Qazaxda şəhər sakinləri ilə səyyar görüş keçirilib
Bu gün ölkə başçısı İlham Əliyevin
tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar görüşlərdən
biri şəhər sakinləri ilə keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də
iştirak etdiyi görüşdə ölkə Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara
göstərilən diqqət və qayğı, əhalinin maddi rifah halının, sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, bu sahədə
görülən işlər qeyd olunub. İstər şəhərdə, istərsə də kəndlərdə keçirilən səyyar
görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, mövcud
vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə
həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ
qaldırmaqdan ibarət olduğu diqqətə çatdırılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Son illər
ölkə başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də
bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açıb. Son
3 ildə Qazaxda qazanılan nailiyyətlərin ildən-ilə artmasını, bütün sahələr üzrə
həyata keçirilən işlərin geniş miqyas almasını bölgələrimizdəki inkişafın ən
bariz nümunəsi kimi qiymətləndirib. 2016-cı ildən başlayaraq bu günə kimi
rayonun sosial, iqtisadi sahədə olan inkişafının artan templə yüksəldiyini
bildirib. 2016-cı ildə rayonun 14 min hektar əkin sahəsi olduğu halda bu gün
həmin sahənin genişləndirilərək 24 min hektara çatdırıldığını qeyd edib.
Rayonda kənd təsərrüfatı üzrə daha çox işçi qüvvəsinə böyük ehtiyac olan
sahələrin inkişaf etdirildiyini vurğulayıb. Buna misal olaraq baramaçılığı,
tütünçülüyü, kartofçuluğu və s. sahələri nümunə göstərib. Hazırda rayonda görülən işlərdən söhbət açan rayon
rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin -
su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz
müsbət həllini tapdığını bildirib. Mərkəzi xəstəxana binasının tikintisindən
danışaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi
xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını yüksək
qiymətləndirib. İcra başçısı bildirib ki, 2016-cı ildən başlayaraq
şəhərdə geniş miqyas alan işlərdən biri də rayon üzrə mövcud olan çoxmənzilli yaşayış
binalarında görülən işlər oldu. Vətəndaşların müraciətlərinə əsasən bu gün
balansda olan 163 binadan 120-dən çoxu əsaslı təmir olunub. İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən
diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən
bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir
standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli
kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə
verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra
başçısı qeyd edib ki, həmin 25 bağçadan 6-sı şəhərdə yerləşir ki, hər birinin
göz oxşayan şəraiti var və valideynlərin də ürəyincədir. Son illər təhsil sahəsində qazanılan uğur və nailiyyətlərdən
danışan rayon rəhbəri Qazax təhsilinin ildən-ilə inkişaf etdiyini bildirib.
İstər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini
vurğulayıb və bu uğurun qazanılmasında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
Təhsil şöbəsinin nəzdində yaradılan İşçi qrupunun böyük rolunun olduğunu
diqqətə çatdırıb. İcra başçısı Dövlət Proqramında əksini tapan məktəb
tikintisindən də söz açıb. 5 illik proqrama Qazax rayonu üzrə 11 məktəb
binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri
nəzərdə tutulan məktəblərdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız
olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə
başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan
daha bir məktəbin İkinci Şıxlı Sarıvəlli kənd tam orta məktəbin də Fond
tərəfindən əsaslı tikintisinin nəzərdə tutulduğunu və yaxın günlərdə tikintisinə
başlanılacağını vurğulayıb. Rayon rəhbəri təhsilin səviyyəsinin
yüksəldilməsində müəllim və şagirdlər üçün yaradılan şəraitin mühüm rol
oynadığını bildirib. Bu ilin fevralında istifadəyə verilən Xalq şairi Səməd
Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə yaradılan yüksək
şəraiti bu sahədə görülən işlərə nümunə göstərib. Məktəb tikintisi ilə yanaşı
rayonda mövcud olan məktəblərin cari təmir olunmasından söz açan rayon rəhbəri
Səlim Əfəndiyev adına şəhər 1 nömrəli və İsmət Qayıbov adına şəhər 3 nömrəli
məktəblərdə görülən işlərdən də danışıb.
