Alpout kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün Alpout kənd sakinləri ilə səyyar görüş keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə Respublika Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən söhbət açılıb. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışılaraq qeyd olunub ki, istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin əsas məqsədi vətəndaşları narahat edən məsələləri, kənddəki mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarətdir. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan
gələn müqəddəs Qurban bayramı münasibətilə görüş iştirakçılarını, bütün kənd
sakinlərini səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Görüşdə son illər ölkə
başçısının diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrimizdə
olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açılıb. Bildirilib ki,
bölgələrimizdəki inkişafın ən bariz nümunəsini son 3 ildə Qazaxda görülən təqdirəlayiq
işlərdən, qazanılan nailiyyətlərin ildən-ilə artmasından, bütün sahələr üzrə
həyata keçirilən işlərin geniş miqyas almasından aydın şəkildə görmək
mümkündür. Görüşdə həmçinin əhalinin
maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən
məqsədyönlü layihələrdən söz açılarkən bu sahə ilə bağlı imzalanmış sərəncamlar
və həmin sərəncamlardan irəli gələn vəzifələr xüsusilə vurğulanıb. Qeyd edilib
ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə
başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş
amili və xalqın rifah halı dayanır. "İyunun 18-də imzalanan çoxsaylı
sərəncamlar da vətəndaşlara olan qayğının bariz nümunəsidir”, - deyən rayon
rəhbəri həmin sərəncamların verilməsini yüksək qiymətləndirib və əhalinin
rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir
hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180
manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata
çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin
əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi
ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını
düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir. Rayonda, eləcə də kəndlərdə işsizliyin aradan qaldırılması istiqamətində
görülən işlərdən söz açan icra başçısı bu sahədə uğurlu addımların atıldığını
bildirib. Buna misal olaraq su-kanalizasiya
xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını
göstərib. Rayon rəhbəri qeyd edib ki, bundan əlavə, Qazaxda ”Azərxalça”
ASC tərəfindən tikilən xalça müəssəsi, ”Mətanət A” şirkəti tərəfindən inşa
edilmiş Əhəng zavodu, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən
tikilən Aqropark, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yeni iş yerlərinin
yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Bu yeni müəssisələr yüzlərlə,
minlərlə insanın işlə təmin olunması deməkdir. Rayon rəhbəri işsizliyin aradan
qaldırılmasında son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsinin, əkin
sahələrinin ildən-ilə genişləndirilməsinin mühüm rol oynadığını bildirib. Qeyd
edib ki, 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən
rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırıb, aqrotexniki tədbirləri
vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə isə
tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Həmin
sahədən toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil
verilib. Bu il isə 65 hektar sahədə tütün əkilib ki, bu da xeyli sayda işçi
qüvvəsinə ehtiyacın olması deməkdir. Bundan başqa, əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof
tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılıb. 376 hektar
artıq sahədə kartof becərən kəndlilər həmin sahədən 22 min ton məhsul əldə edib.
2018-ci ildə də həm əkin sahəsi, həm də də əldə edilən məhsul nəzərə çarpacaq
dərəcədə artıb. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə
alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar.
Bu da 2017-ci illə müqayisədə 277 hektar çoxdur. Vaxtında və uğurla həyata
keçirilən işlərin nəticəsidir ki, qeyd olunan hektardan 29 min 865 ton məhsul
əldə olunub. İldən-ilə kartof sahələrini artıran qazaxlı sahibkarlar, sadə
kəndlilər cari ildə də kartof sahələrini genişləndiriblər. Belə ki, 2019-cu
ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara
çatdırıblar. Bütün bunlar isə rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi
ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması baxımından da böyük əhəmiyyət
kəsb edir. Hazırda rayonda görülən işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən
bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə
rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Görüşdə mərkəzi xəstəxana
binasının tikintisindən də danışılıb. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması qeyd
olunub. İcra başçısı Dövlət
Proqramında əksini tapan digər məsələlərdən də söz açıb. Kür çayının ətrafında
sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə alınması, o cümlədən
də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Həmin
proqramda təmiri nəzərdə tutulan 11 məktəbdən birinin Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin
istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmirinə başlanıldığını bildirib. Bundan başqa, həmin Dövlət Proqramında
əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta məktəbin də yaxın
günlərdə təmirinə başlanılacağını vurğulayıb. İcra başçısı rayonda
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların
sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa
olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq
bağçasından 21-nin tam müasir standartlara cavab verən səviyyəyə
çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı
yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu
dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib
ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz
Alpout kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə
çatdırıb. Görüşdə ölkə başçısının diqqət və qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli, Ürkməzli,
Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək,
Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkilməsindən də söhbət açılıb. Əvvəlki
illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib.
"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər
haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını
həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Ümumiyyətlə, təkcə son
3 ildə Qazaxda 50-dən çox subartezian quyusunun qazıldığını qeyd edib. Rayonda, eləcə də kəndlərdə
elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd
edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun
sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri
digər kəndlərdə olduğu kimi, Alpout kəndində də SİP kabelləşmə işinin
tam başa çatdırılacağını bildirib. Görüşdə erkən nikahlarla
bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını,
ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət
ayırmalarını bildirib. Kənd sakinlərindən ağsaqqal
Əhəd Vəliyev, Şəadət Qurbanov, Alpout kənd tam orta məktəbin direktoru İsmayıl
Abdullayev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə,
diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini
çatdırıblar. Rayonda, o cümlədən Alpout kəndində görülən işlərdən danışan
sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Son günlər sakinlərin
istəyini nəzərə alaraq kənddə subartezian quyusunun qazılmasına, xüsusilə də
60-a yaxın ailənin su təminatının yaxşılaşdırılmasına görə razılıqlarını ifadə
ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident
İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz
dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında
keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə torpaq sahələrinin əkinə
yararlılıq qabiliyyətinin yoxlanılması üçün analizin aparılması, mövcud olan
subartezian quyusunun matorunun yoxlanılması, rayonun kənd təsərrüfatı və
baytarlıq idarələrinin əməkdaşları ilə görüşlərin təşkil olunması, məktəbin
cari təmiri ilə bağlı müraciətlərini dinləyən rayon
rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Qeyd olunan
məsələlərlə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.
İcra başçısı ölkə Prezidenti
İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi
məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması ilə əlaqədar Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ
Sosial Təminat Agentliyinin nəzdində yaradılan "DOST İş Mərkəzi" Məhdud
Məsuliyyətli Cəmiyyətindən də söz açıb. Hazırda Qazax rayonu üzrə "DOST İş
Mərkəzi” MMC tərəfindən 420 nəfərin işlə təmin olunduğunu bildirib. Həmin işçilərdən
5 nəfərin məhz Alpout kənd sakinləri olduğunu qeyd edib.
GOYEZEN.AZ
Facebook-da paylaş