Qazaxda icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib. Gənclər Mərkəzində
keçirilən görüşdə Qazax RİHB aparatının məsul işçiləri, Rayon Təhsil şöbəsinin
əməkdaşları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət
Sosial-iqtisadi Kollecinin müəllim kollektivi, məktəb direktorları, işçi qrupunun üzvləri,
"Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, 600-dən yüksək bal
toplayan tələbələlər, onların valideynləri, ibtidai sinif müəllimləri, sinif
rəhbərləri, KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yüksək bal
toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və
valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları
müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, ailə səadəti və
xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bugünkü görüşün istər müəllimlər, istərsə
rayon ictimaiyyəti üçün əlamətdar bir görüş olduğunu qeyd edib. Təhsil sahəsini
toxunulmaz bir fond kimi dəyərləndirən rayon rəhbəri Ümummilli lider Heydər
Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb. İcra başçısı bildirib ki,
"Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər
respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və
rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı
ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci
illərdə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə
təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. İcra başçısı qeyd edib
ki, həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini
uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək"
devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət
başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul
olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə
qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.
Rayon rəhbəri təhsil
sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü
işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı
sayəsində Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
respublikanın hər yerində olduğu kimi rayonumuzda da təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə
bağlı görülən işlərdən danışıb. İcra başçısı 5 illik Dövlət Proqramında
Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını
bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan məktəblərdən birinin Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam
orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət
Proqramında əksini tapan daha bir məktəbin - Ş.Nəsibova adına Sarıvəlli kənd
tam orta məktəbin də Fond tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və
yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb. Rayon rəhbəri təhsilin səviyyəsinin
yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol
oynadığını bildirib. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd
Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək şəraiti
bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı rayonda
mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri Səlim Əfəndiyev
adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli məktəblərdə görülən
işlərdən də danışıb.
Rayon rəhbəri
qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən qarşıya bir məqsəd qoyuldu ki, o
da rayonda təhsil sahəsinin ildən-ilə inkişaf etdirilməsi oldu. İlk gündən
çalışdıq ki, təhsil sahəsində əldə etdiyimiz uğur və nailiyyətlərin göstəricisi
həmişə yüksək olsun. Ən əsası isə odur ki, bu istəyimizin reallaşması Qazaxda
mümkün idi. Ona görə mümkün idi ki, Qazax ziyalılar yurdudur. Bundan başqa, bu
gün Qazaxda təhsil sahəsində tam şəffaflıqdır. Son illər təhsil sahəsində
qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə
inkişaf etdiyini bildirib. İstər dərsin kəmiyyət göstəricisinin, istərsə də
keyfiyyətinin yüksəldiyini vurğulayıb və bu uğurun qazanılmasında Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun
böyük rolunun olduğunu diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, həmin İşçi
qrupunu yaratmaqda əsas məqsəd məktəblərə nəzarət etmək deyil, əksinə dərsin
keyfiyyətini, müəllimlərin hazırlıq səviyyəsini, şagirdlərin davamiyyətini öyrənmək
idi. Ən əsası da rayonda təhsilin keyfiyyətini artımaq idi. Bir sözlə, bütün
görülən işlərin kökündə bir məqsəd dayanır ki, o da təhsilə olan qayğıdır. Bu
gün əminliklə söyləyə bilərik ki, biz bu istəyimizə nail ola bildik. İldən-ilə
artan qəbulun nəticələri bunu söyləməyə əsas verir. Təhsil sahəsinə göstərilən
dövlət qayğısını məzunlarımız da ən yüksək bal toplayaraq onlara olan etimadı
doğrultmağa çalışırlar. Bugünkü görüşdə iştirak edən məzunlarımızın əldə etdikləri
uğurlar da bütün dediklərimizin bariz nümunəsidir. Bu gün həmin məzunlar bir
daha sübut etdilər ki, qazanılan hər bir uğurun arxasında böyük məsuliyyət
dayanır. Onlar öz məsuliyyətlərini dərk edərək Qazaxın, təhsil aldıqları məktəblərin,
dərs deyən müəllimlərin, ən əsası da valideynlərinin əməklərini itirmədilər. Öz
uğurları ilə hər birinin sevincinə səbəb oldular.
