Qazaxda şəhərin su-kanalizasiya sisteminin çəkilişi ilə əlaqədar növbəti iclas keçirilib
Artıq 6 aydır ki,
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası həyata keçirilir.
Belə ki, podratçı təşkilat tərəfindən əraziyə lazımi texnika və avadanlıqlar,
mal-material ehtiyatları tədarük edilərək küçələrdə su və kanalizasiya
xətlərinin tikintisi paralel olaraq aparılır. Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov su-kanalizasiya xəttinin çəkilməsinə başlanılan ilk gündən bu sahəni
daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq görülən işlərlə maraqlanır.
Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən
qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması
məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən,
ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması da məhz icra
başçısının bu sahəyə xüsusi həssaslıqla yanaşmasının əyani göstəricisidir.
Bundan əlavə, çəkilişlərə başlanılan andan mütəmadi olaraq görüşlərin,
iclasların keçirilməsi bu sahənin daim diqqət mərkəzində olmasından xəbər
verir.
Bu gün də Qazax Rayon İcra Hakimiyyətində şəhərin
su-kanalizasiya sisteminin çəkilişləri ilə əlaqədar görülmüş işlərə dair növbəti
iclas keçirilib. Komissiya üzvlərinin və aidiyyəti şəxslərin iştirak etdiyi
iclasda bu günə kimi həyata keçirilən işlərdən, su və kanalizasiya xətti
çəkilmiş küçələrdəki mövcud vəziyyətdən söhbət açılıb, görülmüş işlər və
yaranmış narahatlılqar müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını rayon
ictimaiyyəti, ağsaqqallar və ziyalıların bu gün də razılıq hissi ilə
qarşıladıqlarını qeyd edib və ölkə başçısı İlham Əliyevə bütün sakinlər adından
bir daha öz dərin minnətdarlığını bildirib.
Rayon rəhbəri qeyd edib ki, həmişə olduğu kimi,
bugünkü iclasın da əsas məqsədi su-kanalizasiya xəttinin çəkilişi ilə bağlı
görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olmaq, işlərin keyfiyyəti ilə
maraqlanmaqdır. İcra başçısı qeyd edib ki, bu gün rayon sakinlərini narahat edən bir sıra məsələlər
var ki, su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar şəhərin
prospekt və küçələrində aparılan monitorinq zamanı öz əksini tapmışdır. Bugünkü
iclasın da əsas məqsədi həmin nöqsanları qeyd edərək iclas iştirakçıları tərəfindən
müzakirə etməkdir. Çəkilişlə əlaqədar olaraq qazıntı işləri aparılan zaman köhnə
su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsi,
aparılan qazıntı işlərinin kənarında xəbərdaredici nişanların olmaması,
kanalizasiya borularının qapağının qoyulmaması, qazıntı işləri zamanı yararan dərin
çökəkliklərin ətrafında xəbərdaredici nişanların olmaması, yeni çəkilmiş su xəttinin
üzərinin açıq qalması ilə bağlı məsələləri qeyd edən icra başçısı bu cür
halların yolverilməz olduğunu və sakinlərin haqlı narazılığına səbəb olduğunu
bildirib. Rayon rəhbəri qeyd edib ki, bu cür məsələləri göstərməkdə məqsəd su-kanalizasiya
xəttinin çəkilişinə mane olmaq deyil, əksinə vətəndaşların istəyini nəzərə
alaraq şəhərdə çəkilişin yüksək səviyyədə aparılmasına nail olmaqdır.
İcra başçısı payız-qış mövsümü ilə əlaqədar
olaraq çəkiliş zamanı xüsusilə də qaz borularının, elektrik və su xətlərinin zədələnməməsinə
üstünlük verilməsini bildirib və bununla bağlı tapşırıqlarını verib.
"Bizə çəkilişin tez bir zamanda başa çatması
deyil, işin keyfiyyətlə aparılması maraqlıdır”, - deyən icra başçısı bu sahənin
daim nəzarətdə olacağını və bu cür görüşlərin də məhz bu məqsədi daşıdığını bir
daha vurğulayıb. Bu cür halların təkrar baş verməməsi üçün Qazax şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsində çalışan hər bir iş
icraçısının və briqadirin gördüyü işə məsuliyyətlə yanaşmasını bildirib.
Komissiya üzvlərindən - Qazax Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, Şəmkir
RQİİ Qazax Xidmət Sahəsi üzrə rəis müavini Taleh Şamradov, Qazax
Telekommunikasiya Qovşağının rəisi Əyyub Dünyamalıyev, Qazax Su-Kanal İdarəsinin
rəisi Alı Hüseynov çıxış edərək su-kanalizasiya xəttinin çəkilişi zamanı qeyd
olunan məsələlərin vətəndaşların haqlı narazılığına səbəb olduğuna və bununla
bağlı rəhbərlik etdikləri təşkilatlara müraciətlər olunduğunu bildiriblər.
Qaldırılan məsələlərin həll olunması sahəsində gördüyü işləri qeyd edən təşkilat
rəhbərləri çəkiliş zamanı daha diqqətli olmalarını tövsiyə ediblər.
İclasda iştirak edən 8 saylı Tovuz Regional Su-Kanal İdarəsinin rəisi Darvin
Hüseynov da qeyd olunan məsələlərlə bağlı fikirlərini bölüşüb və iradların haqlı
olaraq bildirildiyini diqqətə çatdırıb. Bu gün su-kanalizasiya xəttinin çəkilişində
çalışan 22 briqadanın hər bir üzvünün məsuliyyət daşıdığını bildirən idarə rəisi
onların gördüyü işə xüsusi həssaslıqla yanaşmalı olduğunu qeyd edib.
Qazax rayonunun içməli su
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin rəhbəri Sədi
Namazov şəhərin M.Ə.Rəsulzadə, Qarabağ,
Mehdi Hüseyn, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Səməd Vurğun, Firuddin
Şamoyev küçələrində, eləcə də qeyd olunan küçələrin döngə və dalanlarında,
bundan əlavə Ağköynək kəndində Sayad Zeynalov və Mövsüm Poladov küçələrində su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar görülən
işlər barədə məlumat verib. Layihə rəhbəri bu günə kimi kanalizasiya
borularının çəkilişi üzrə 31,78 %, su təchizatı borularının
quraşdırılması üzrə isə 22,14% işlərin yerinə
yetirildiyini qeyd edib. Qeyd olunan məsələlərlə bağlı bildirilən
iradların haqlı olaraq söylənildiyini bildirən layihə rəhbəri bu cür halların
bir daha təkrar olunmayacağını, bütün işlərin keyfiyyətinə bundan sonra da böyük
dəqiqliklə nəzarət olunacağını vurğulayıb. İstər bu cür iclasların keçirilməsini,
istər yaradılmış komissiya üzvlərinin mütəmadi olaraq görülən işlərlə
maraqlanmasını, öz təklif və tövsiyələrini vermələrini onların üzərinə böyük
məsuliyyət qoyduğunu bildirib. Eyni zamanda bugünkü görüşdə səslənən fikirlərlə
bağlı istər iş icraçılarına, istərsə də briqadirlərə bir daha ciddi tapşırıqlar
veriləcəyini qeyd edib.
Qazax
rayonu içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması və Yol
tikintisi layihələrinin İctimayətlə Əlaqələr şöbəsinin rəhbəri Şamil
Allahverdiyev də iclasda səslənən fikirlərlə bağlı ürək sözlərini çatdırıb və
bu cür halların yolverilməz olduğunu bildirib. Tez bir zamanda aradan
qaldırılacağını söyləyib.
Komissiya
üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov və başqaları
çıxış edərək gündən-günə inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin
yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə
müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Qazaxda su-kanalizasiya
sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar
adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Görülən işlər
haqqında fikirlərini bildirərək öz təklif və tövsiyələrini veriblər.
İclasda şəhərin su-kanalizasiya sisteminin
yenidən qurulması layihəsində əksini tapan su mənbəyindən, eləcə də sel
sularının ötürülməsi üçün əlavə olaraq kanalizasiya xəttinin çəkilməsindən də
söhbət açılıb.
Onu da bildirək ki, sözügedən layihənin
sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam
İnkişaf Bankı, podratçı "Akkord Sənaye
Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek”
Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin
su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər
görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci
ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
GOYEZEN.AZ
Facebook-da paylaş