• Təqvim

  • Unutma

  • Maraq



Yeni müəssisədə 2500 nəfər işləyəcək

Respublika mətbuatı Qazax haqqında


Bu gün ölkədə qeyri-neft sektorunun davamlı inkişafında, ixracyönlü məhsul istehsalının artırılmasında, eləcə də bölgələrdə məşğulluğun təmin olunmasında uğurlu göstəricilərə nail olunur. Ölkə başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bütün bölgələrdə sənaye parklarının yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması bu sahədə görülən işlərin nəticəsidir. Bu baxımdan Qazax rayonunda da sözügedən istiqamətdə konkret tədbirlər həyata keçirilir.

2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel fabriki bu gün nəinki Azərbaycanda, hətta ölkə hüdudlarından kənarda tanınır. Fabrik qərb bölgəsinin ən böyük müəssisələrindən biri kimi, məhsulları ilə xarici bazarlarda "Made in Azerbaijan” brendini ləyaqətlə təmsil edir.

Prezident İlham Əliyev də müəssisədə olmuş, fabrikin gördüyü işlərə yüksək dəyər vermişdir. Dövlət başçısının verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da genişləndirərək yeni layihəyə start vermişdir. Hazırda müəssisənin yaxınlığında yeni istehsal sahəsi - "Venzana” fabriki tikilir. Daha doğrusu, xüsusi layihə əsasında inşa edilən müəssisənin tikintisi artıq başa çatır. Yeni fabrikin cari ilin sonunda fəaliyyətə başlaması gözlənilir. İstehsal ediləcək mebellərin isə 2020-ci ilin ilk rübündən Avropaya ixracı planlaşdırılır.

Qeyd edək ki, "Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda bölgədə məşğulluğun təmin olunmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. 2500 nəfərin işləyəcəyi fabrikin istifadəyə verilməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması demək olacaq.

Layihənin vaxtında başa çatdırılması rayon rəhbərliyinin də diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tez-tez "Saloğlu” mebel fabrikinə gəlir, kollektivlə görüşür, fabrikin inşasının gedişi ilə maraqlanır. Müəssisənin direktoru Tacəddin Mustafayev deyir ki, işlər nəzərdə tutulduğu vaxtda başa çatdırılacaq.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

22 avqust 2019-cu il






Facebook-da paylaş