Görüşdə həmçinin istər 2018-ci ilin axırı, istərsə də
2019-cu ilin ilk altı ayında əhalinin maddi və sosial rifah halının
yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən də söz
açılıb. Bu sahə ilə bağlı imzalanmış sərəncamların və həmin sərəncamlardan
irəli gələn vəzifələrin əhəmiyyəti bir daha vurğulanıb. Qeyd edilib ki,
imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı
tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və
xalqın rifah halı dayanır. "İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da
vətəndaşlara olan qayğının bariz nümunəsidir”, - deyən rayon rəhbəri həmin
sərəncamların verilməsini yüksək qiymətləndirib və əhalinin rifahının
yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir hissəsi
olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250
manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər
təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq
olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər
zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu
istiqamətdə əməli işlər həyata keçirir. İcra başçısı minimum əmək pensiyasının
200 manat olması ilə bağlı qərarın təsdiqlənməsini əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində atılan daha bir uğurlu addım kimi göstərib. Rayon rəhbəri istər şəhərdə, istərsə də kəndlərdə
yerləşən və açılışı nəzərdə tutulan obyektlərdən də söz açıb. Qeyd edib ki, 3-ü
sənaye müəssisəsi olmaqla 5 obyektin - ”Azərxalça”
ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən
tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa
edilən "Gedik-Carçı” Elektrod Zavodunun açılışlarının nəzərdə
tutulduğunu bildirib. İcra başçısı bu müəssisələrin istifadəyə verilməsini rayonda,
eləcə də kəndlərdə işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərin
bariz nümunəsi kimi qiymətləndirib. Bundan başqa, su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi
avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən
yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu
addım kimi göstərib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğıdan danışan rayon rəhbəri
bu qayğının həmişə yüksək səviyyədə olduğunu qeyd edib. Şəhidlərimizin ailə
üzvlərinə daim qayğı ilə yanaşılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların,
onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsini göstərilən
qayğının bariz nümunəsi kimi dəyərləndirib. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanını, orada aparılan abadlıq işlərini, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulmasını bu istiqamətdə görülən
işlərin daha bir əyani sübutu olduğunu bildirib. Bu gün Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda 280-dən artıq şəhidimizin, 7 Milli Qəhrəmanımızın olduğunu
diqqətə çatdırıb. Görüşdə ölkə başçısının diqqət və
qayğısı sayəsində son illər rayonun Qazaxbəyli,
Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli,
Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə
içməli su çəkilməsindən də söhbət açılıb. Əvvəlki illərdə olduğu kimi, rayonda
suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması
sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu
ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının
ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12
fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu
kimi dəyərləndirib. Ümumiyyətlə, son 3 ildə 60-a yaxın subartezian quyusunun
qazıldığını bildirib. İcra başçısı bu gün havaların quraq keçməsi ilə əlaqədar
rayonda suvarma və içməli suda yaşanan mövcud vəziyyətdən də danışıb. Rayonun
su mənbələri olan Ağstafaçay və Coğazçay su anbarlarında havaların quraq
keçməsi ilə bağlı suyun səviyyəsinin aşağı düşməsini və bunun da nəticəsində
rayonda su probleminin yaşandığını diqqətə çatdırıb. Buna baxmayaraq lazım olan
bütün imkanlardan istifadə edərək sakinlərin su təminatının yaxşılaşdırılması
istiqamətində görülən işlərdən söz açıb. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi
yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu
istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri
olan Məzəm, Quşçu Ayrım, Fərəhli,
Cəfərli, Bala Cəfərli kəndlərində
SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri istər şəhərdə,
istərsə də kəndlərdə SİP kabelləşmə işinin tam başa çatdırılacağını vurğulayıb. Görüşdə erkən nikahlarla bağlı söhbət açan rayon
rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil
olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu
məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını bildirib. Sakinlərdən Faiq Kərimov,
Nazim Cəfərov, İnnabə Əhmədova, Validə Nəsibova, Mehriban Süleymanova, Firuzə
Orucova, Əminə Alməmmədova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq
görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə
təşəkkürlərini çatdırıblar. Son 3 ildə rayonda, o cümlədən kəndlərdə görülən
işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər.
Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə,
rayon rəhbərliyinə bütün şəhər sakinləri adından bir daha öz dərin
minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında
keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Vətəndaşların yaşadıqları ərazidə qazılmış
subartezian quyusunun işləməməsi, elektrik cərəyan şiddətinin aşağı olması ilə bağlı və digər müxtəlif səpkili müraciətlərini dinləyən
rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan
məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.
GOYEZEN.AZ
Facebook-da paylaş