• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı "Saloğlu” mebel fabrikində “Venzana” layihəsi üzrə reallaşan yeni fabrikin inşası ilə tanış olub

Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun tam təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır, genişmiqyaslı layihələr reallaşdırılır. Ölkə Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq respublikamızın bütün bölgələrində böyük sənaye parklarının yaradılması, fabriklərin inşa olunması bu sahədə görülən işlərin bariz nümunəsidir.

Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel fabriki də bu gün nəinki respublikamızda, hətta, ölkə hüdudlarından kənarda belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biri olmaqla yanaşı, istehsal etdiyi məhsullar da alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün "Saloğlu” fərdi firması 19 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə bərabər, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil etməyə nail olub. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan "Saloğlu” mebel fabriki 400 nəfərlik kollektivlə, respublikamızın Qərb bölgəsində, Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

2004 və 2016-cı illərdə möhtərəm Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da böyüdərək, 2500-ə yaxın yeni iş yerlərinin açılması istiqamətində də bir neçə yeni istehsal fabriklərinin tikintisinə başlayıb. Belə ki, ölkə Prezidenti İlham Əliyevin təməlini atdığı "Venzana” layihəsinin tikintisi uğurla davam etdirilməkdədir. Layihə əsasında yeni fabrik cari ilin sonuna qədər fəaliyyətə başlayaraq, istehsal edəcəyi mebel məhsullarını 2020-ci ilin ilk rübündə Avropaya ixracatını planlaşdırır. "Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni fabrikin inşasına başlanılan ilk gündən hər zaman öz diqqət və qayğısını, dəstəyini əsirgəmir.

Bu gün rayon rəhbəri növbəti dəfə "Saloğlu” mebel fabrikində olub, layihə əsasında inşa olunan yeni fabrikin tikintisi ilə maraqlanıb. Görülən işlərin mövcud vəziyyəti barədə öyrənib.

"Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, layihə uğurla həyata keçirilir. Bildirib ki, yeni inşa edilən fabrik fəaliyyətə başladıqdan sonra idxaldan asılılığı azaldacaq, əlavə vəsait xərclənməsinin qarşısını alacaq, ən əsası da əhalinin məşğulluğunu artıracaq. Eyni zamanda əsas hədəflərdən biri də məhsul istehsalını artırmaq və daxili bazarı gücləndirməkdir.

Sonra icra başçısı hazırda fəaliyyət göstərən fabrikdə olub, çalışan işçilərlə səmimi söhbət edib onlara işlərində uğurlar arzulayıb. 





 












 

GOYEZEN.AZ



Facebook-da paylaş