• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda rayonun sosial-iqtisadi inkişafı sahəsində 2019-cu ilin birinci yarımili ərzində görülmüş işlərə dair hesabat yığıncağı keçirilib


Bu gün iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib. Yığıncaqda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair görülmüş işlər müzakirə olunub.

Hesabat yığıncağında RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri, məktəb direktorları, KİV nümayəndələri iştirak edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda rayonun sosial-iqtisadi inkişafı sahəsində 2019-cu ilin birinci yarımili ərzində görülmüş işlərə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, bildiyiniz kimi, 2019-cu il iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Cənab Prezdent öz çıxışında ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrin icra olunduğunu qeyd etmişdir. Ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bunun, özünü rəqəmlərdə də əks etdirdiyini xüsusi vurğulayaraq bildirmişdir ki, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik. Bütün sahələrdə olduğu kimi, Cənab Prezident kənd təsərrüfatında da rekord göstərici əldə edildiyini bildirərək kənd təsərrüfatının bu ilin altı ayında 13 faiz artdığını, bu artımın xüsusilə bitkiçilik hesabına olduğunu göstərmişdir. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Cənab Prezident öz çıxışında bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndiyini və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə etdiyini və bu sahədə çox önəmli addımların atıldığını – minimum əməkhaqqının, minimum pensiyanın əhəmiyyətli dərəcədə artdığını qeyd etmişdir. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılaraq, 130 manatdan 250 manata, pensiya artımı 116 manatdan 200 manata çatdırılmışdır. Göründüyü kimi, bu da çox əhəmiyyətli dərəcədə artımdır. Gəlirlərimizin demək olar ki, tam həcmi sosial sahəyə yönəldilmişdir. Çünki sosial sahə bizim üçün vacib sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri daim diqqətdə saxlayacağıq.

Bildiyiniz kimi, bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Cənab Prezident bu proqramın çox genişmiqyaslı proqram olduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Eyni zamanda baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlərin də bu proqramın icrası nəticəsində öz həllini tapacağını qeyd etmişdir.

2019-cu ilin birinci yarısı rayonumuz üçün uğurlu olmuşdur.

Qazax rayonu üzrə 2019-cu il yerli gəlir və xərclərin proqnozu 10925000 manat məbləğində müəyyənləşdirilmişdir. 2019-cu ilin birinci yarısında yerli daxilolmalar 4883475 manat proqnoza qarşı 5971460 manat və ya 122 faiz yerinə yetirilərək büdcəyə 1087985 manat, yəni 22 faiz çox vəsait daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcəyə 522146 manat və ya 9,58 faiz çox vəsait daxil olmuşdur. Qarşılıqlı hesablaşmalar əsasında 2346000 manat vəsait daxil olmuş və 2043910 manat vəsait öz təyinatı üzrə (87 faiz) xərclənmiş və 01.07.2019-cu il tarixə 302094 manat vəsait qalmışdır. Yekun olaraq hesabat dövründə yerli gəlirlər cəmi 7229479 manat proqnoza qarşı 8317464 manat, yəni 115 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 1087985 manat, yəni 15 faiz çox vəsait daxil olmuşdur. Yerli xərclər 7086362 manat proqnoza qarşı 5668677 manat icra olunaraq 80 faiz və ya 1417685 manat (20 faiz) az icra olunmuşdur.

Hesabat dövründə sosial mədəni tədbirlərin maliyyələşdirilməsinə ayrılmış 3292636 manat proqnoza qarşı 2256026 manat (68 faiz) vəsait xərclənmişdir ki, bu da proqnoz tapşırığından 1036610 manat (31 faiz) azdır. Eyni zamanda iqtisadiyyatın maliyyələşdirilməsinə ayrılmış 770438 manat proqnoza qarşı 747197 manat xərc olmuşdur ki, bu da proqnoz tapşırığının 96 faiz icra olunması deməkdir.

İcra zamanı ilk növbədə əməkhaqqı və ona bərabər tutulan ən zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin məlum Sərəncamlarına əsasən minimum əməkhaqqı 2019-cu il martın 1-dən 130 manatdan 180 manata qalxmış, yəni 38,5 faiz artım və 2019-cu il sentyabrın 1-dən 38,9 faiz artırılaraq 250 manata çatdırılacaqdır. Qeyd etmək lazımdır ki, 2019-cu il sentyabr ayının 1-dən tətbiq edilən minimum əməkhaqqının 2018-ci il yanvarın 1-dən tətbiq olunan minimum əməkhaqqına nisbətən 130 manata qarşı 250 manat, yəni 120 manat çox və yaxud 192,3 faiz və 2019-cu il martın 1-dən tətbiq edilən minimum əməkhaqqına nisbətən 180 manata qarşı isə 250 manat, yəni 70 manat çox və yaxud təxminən 40 faiz artım təşkil edir.

Ölkə başçısının son Sərəncamları ilə əməkhaqlarının və minimum əməkhaqqının 40-50 faiz artırılması rayonumuzun təkcə büdcədən maliyyələşən 44 təşkilatı üzrə çalışan işçi və qulluqçuların təxminən 3000 nəfərinin sosial vəziyyətinin yaxşılaşması deməkdir.

Bildiyiniz kimi, rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2019-cu ilin birinci yarısı ərzində əhaliyə 14110613 manat kredit verilmişdir. Əhalidən 2947980 manat olmaqla 113612 ABŞ dolları və 47895 Avro əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 26 layihə üzrə 1228000 manat kredit verilmişdir. Verilən bu kreditə görə 125 yeni iş yeri yaradılmışdır. 2019-cu ilin 1-ci yarısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əməkhaqları artırılmışdır. Belə ki, əmək pensiyalarının indeksləşdirilməsi, minumum pensiyaların 116 manatdan 160 manata, 160 manatdan 200 manata, 14 növ sosial müavinətlərin, 7 növ Prezident təqaüdünün artırılması, 2 növ yeni Prezident təqaüdünün təsis edilməsi və s. artımlar nəticəsində 2019-cu ildə 2018-ci ilə nisbətən pensiya və müavinət alanların pensiyalarında xeyli artım proqnozlaşdırılır.

Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi üzrə ilin 1-ci yarısında 12946 nəfər pensiyaçı qeydiyyatda olmuşdur. Onlardan 8504 nəfəri yaşa görə, 3504 nəfəri əlilliyə görə və 545 nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır. Bundan başqa, 381 ailənin 1549 üzvünə 435100 manat ünvanlı sosial yardım, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2843 nəfər müharibə veteranına 1224000 manat müavinət, 199 şəhid ailəsinə 298400 manat Prezident təqaüdü, 825 nəfər sağlamlıq imkanı məhdud olan uşaqlara 575800 manat müavinət, 4126 nəfərə 2563300 manat digər sosial müavinət ödənilmişdir. Hesabat dövrü ərzində pensiya və sosial müavinətlərin verilməsi üçün 20599700 manat vəsait aidiyyatı üzrə hər ayın 25-dək gecikmədən ödənilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqaisədə ödəniş məbləği 1068400 manat çox olmuşdur.

Hesabat dövrü ərzində əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində müəyyən işlər görülmüşdür.

Hesabat dövründə Qazax Elektrik Şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 35/10 kv-luq yarımstansiyada olan avadanlıqlarda cari təmir işləri və sınaq yoxlamalar aparılmışdır. Eyni zamanda Şəbəkə tərəfindən şəhər və kəndlərdə 105 ədəd transformatorda cari təmir işləri aparılmış, 12 km uzunluğunda hava xəttində cari təmir işləri görülmüş, 0,7 km zədəli naqillər yenisi ilə əvəz olunmuş, 19 ədəd ağac dayaq beton və metal dayaqlarla əvəz olunmuşdur. Ümumilikdə hesabat dövründə Elektrik Şəbəkəsi tərəfindən 5,6 km uzunluğunda 10 kv-luq xətt çəkilmiş, 131 ədəd 10 kv-luq hava xətti və 210 ədəd SİP kabel üçün cəmi 341 ədəd dayaq quraşdırılmış, 14,7 km uzunluğunda SİP kabel çəkilmiş, 5 ədəd müxtəlif gücdə yeni transformatorlar alınmış, magistral yol kənarında olan 41 ədəd metal dayaqlar rənglənmişdir. 2019-cu ilin birinci yarısı ərzində rayona daxil olan faydalı enerji 51909600 kvt saat olmaqla dəyəri 4207100 manat olmuş, ümumi yığım 3798300 manat, əhali sektorundan 1454300  manat olmaqla yığım faizi 90,2 faiz təşkil etmişdir. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Qazax Elektrik Şəbəkəsinə 445 müraciət daxil olmuş, həmin müraciətlərdən 410-u icra olunmuş, 35 müraciət isə icra olunmaqdadır. Görülmüş işlərlə yanaşı, xidmətin bu sahəsində rayonumuzun fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında nöqsan və çatışmazlıqlar mövcuddur ki, bununla bağlı Elektrik Şəbəkəsinin rəhbərliyinə xəbərdarlıq edilmişdir.

