Qazaxda Aprel şəhidinin ata yurdunda onun adını yaşadacaq daha bir qəhrəman yetişir
"Aprel
döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu
haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz
ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Bəli, ölkə
başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası
ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel
döyüşləri bizim ilk qalibiyyətimiz, ilk zəfər salnaməmizdir. Azərbaycanın hərb
tarixinə 4 günlük müharibə və ya Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizdən
3 il ötsə də həmin tarixi qələbəni bizlərə bəxş edənlər daim qəlblərdə
yaşayırlar. Bütün dünyada
Qərbin qapısı sayılan, şairlər, aşıqlar yurdu kimi tanınan Qazax eli hər bir
sahədə olduğu kimi, hərb tarixində də həmişə öz sözünü deməyi bacarıb. "Artilleriyanın Allahı" ləqəbini almış Əliağa Şıxlinskinin yurdu olan Qazaxda gənclərimiz üçün Vətənin müdafiəsi
hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal olub. Məhz Aprel döyüşləri
də bir daha sübut etdi ki, Qazaxda necə igid, mətin, dəyanətli, Vətənini,
torpağını sevən, ən əsası da dövlətinə sadiq olan oğullar var və bundan sonra
da olacaqdır. Həmin döyüşlər zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli
kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş
leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan
Məhəmməd oğlu da ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq
olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün həmin
şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid
olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun doğulub boya-başa
çatdığı Yuxarı Salahlı kəndində ata yurdunda doğum günü qeyd olunub. Onun əziz
xatirəsi böyük sevinc hissi ilə yad olunub. O sevinc hissi ki, onun doğum günü ata
yurdunda daha bir qəhrəmanın, əmisinin adını layiqincə yaşadacaq balaca Elvinin
adqoyma mərasimi ilə qeyd edilib. Mərasimdə Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul işçiləri, Milli
Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov
da iştirak edərək şəhidimizin əziz xatirəsini dərin hörmətlə yad edib, ona Allahdan rəhmət söyləyib, balaca Elvinin qədəmlərinin mübarək
olmasını bildiriblər. Namazovlar ailəsinə bir daha gözaydınlığı verib, təbriklərini
çatdırıblar. Şəhidin ruhuna dua oxunduqdan sonra Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Respublika Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun
qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri bizi
Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən
igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və
bundan sonra da edəcəkdir. İgid Vətən oğlu
haqqında ürək sözlərini çatdıran rayon rəhbəri bildirib ki, bu gün şəhidimiz
Elvin Namazovun doğum gününü onsuz qeyd etsək də, onun yoxluğundan 3 il ötsə də
o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir.
Çünki Elvin təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan
xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov, eləcə də digər şəhidlərimiz
elə bir şanlı yol keçiblər ki, onlarla fəxr etməməyə haqqımız yoxdur. İcra
başçısı qeyd edib ki, bu gün Elbəy Namazovun oğul payına şəhidimiz Elvinin
adının verilməsi düşmənə bir mesajdır. O mesaj ki, düşmən bir daha anlasın ki,
onlar bizlərdən Elvin kimi oğulları alsa da, neçə belə Elvinlər yetişir. Balaca
körpəyə əmisinin adının verilməsi bir daha sübut edir ki, Namazovlar ailəsi
Elvinin adı verilən bu uşaqla təkcə təsəlli tapmırlar, eyni zamanda bu ocaqda,
bu yurdda igid, vətənpərvər oğullar böyüdüyünü, gələcək nəsillər yetişdiyini
nümayiş etdirirlər. Bu balaca körpəyə əmisinin adının verilməsi həm də onun
gələcəkdə Elvinin şərəflə keçdiyi döyüş yolunu, qəhrəmanlığını davam etdirmək
kimi bir arzunu istəməkdir. Şəhidin atası Məmməd Namazov şəhidlərə və şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya ailəsi adından bir daha öz dərin minnətdarlığını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsinə göstərdiyi səmimi
münasibətə, nəvəsini təbrikə gəldiyinə görə razılığını bildirib və təşəkkürünü
çatdırıb. M.Namazov
qeyd edib ki, bu gün oğlum Elbəyin övladına əmisi
Elvinin adını verirəm ki, o, da əmisi kimi doğulduğu torpağın, Qazaxın, Yuxarı
Salahlıların adını elə əmisi kimi daim yüksəkdə tutsun. Gələcəkdə o, da əmisi
kimi öz nümunəvi davranışı ilə Vətənə,
xalqına bağlı olan vətənpərvər bir oğul kimi onun döyüş yolunu, qazandığı zəfəri
davam etdirsin. Ən əsası da düşmən bilsin ki, Elvin Namazovun ata yurdunda onun
adını layiqincə daşıyacaq qəhrəman oğullar yetişir. Namazov Elvin Məmməd oğlu 7 sentyabr
1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd
tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi
rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan
ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin
olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin
Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli
atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulub boya-başa çatdığı
Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Elvin
Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə Respublika Prezidenti İlham
Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə
təltif olunmuşdur. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq
kompleksi tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş