Gözünüzü yumub, ağzınızı açıb nə gəldi danışmayın - Qazaxlı ziyalıdan sərt münasibət
Son aylar işlərimlə əlaqədar olaraq doğma yurda, bizim Qazaxa tez-tez
gedib-gələsi olmuşam. Düzünü deyəcəyəm, əvvəllər Qazaxda rayon rəhbərliyi
səviyyəsində baş verən bəzi xoşagəlməz neqativ olay və əməllərə görə çoxlarını
qınayırdım, elə özümü də qınayırdım. Həssas və məlumatlı oxucular biləcək ki,
nəyə və hara toxunuram. Nə isə, keçirəm birbaşa öz ampluama. Deməli hər dəfə
rayona gedib, gəldikcə Qazax şəhərində və kəndlərdə gördüyüm dəyişikliklər
məndə müsbət fikirlər yaratmağa başladı. Həqiqətən də dəyişib və gözəlləşib. Haşiyə. Üç il bundan öncə, yəni 19 may 2016-cı ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Rəcəb Abas oğlu Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin
başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı. Doğrusu hamı ümidli idi ki,
bu təyinatla rayonda geri qalmış sahələrdə irəliləyiş baş verəcək, insanlar
məmur süründürməçiliklərindən, əsassız bürokratik əngəllərdən az da olsa can
qurtaracaq, boş qalımış, əkilib-becərilməyən torpaq sahələrində canlanma
yaranacaq… Amma bu yerdə bir məqama xüsusi diqqət çəkmək istəyirəm. Özüm də bir
qazaxlı olaraq etiraf edim ki, böyük tarixi keçmişi olan Qazax camaatı
xaraktercə çox ağır, əyilməz və ötkəm camaatdır. Həm də Qazax rayonu
dədə-babadan maarif beşiyi olduğuna görə burada oxumuş, savadlı, hərtərəfli
insanların sayı digər bölgələrimizə nisbətdə daha çoxdur. Ona görə də bu
rayonda çoxlu rəngarəng fikirli insanlar olduğundan ortaq fikirə gələ bilmək bir
qədər çətin olur. Qazax rayonunda Sovet dönəmi də daxil olmaqla üzü bəri
müstəqillik illərində birinci katib və İcra Hakimiyyəti başçısı işləmiş
rəhbərlər üçün bu rayonda çalışmaq bir qədər çətin olub. Çətinliyin əsas
səbəbindən biri də rayon əhalisinin sadaladığım xüsusiyyətləri olub. Ona görə
də düşünürdük görəsən ki, yeni başçının təyinatından sonra bu məsələlər həllini
tapa biləcəkmi... Amma ümidlər çox tez doğrulmağa başladı. Fəaliyyətin ilk
günündən rayonda hədəflər, perspektivlər, məqsədlər açıq-aydın formada ortaya
qoyuldu. Qəti addımlar atıldı. Qayda-qanunu pozan, qanunun tələblərinə
uyğunlaşmayan məmurlar vəzifələrindən, görəvlərindən uzaqlaşdırıldı. Rayonun
bütün strukturları arasında saat mexanizmli bir idarəetmə üsulu yaradıldı. Qısa
müddət ərzində məmur otaqlarından başlanan vətəndaş məmnunluğunun çevrəsi
genişlənərək sosial rifahın yüksəlməsinə təsir etdi. Məktəblərə, uşaq
bağçalarına göstərilən diqqət və qayğı sayəsində Qazağın respublika üzrə təhsil
səviyyəsi də yüksəldi. Bu qeyd etdiyim uğurlu işlərin başında isə cənab Prezidentin Qazaxa yeni
təyin etdiyi icra başçısı - Rəcəb Babaşov dayanırdı. Lakin vəzifəsindən
uzaqlaşdırılan, əlindən "yağlı tikə”ləri çıxan "Salman”lar və
"Məmmədxan”lar isə rayonda əldə edilən bu uğurlardan, yeniliklərdən,
insanların haqlarının müdafiəsindən narazı qalaraq aman yeri, güman yerləri
olan, qara "piar” aparan saytlara, sosial şəbəkələrə üz tutdular.
Oğrun-oğrun ordan burdan əldə etdikləri yalan-yanlış məlumatlara öz
məqsədlərinə uyğun don geyindirərək bir çox yanlış fikirlər də əlavə edib
cəmiyyətdə fikir çaşqınlığı yaratmaq istəyirdilər. Amma bu fikirləri deyənlərin
çoxu qarayaxma və şər-böhtan xarakterli məişət sözləri yazarlar. Ona görə də
rəhbərlik səviyyəsində bu yazılara, şər-böhtanlara fikir verilmədən Qazaxda
start götürən inkişaf daha sürətlə davam etdirildi. Bütün qohum-əqrabam,
əzizlərim Qazaxda olduğuna görə rayonla mütəmadi olaraq əlaqələr saxlayıram.
Rayonda görülən işlər haqqında mətbuatdan, insanlardan məlumat alırdıq. Bir
sözlə qısa müddət sonra forma dəyişiklikləri məzmun dəyişikliyinə, keyfiyyət
irəliləyişinə keçdi. Tam əminliklə deyə bilərəm ki, cənab Prezidentin qətiyyətli
tapşırıqlarından sonra, Rəcəb Babaşovun da rayonda vətəndaşa göstərdiyi diqqət
və qayğı sayəsində əsasən, rüşvət faktorunun kökü kəsildi. Vətəndaş hansı idarə
və təşkilata gedirsə xoş rəftarla, səmimi ünsiyyətlə qarşılanır və müraciəti
onu qane edəcək formada izah edilib razılıqla yola salınır. İqtisadiyyatın kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq, yüngül sənaye
istiqamətləri inkişaf etdirilərək yeni-yeni iş yerləri açıldı. Kəndarası
yolların yenidən qurulmasına, bərpasına başlanıldı. Bütün bu inkişafı gördükcə
hər dəfə ürəyimə gəlirdi ki, bir ziyalı olaraq, qazaxlı olaraq rayonda görülən
işlər haqqında bir yazı hazırlayıb ortaya çıxardım. Yaxın bir dostlarım da mənə
o fikirdə olduqlarını deyirdi. Həm də icra başçısı Rəcəb Babaşovun dəfələrlə
"Qazax” Xeyriyyə İctimai Birliyinin illik və yarımillik hesabat
tədbirlərinə gələrək Qazaxdan kənarda yaşayan qazaxlılar qarşısında rayonda
görülən işlər haqqında hesabat xarakterli çıxışlar etməsini və ağsaqqalların
ona ünvanlanan suallarına cavab verməsini, problemlərlə bağlı qeydlər
götürməsini görmüşəm. Ona görə də düşündüm ki, Rəcəb Babaşovun Qazax Rayon İcra
Hakimiyyətinin başçısı təyin edilməsindən sonra baş verən dəyişikliklə ilə
bağlı məqalə hazırlayım. Amma çox təəssüf hissi ilə deyirəm ki, bu gün də doğma Qazaxımdan olan bəzi
insanlar icra başçısı haqqında xoşagəlməz, lağ-lağı ilə dolu, yalan, hətta
şəxsiyyəti alçaldan yazılar, sosial şəbəkələrdə statuslar yazırlar. Çoxları
demokratik ölkədir deyib, gözünü yumub ağzını açıb nə gəldi danışır. Ayıbdır! Belə mənasız bir yazıları görcək dayana bilmədim və elə yazı müəllifinə
açıq formada, öz adımla cavab verirəm: Bəlkə də Rəcəb Babaşov sizlər qədər
məlumatlı ola bilməz bundan öncəki bəzi rayon rəhbərlərinin oyunlarından,
Qazaxa olan münasibətindən. O vaxt qeyrətli Qazax camaatı iş yeri, dolanışıq
problemindən daha çox başqa şeylərin dərdini çəkirdi. Özünüz də bilirsiz. Amma
indi isə, iş yeri, mənzil şəraiti, kanalizasiya, su problemi haqqında düşünür və
Prezidentin yerli nümayəndəsi də düz problemlərinin olduğu yerə, onların yanına
gəlir. Gerçəkdən də başçı çox vaxt şikayət edilən ünvana gedərək yerində
araşdırır və qərarı da birbaşa oradan verir. Dövlət idarələrinə gedib-gələn qazaxlının özünəməxsus qürurla dediyi:
"Mən filan arayışı, filan sənədi alanda bir manat da vermədim”, -
sözlərini az qala hamı gündə eşidir. Yəqin ağlına gələnləri yazan yerlilərim
hələ də 3 il öncəki hava ilə nəfəs alır. Ola bilər! Qazaxın keçmiş başçısı var idi, Rauf adlı. Onun Qazaxda rəhbərlik etdiyi
dövrü ən utanclı illər hesab edirəm, qazaxlılar üçün. Bu savadsız və bacarıqsız
adam Qazaxın tarixi şəxsiyyətlərinə də hörmətsiz yanaşıb. Azərbaycanın ilk
hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun şərəfinə 1973-cü ildə marşal Pavel
Kutaxov tərəfindən ucaldılmış 01 təyyarə monument abidəsini sökərək məhv etmək
istəyirdi. Son anda Salahlı kəndinin və Qazaxın ağsaqqallarının təpkisi
nəticəsində təyyarəni tullantı kimi Salahlı kəndinə göndərmişdi. Rəcəb Babaşov
başçı təyin olunan kimi, həmin abidəni daha uğurlu yerə qoyaraq hər kəsin
narazılığına son qoydu. Görəsən şər-böhtan yazanlar Kosalara, Aşağı Salahlıya
çəkilmiş, ümumi uzunluğu 30 km-dən çox olan yoldan, yaxın vaxtlarda isə
Xanlıqlara çəkiləcək yoldan da xəbərsizdimi? Rayonda yeni istifadəyə verilən
tibb məntəqələrindən, uşaq bağçalarından, rayon mərkəzi xəstəxanasından da
xəbərsizdilərmi? Əziz oxucu, bir daha Hannibal andı içərək, sizə tam
məsuliyyətimlə deyirəm ki, bu yazdıqlarım fikirlər subyektiv fikrimdir və heç
bir şişirtmə və mübaliğədən istifadə etməmişəm. Nə də bu yazıda ifadə etdiyim
fikirlərə görə kimlərdənsə təşəkkür almaq istəyim yoxdur. Sadəcə, vicdanımın
tələbi idi, bunları yazmaq. Hətta bu yazımla ədalətli Qazax ziyalılarına da
ünvanlı çağırış edərək, münasibət bildirmələrini istərdim. Güman edirəm ki, rayon rəhbərliyinə qarşı qarayaxma yazan, danışan
həmyerlimiz, eloğlumuz da ziyalıların mövqeyindən sonra öz qınına çəkiləcək.