Qazax Rayon Təhsil şöbəsinin
müdiri Nizaməddin Babanlı çıxış edərək tələbə
adını qazanan bütün məzunları təbrik edib, xoş arzularını çatdırıb. "Bu gün dövlətimizin
siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir”, - deyən
N.Babanlı ölkə Prezidentinin öz çıxışlarında "Biz neft kapitalını insan
kapitalına çevirməliyik” fikrini təhsilə olan ən yüksək qayğı kimi
qiymətləndirib. Gənclərə bu kapitalın onlar olduğunu, xalqımızın öz gələcəyini
onlar kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar etdiyini bildirib.
Builki nəticələr barədə məlumat verən N.Babanlı 2018-2019-cu tədris ilində Qazax rayonunun
ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən
imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin
məzunlardan 305 nəfərin dövlət ali məktəblərinə, 14 nəfərin isə xüsusi təyinatlı ali məktəblərə qəbul
olduğunu qeyd edib. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin
məzunlarından 16 nəfər
olmaqla cəmi 335 nəfərin tələbə
adını qazandığını vurğulayıb. Məzunlardan 113 nəfərin orta ixtisas təhsil
müəssisələrinə daxil olduğunu diqqətə çatdırıb. Ali təhsil
müəssisələrinə daxil olan gənclərdən 15 nəfərin 600 baldan, 33 nəfərin isə 500 baldan yüksək nəticə
göstərdiyini bildirib. Həmçinin ali məktəbə qəbul olan
abituriyentlərdən 110 nəfərin Bakı Dövlət Universitetinin tələbəsi adını aldığını qeyd edib. Bakı Dövlət Universiteti Qazax filialının direktoru, dossent Arif Rüstəmov da
rəhbərlik etdiyi universitetin müəllim kollektivi adından tələbə adını qazanan
məzunlara təbriklərini çatdırıb. Ölkə başçısı İlham Əliyev, Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət
və qayğıdan danışan dossent bu gün həmin qayğı sayəsində Azərbaycan təhsilinin
özünün intibah dövrünü yaşadığını bildirib. BDU Qazax filialının qazandığı
uğurlarda dövlətin, rayon rəhbərinin göstərdiyi diqqət və qayğının böyük rolu
olduğunu vurğulayıb və buna görə bir daha rayon rəhbərliyinə minnətdarlığını
çatdırıb.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
sədri, Əmədar incəsənət xadimi, şair Barat Vüsal öz növbəsində məzunlara
təbriklərini çatdırıb. Qeyd edib ki, bu gün necə ki, milli-mənəvi dəyərlərimiz
qorunur, eləcə də Azərbaycanın inkişafına xidmət edən bütün sahələr, o cümlədən
də təhsil sahəsi qorunur. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının ən
yüksək səviyyədə olması bunun bariz nümunəsidir. Ziyalılar adından, eyni
zamanda da Kosalar kənd sakinləri adından Xalq yazıçısı İsmayıl Şıxlının 100
illik yubileyi ilə bağlı onun adını daşıyan məktəbin əsaslı şəkildə yenidən
qurulmasına görə bir daha minnətdarlıq edən şair atılan bu addımı təhsilin
böyük uğuru kimi dəyərləndirib. S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova da məzunları təbrik edib
və rəhbərlik etdiyi məktəbin uğurlarından söz açıb. Məktəb direktoru bu il XI
sinfi bitirən 57 nəfər məzundan 50 nəfərinin ali və orta ixtisas məktəblərinə qəbul
imtahanlarında iştirak etdiyini qeyd edib. Kifayət Carçıyevanın sinif rəhbəri
olduğu 21 məzundan 18 nəfərin ali, 3 nəfərin isə orta ixtisas məktəblərinə
daxil olduğunu bildirib. Bundan başqa, daha bir sinifdən məzun olan 20 nəfərdən
16 nəfərin ali, 2 nəfərin isə orta ixtisas məktəblərinin tələbəsi adını
aldığını vurğulayıb. Məzunlara səmimi arzularını
çatdıran N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Nəsibə
Tağıyeva da bu
ilin rəhbərlik etdiyi məktəb üçün uğurlu bir il olduğunu bildirib. Builki tədris
ilində 20 nəfərin məzun olduğunu, həmin məzunlardan 10 nəfərin ali məktəblərə qəbul
imtahanlarında iştirak etmək üçün sənəd verdiklərini qeyd edib. 9 nəfərin tələbə
adını aldığını söyləyib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, rayon üzrə
ən yüksək nəticə də məhz şəhər 5 nömrəli məktəbin payına düşür. Bu sevinc
