov
haqqında da ətraflı bəhs olunmuşdur. Mərasimdə Elvinin, eləcə də digər igid
oğullarımızın şücaətindən söhbət açılmışdır. Şəhidin atası Məmməd Namazov çıxış
edərək dövlətin belə ailələrə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq etmiş,
bu gün bu ocaqda dünyaya göz açan körpəyə oğlu Elvinin adının qoyulması
mərasimində iştirak edən bütün insanlara təşəkkürünü bildirmişdir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 20 sentyabr 2019-cu il
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş