Qazaxda növbəti səyyar görüş şəhər sakinləri ilə keçirilib
Bu gün ölkə başçısı
İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq şəhərin Əliağa Şıxlinski küçəsində
yerləşən 4,5 saylı binalarda, eləcə də həmin küçə ətrafında yaşayan sakinlərlə
səyyar görüş keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan,
əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində görülən işlərdən söz açılıb.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi
ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən danışan icra başçısı
şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən
məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da
vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə
yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında
məsələ qaldırmaqdır.
Rayon rəhbəri görüşdə Respublika
Prezidentinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması məqsədilə
iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamlardan
da söz açıb. Sosial paketin icrası ilə bağlı imzalanmış Sərəncamları, həmin Sərəncamlardan
irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini ölkə vətəndaşlarına olan
diqqət və qayğı kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların
əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan
250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını,
istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının
müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının
yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib.
Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini
gənclərə olan ən böyük dəstək kimi qeyd edib.
Görüşdə son illər
ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində işsizliyin aradan qaldırılması
istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən də danışılıb. Qazaxda istər
şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışı nəzərdə tutulan
obyektlərin rayonda işsizliyin minimuma endirilməsində mühüm rol oynadığı
vurğulanıb. Açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça
müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun,
İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən
Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə
verildikdən sonra xeyli sayda insanın iş yeri ilə təmin olunması kimi
qiymətləndirilib. Bundan başqa, su-kanalizasiya xəttinin və
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını
işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərilib.
Son 3 ildə Qazaxda bütün
sahələr üzrə uğurlu nəticələrin əldə olunduğunu qeyd edən icra başçısı rayonda
kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan sahələrin -
baramaçılığın, tütünçülüyün, kartofçuluğun inkişaf etdirildiyini vurğulayıb.
Hazırda rayonda görülən
işlərdən söhbət açan rayon rəhbəri buna misal olaraq su-kanalizasiya sisteminin
yenidən qurulmasını, 10 korpusdan ibarət 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının
qalan 5 korpusunda aparılan son tamamlanma işlərini göstərib.
Çoxmənzilli yaşayış
binalarında görülən işlərdən danışan rayon rəhbəri vətəndaşların müraciətlərinə
əsasən bu gün balansda olan 163 binadan artıq 140-a yaxın binanın əsaslı təmir
olunduğunu və bu sahədə görülən işlərin sürətlə davam etdirildiyini bildirib.
Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz
olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması
üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan söz açan icra başçısı bu
sahədə görülən işlərin geniş miqyas aldığını vurğulayıb. Rayonda olan 25 uşaq
bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasını
bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd
edib ki, bu gün şəhərdə 6 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, hər
biri günün tələblərinə cavab verən səyiyyəyə çatdırılıb.
Son illər ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban Əliyevanın təhsil sahəsinə olan yüksək diqqət və qayğısı sayəsində
paytaxt Bakıda, eləcə də bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən
danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib. Bu il ali və orta ixtisas
məktəblərinə 335 nəfər məzunun qəbul olmasını, 15 nəfərin 600 baldan, 33
nəfərin 500 baldan yüksək nəticə göstərməsini həmin uğurun əyani sübutu kimi
qiymətləndirib.
İcra başçısı Prezident İlham Əliyevin qazaxlılara verdiyi dəyəri
özündə əks etdirən Sərəncamlardan da söz açıb. Qazax Müəllimlər Seminariyasının
100 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanmış 3 noyabr 2018-ci il
tarixli Sərəncamın Qazax təhsilinə, elminə verilən ən böyük qiymət olduğunu
qeyd edib. İcra başçısı 2019-cu ilin də əlamətdar hadisə ilə yadda qaldığını
vurğulayıb. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd olunması
ilə bağlı imzalanmış 28 yanvar 2019-cu il tarixli Sərəncamı, daha sonra görkəmli
ədibin adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin
istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir olunmasını qazaxlı ziyalılara verilən ən böyük dəyər kimi qiymətləndirib.
İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb tikintisindən də
söz açıb. 5 illik proqramda Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin
əksini tapdığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan daha bir məktəbin
- Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin də Fond tərəfindən əsaslı
tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə başlanılacağını
vurğulayıb.
Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha
daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu
ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə
də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət
bildirərək xüsusi diqqət ayırmalarını bildirib.
Sakinlərdən Qəməd Qasımov,
Dilbər Məhərrəmova, Xəyalə Əzizova, Müqabil Musayev, Hürmələk Məmmədova, Rabiyə
Alıyeva, Xanım Mahmudova, Sahibə Sarıyeva, Tükəzban Mustafayeva çıxış edərək onlarla
mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon
rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda görülən işlərdən
danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan binalardan da yan
keçmədiyini bildiriblər. Ə.Şıxlinski
küçəsində, "Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış
binalarında, həmin küçədə yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun
yataqxanası olan "Oxumaq-oxumaq” adlanan binada əsaslı təmir işlərinin
aparılmasını, xüsusilə də evə ehtiyacı olan insanlara həmin binada yaşamaq üçün
şərait yaradılmasını bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd
ediblər. Çıxış edənlər ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş
amilinin bu gün Qazaxda olduğu kimi icra olunmasını vurğulayaraq onlara olan
səmimi münasibətə görə rayon rəhbərliyinə bütün
bina sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident
İlham Əliyevə binada yaşayan sakinlər adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında
keçən görüşdə sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz
açıblar. Vətəndaşların işlə təmin olunma, yaşadıqları binanın tüstü bacasının təmizlənməsi və digər məsələlərlə
bağlı müraciətlərini dinləyən rayon rəhbəri hər bir
məsələyə diqqətlə baxılacağını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş