• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha üç çoxmənzilli yaşayış binasının təmirdən sonra açılışı olub


Son illər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, göstərdiyi diqqət və qayğı sayəsində respublikamızın bütün bölgələri durmadan inkişaf edir. Dövlət başçısının yürütdüyü siyasətin Qazax rayonunda olduğu kimi icra olunmasının nəticəsidir ki, təkcə son 3 ildə abadlıq və quruculuq işləri, yeni asfalt yolların çəkilməsi, bağçaların, məktəblərin inşa olunması, sosial obyektlərin istifadəyə verilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə qazanılan nailiyyətlər geniş vüsət alıb. Qazaxda daim diqqət mərkəzində saxlanılan və vətəndaş məmnunluğuna səbəb olan işlərdən biri də rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunması sahəsində görülən işlərdir. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən həmin işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub. Ölkə Prezidentinin imzaladığı çoxsaylı Sərəncamlara əsasən yaşayış binalarının təmiri vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, eyni zamanda yeni iş yerlərinin yaradılması, burada çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir və sakinlər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.

Hər il olduğu kimi, çoxmənzilli binalarla bağlı görülən işlərə bu il də böyük sürətlə start verilib. Məlumat verdiyimiz kimi, şəhərdə 1970-72-ci illərdə tikilərək sakinlərin istifadəsinə verilən Azadlıq küçəsində yerləşən 92, Ş.Xiyabani küçəsində yerləşən 12 və 14 saylı çoxmənzilli yaşayış binaları da əsaslı şəkildə təmir olunurdu. Bir neçə aydır ki, təmir olunan binalarda artıq işlər tam başa çatıb.

Bu gün hər biri 5 mərtəbədən, 4 giriş blokundan ibarət olan həmin çoxmənzilli yaşayış binalarının əsaslı təmirdən sonra açılış mərasimi olub. Binaların qarşısında keçirilən açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri və binada yaşayan sakinlər iştirak ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək açılış mərasimi münasibətilə bütün bina sakinlərini səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, bugünkü görüşümüzün əsas məqsədi həm təmirdən sonra siz sakinlərlə görüşmək, həm də sizləri narahat edən nə məsələ varsa onları öyrənməkdir. Rayon rəhbəri qeyd edib ki, dövlətimiz və dövlət başçısı tərəfindən nəinki əhalinin sosial rifah halının yaxşılaşdırılması, eyni zamanda mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Ötən ilin sonları, eləcə də cari ilin ilk 3 ayında ölkə vətəndaşlarının rifahı naminə imzalanan çoxsaylı Fərman və Sərəncamlar bunu əyani şəkildə sübut edir. Qeyd edib ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır. "İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da vətəndaşlara olan qayğının bariz nümunəsidir”, - deyən rayon rəhbəri həmin sərəncamların verilməsini yüksək qiymətləndirib və əhalinin rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.

Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib.

Görüşdə mərkəzi xəstəxana binasının tikintisindən də danışılıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması qeyd olunub.

 

İcra başçısı Dövlət Proqramında əksini tapan digər məsələlərdən də söz açıb. 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan 11 məktəbdən birinin Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb.

İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 21-nin tam müasir tələblərə cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, həmin 25 bağçadan 6-sı şəhərdə yerləşir ki, hər biri müasir standartlara cavab verən səviyyədədir.

Rayon rəhbəri vurğulayıb ki, rayonda həlli mövcud olan məsələlərdən biri də çoxmənzilli yaşayış binalarının təmir olunması idi. Son 3 ildə biz bu istəyimizə də uğurla nail olduq. Siz sakinlərin müraciətlərinə əsasən təmirə ehtiyacı olan 120-dən çox bina yüksək səviyyədə təmir edilərək istifadəyə verildi. Bütün bunlar isə o deməkdir ki, bundan sonra da siz sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq. Bu gün qarşısında toplaşdığımız bu 3 bina da həmin işlərin əyani göstəricisidir.

 

"Hər bir məmur çalışmalıdır ki, zamanı düzgün dəyərləndirərək həmişə xalqın, vətəndaşların yanında olsun”, - deyən icra başçısı sakinlərə göstərilən diqqət və qayğının son 3 ildə olduğu kimi, yenə də eyni qaydada göstəriləcəyini vurğulayıb. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sakinlərlə olan görüşlərindən, onlara göstərdikləri səmimi münasibətdən söhbət açan rayon rəhbəri Azərbaycanda vətəndaş amilinin hər zaman ön planda olduğunu bildirib. Azadlıq küçəsi 92 saylı binanın sakinlərindən Elnarə Budaqova, Tamella Poladlı, Svetlana Vəliyeva, Ş.Xiyabani 12 saylı binada yaşayan sakinlərdən Nəsibə Tağıyeva, Aysu Bayramova, Ş.Xiyabani 14 saylı binada yaşayan sakinlərdən Anar Nəbiyev, Şölə Xıdırbəyli, Azadlıq küçəsi 107 saylı binanın sakini Mübariz Abdullayev, Ş.Xiyabani 27 saylı binanın sakini Bəhlul Poladov və başqaları səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamların rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd ediblər. Qeyd ediblər ki, biz sakinlər 3 ildir ki, dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda yüksəkdə tutulmasının şahidiyik. Təmir başlayan ilk gündən mütəmadi olaraq binada görülən işlərlə yaxından tanış olmağınız, hər dəfə gəlişiniz zamanı qayğılarımızla maraqlanmağınız biz vətəndaşlara olan qayğının əyani təzahürüdür.

Məlumat üçün bildirək ki, hər üç binanın dam örtükləri yenilənib, bloklarla yanaşı, binanın xarici fasadında da suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub, blokların pəncərələri yenilənib. Blokların giriş hissəsində olan günlüklər yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Həmçinin, binalarla bərabər həyətdə də abadlıq işləri aparılıb. Həyətdəki qarajlar, oturacaqlar rənglənib, yeni işıqlanma sistemi çəkilib. Hər biri 36 mənzildən ibarət olan Azadlıq küçəsi 92 saylı binada 132 nəfər, Ş.Xiyabani 12 saylı binada 135 nəfər, 45 mənzildən ibarət olan Ş.Xiyabani 14 saylı binada isə 167 nəfər sakin yaşayır.

Görüş başa çatdıqdan sonra rayon rəhbərliyi şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında yaradılan şəraitlə də tanış olublar. 280-dən çox şəhidin şəkli əks olunmuş lövhə önündən keçərək onlara olan ehtiramlarını bildirib, əziz xatirələrini yad ediblər.







 



 






 

GOYEZEN.AZ



Facebook-da paylaş