Kim deyir ki, yazmayın. Yazın, tənqid yazın, təhqir yazmayın. Kim deyir ki,
danışmayın. Danışın, haqq olanı danışın, Allahsız danışmayın. Niyə heç Qazağa
aid strateji dövlət obyektlərini su qiymətinə özəlləşdirib məhv edən
allahsızlardan danışmırsız. Çünki onlar bu işləri görəndə çox ağızlar
"şirinlədib”. Dahilərdən hansısa deyib ki, həqiqət ən iti qılıncdır. Həqiqətən də bu gün
icra başçısı Rəcəb Babaşov Qazaxı respublikamızın inkişaf etmiş rayonlarından
birinə çevirmək istiqamətində çalışır. Qazaxın Baş planına uyğun olaraq rayonda
böyük işlər görülür. Şəhərdə, kəndlərdə istehsalat sahələri, iaşə obyektləri,
təsərrüfat subyektləri gündən-günə böyüyür ki, bu da əhalinin maddi rifah
halını yaxşılaşdırır, yeni iş yerləri açılır. Təbii ki, bu da ölkə Prezidenti
cənab İlham Əliyevin regionlarla bağlı həyata keçirmək istədiyi böyük işlərin
əsasında dayanır. Tanrı bu yolda Prezidentimizə və icra başçımıza kömək olsun.
Qədirbilən qazaxlılar da həmişə bu işlərə dəstək olub daim yaxşı əməllərə çiyin
verib başlanmış işlərə kömək edəcəklər. Rəcəb Babaşov Qazaxa başçı təyin
olunduğu gündən "bütün qazaxlılar mənim üçün çox doğma və əzizdir. Qazaxın
qadınları mənim anam, bacılarım və qızlarımdır”, - dedi. Qısa müddət ərzində
Qazaxda həyata keçirilən həm sosial layihələr, həm iqtisadi inkişaf, həm maddi
rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər aparan başçı, əziz
qazaxlılar, hələ görəcəyimiz işlər öndədir, - deyərək bizi daha da uğurlara
səsləyir... Uğurlar sizə, Rəcəb müəllim. Siz əsl Qazaxlısız. Əmin olun ki, Qazax
camaatı bundan 100 il, 1000 il sonra da sizi böyük ehtiram, məhəbbət və sevgi
ilə dəyərləndirəcəklər. Sizin gördüyünüz işlərə qarşı gedənlərin dedikləri isə
tarixin arxivlərinə - öz sələflərinin yanına gömüləcək. Çünki Qazaxa yeni baxış
gətirərək Qazaxın tarixi keçmişini, mədəniyyətini, adət-ənənəsini, iqtisadi
gücünü özünə qaytarırsız. Siz Qazaxda insanları bir-birinə sevgi çevrəsinə
dəvət etdiniz. Siz Qazaxda haqqı yeyiləni haqqı yeyən naxələf üzərində
ucaltdız. Bu özü bir əxlaq nümunəsi idi ki, siz sərgilədiz. Qazaxın son
zamanlar unudulmuş insanlarını yad etdiniz, onları bir daha ucaltdınız. Əminəm
ki, min illik tarixi olan qədirbilən Qazax camaatı da həmişə bu dəyərlər
müqabilində Vətənə, dövlətə, dövlətçiliyə daha möhkəm bağlarla bağlanıb daim
dövlətə nümunəvi sədaqət nümayiş etdirəcəklər. Sonda əsl qazaxlılara səslənərək deyirəm: Əziz qazaxlılar, sizlər ki,
haqqın nə olduğunu yaxşı bilirsiniz, belə yerdə susmayın, münasibət bildirin.
Şair Mədət Məhbub demişkən: Sizə qurban olum, ay Qazaxlılar! Duruşu dağlara tay Qazaxlılar! Yığışın hay salın, hay, Qazaxlılar! Küsüb, dağılışıb iraq olmayın! Qaynayın, qarışın, qıraq olmayın! Yusif Alıyev (Afşar) Fizika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, "Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin
üzvü
Facebook-da paylaş