hissini isə bizim məktəbə 652 bal toplayaraq İqtisad
Universitetinin Maliyyə fakültəsinə daxil olan (tədris ingilis dilində) Səma
Əfəndiyeva bəxş
edib. "Onun uğuru bizim hər birimizin uğurudur”, - deyən N.Tağıyeva gənc tələbəyə
yenicə qədəm qoyduğu həyatda bir daha uğurlar arzulayıb. İ.Qayıbov adına şəhər
3 nömrəlitam orta məktəbin
direktor əvəzi Nailə Əfəndiyeva da rəhbərlik etdiyi məktəbin göstəricilərini
qeyd edib. O, bu il məktəbi bitirən 32 nəfər məzundan 28 nəfərin ali məktəblərə
qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiyini bildirib. Həmin məzunlardan
18 nəfərin tələbə adını qazandığını söyləyib. Qeyd edib ki, bu gün fəxrlə deyə
bilərik ki, həmin məzunlardan 3 nəfəri 600 baldan yüksək nəticə göstərərək təhsil
aldıqları məktəbin və müəllimlərinin, valideylərinin ümidlərini doğruldublar. Məzunlara
səmimi təbriklərini çatdıran N.Əfəndiyeva qazanılan bu uğurda dövlətin, rayon rəhbərliyinin
göstərdiyi qayğının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bu il rayon rəhbərliyi
tərəfindən məktəbdə aparılan cari təmir işini minnətdarlıq hissi ilə qarşılayan
N.Əfəndiyeva bir daha təşəkkürlərini çatdırıb. S.Vurğun adına şəhər
2 nömrəlitam orta məktəbin direktoru Murğuz Mustafayev də məzunları təbrik edib, eyni zamanda
bugünkü görüşdən istifadə edərək rəhbərlik etdiyi məktəbin əsaslı şəkildə yenidən
qurulmasına görə ölkə başçısı İlham Əliyevə bir daha müəllim və şagirdlər
adından minnətdarlığını bildirib. Bu il məktəbi bitirən 48 məzundan 38 nəfərin
ali məktəblərə qəbul üzrə sənəd verdiyini, 29 nəfərin tələbə adını qazandığını
qeyd edib. Həmin məzunlardan 2 nəfərin 600-dən, 6 nəfərin 500-dən yuxarı bal
topladıqlarını bildirib. Bütün bu uğurların qazanılmasında isə ölkə başçısının,
rayon rəhbərliyinin böyük diqqət və qayğısının olduğunu söyləyib. Yüksək nəticə göstərən məzunlardan
N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin şagirdi (652 bal)
Səma Əfəndiyeva, M.Hüseyn adına məktəb-liseyin şagirdi (651 bal) Fidan Əhmədova,
V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin şagirdi (645 bal)
Babaxan Carçıyev, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdi
(644 bal) Kamil Bayramov çıxış edərək ürək sözlərini bildiriblər. Təhsil sahəsinə
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə məzunlar olaraq minnətdarlıqlarını
çatdırıblar. İstər bu gün qazandıqları, istərsə də gələcəkdə əldə edəcəkləri
nailiyyətlərdə dövlətin onlara göstərdiyi qayğının böyük rolu olduğunu qeyd edən
tələbələr gələcəkdə də öz uğurlarını davam etdirəcəklərini söyləyiblər. Yüksək
nəticə göstərmələrində əməyi olan müəllimlərinə, valideynlərinə minnətdarlıq edən
tələbələr bundan sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil
ocaqlarında həmişə Qazaxın, oxuduqları məktəblərin adlarını daim yüksəkdə
tutacaqlarına söz veriblər. Sonda rayon üzrə 600-dən
yuxarı bal toplayan tələbələrə gül dəstələri və qiymətli hədiyyələr
verilib. Məzunların yüksək nəticə göstərmələrində əməyi olan sinif
rəhbərlərinə isə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və
gül dəstələri təqdim olunub. Tədbirdə Ş.Cəbiyev adına
Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva
Yetər Rüstəm qızı da uzun illər təhsil sahəsində səmərəli fəaliyyətinə görə
Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanına layiq görülüb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir-görüşə yekun vuraraq bütün
tələbələri bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində böyük uğurlar
arzulayıb. "Əziz balalar, biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil
alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız”, -
deyən rayon rəhbəri öz tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş