Qazaxda suvarma suyunun və əkin sahələrində aparılan şumlamanın mövcud vəziyyəti ilə bağlı iclas keçirilib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətində rayonun içməli və suvarma suyunun, eləcə də kəndlərdə əkin sahələrində
aparılan şumlamanın mövcud vəziyyətinə dair iclas keçirilib. İcra aparatının məsul
işçilərinin, Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri
üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda qeyd
olunan məsələlərlə bağlı görülən işlərin hazırki durumu geniş müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək havaların quraq keçməsi ilə əlaqədar
respublikamızın bütün bölgələrində olduğu kimi, son günlər Qazaxda da suvarma
suyu ilə bağlı müvəqqəti çətinliklərin yarandığını bildirib. Qeyd edib ki, son
günlər Ağstafaçay su anbarında suyun səviyyəsinin aşağı olması ilə əlaqədar
olaraq rayonun bəzi kəndlərində içməli və suvarma suyunun verilməsində fasilələr
yaranıb. Rayon rəhbəri bu gün rayonda su məsələsi ilə bağlı yaranan mövcud vəziyyəti
nəzərə alaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşmağı, hazırki
durumu onlara izah etməyi bildirib və bununla bağlı aidiyyəti üzrə
tapşırıqlarını verib. İcra başçısı sakinləri narahat edən hər bir məsələyə daha
operativ şəkildə baxılmasını, əldə olan imkanlardan maksimum dərəcədə səmərəli
istifadə edilməsini qeyd edib. Yaranmış vəziyyətlə bağlı həlli mümkün olan nə
varsa edilməsini vurğulayıb. Sudan qənaətlə istifadə olunmasını və bunun üçün
növbəlilik qrafikinə də ciddi əməl edilməsini, heç bir vətəndaşın hüquqlarının
pozulmamasını bildirib. Əldə olan imkanlardan bütün vətəndaşların səmərəli şəkildə
istifadə etmələri üçün lazımi tədbirlərin görülməsini qeyd edib.
İcra başçısı su ilə bağlı yaranmış
vəziyyətin aradan qaldırılması üçün rayonda fəaliyyət göstərən subartezian
quyularının daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü işlərin
görüldüyünü də diqqətə çatdırıb. Vətəndaşlar tərəfindən subartezian quyuları
bağlı müraciətlərə dərhal reaksiya verilməsini, aidiyyəti təşkilatlar tərəfindən
yerində baxış keçirilməsini və həlli mümkün olan nə varsa edilməsini qeyd edib.
Bundan əlavə, təmirə ehtiyacı olan subartezian quyularında görülən işlərə,
verilən tapşırıqlara ciddi əməl olunmasını, daim nəzarətdə saxlanılmasını
vurğulayıb.
İclasda əkin sahələrinin şumlaması ilə bağlı görülən işlərdən də danışılıb. Qeyd olunub ki, bütün kəndlər
üzrə əkin sahələrində artıq şumlamaya başlanılıb. Bu günə qədər 2448 hektar sahədə şumlama aparılıb.
Sonda rayon rəhbəri istər suvarma,
istərsə də şumlama ilə bağlı kəndlərdə mövcud olan vəziyyəti öyrənmək üçün kənd
icra nümayəndələrini və bələdiyyə sədrlərini dinləyib. Qeyd olunan məsələlərlə
bağlı görülən işlərin sürətləndirilməsi istiqamətində bir daha tapşırıq və
tövsiyələrini verib.
Facebook-da paylaş