 

Qazax rayonunun bütün yaşayış məntəqələri bildiyiniz kimi təbii qazla təmin olunmuşdur.

Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən rayonda hesabat üzrə 21489 abonentə, o cümlədən, 21135 əhali abonentinə, 354 qeyri-əhali abonentinə xidmət göstərilmişdir. İlin birinci yarısında 1050 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz edilmiş, 100 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. Hesabat dövründə Qazax Xidmət Sahəsinə vətəndaşlar tərəfindən 174 müraciət daxil olmuşdur ki, bunlardan 168 müraciət həll olunmuş, 6 müraciət isə icradadır. Xidmət tərəfindən ümumilikdə 7 ədəd qaz tənzimləyici qurğu yeni müasir tipli qaz tənzimləyici qurğu ilə əvəz olunmuş, müxtəlif diametrli 4686 p/m qaz xətləri korroziyaya uğramaması üçün rənglənmiş, 2 ədəd yeni siyirtmələr quraşdırılmış, 706 ədəd qaz tənzimləyici qurğulara, 643 ədəd siyirtmələrə texniki baxış və profilaktiki xidmət göstərilmişdir. Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının 30 aprel 2019-cu il tarixli Qərarına əsasən qazın limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılmışdır. Qazax Xidmət Sahəsi üzrə əhali abonentlərinin hər birinə şamil olunmuş və istifadəsi Xidmət Sahəsi tərəfindən nəzarətdə saxlanılır. Qazax Xidmət Sahəsi tərəfindən istehlakçılara ümumilikdə 54341118 kubmetr təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın həcmi 18715435 kubmetr, dəyəri 1920846,61 manat, yığım isə 2347242,68 manat olmaqla yığım faizi 122,2 faiz təşkil etmişdir. Əhalimizə yüksək səviyyədə xidmət göstərilməlidir, onlara qarşı daim diqqətli olmalı, fəaliyyətiniz tam şəffaf olmalıdır.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 1 şəhər və 34 kənd olmaqla, 15072 telefon abunəçisinə və 8218 internet abunəçisinə xidmət göstərilir. Hər 100 təsərrüfata düşən telefon aparatlarının sayı 60,1 % və internet istifadəçilərinin sayı 32,8 % olmuşdur. Hesabat dövründə 127 ədəd yeni telefon çəkilmişdir. 2019-cu ilin birinci yarısı ərzində 840109 manat gəlir əldə edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə (776216 manat) bu 63893 manat (8%) çox vəsait deməkdir. Yığılmış vəsaitin 758527 manatı əhaliyə göstərilən rabitə xidmətindən, 81582 manatı isə idarə və təşkilatlara göstərilən rabitə xidmətindən olmuşdur. Birinci yarımil ərzində "Aztelekom” internet xidmətindən 466730 manat gəlir əldə edilmişdir ki, bu da ümumi gəlirin 55,5 faizini təşkil edir və ötən ilin müvafiq dövrü ilə müqaisədə 67930 manat (17 %) çoxdur. Bütün sahələrdə əvvəldən yığılıb qalmış böyük nöqsanlar və çatışmamazlıqlar mövcuddur. Bununla bağlı Qovşağın yeni rəhbərliyinə ciddi xəbərdarlıq edilmişdir. Fəaliyyətlərində təcili dönüş yaradılmalıdır. Vətəndaş göstərilən xidmətdən məmnun qalmalıdır.

Hesabat dövründə Qazax Poçt filialı 2019-cu ilin birinci yarısında plan tapşırıqlarını 118 faiz yerinə yetirmişdir. Yəni, 252290 manat gəlirə qarşı 297850 manat gəlir əldə edilmişdir ki, nəticədə filial ilin birinci yarısını 45560 manat mənfəətlə başa vurmuşdur. Qazax Poçt filialı ümumilikdə 84533 nəfərə xidmət göstərir və eyni zamanda əhaliyə göstərilən xidmətlər sayca artmaqdadır. Qazax Poçt filialının fəaliyyətini qanətbəxş hesab edərək xidmətin keyfiyyətinin artırılmasını və şəffaflığın qorunmasını bir daha tövsiyə edirəm.

"Qazax Avtovağzal” Açıq Səhmdar Cəmiyyəti ilin 1-ci yarısı üzrə plana 104 faiz əməl edərək 239 min nəfər sərnişinə xidmət göstərmişdir. Gün ərzində şəhərətrafı və şəhərdaxili işləyən marşurut üzrə 80, şəhərlərarası marşurut üzrə 67 olmaqla, cəmi 147 avtobus sərnişinlərinə xidmət göstərmişdir. İlin 1-ci rübündə qeyd olunan nöqsanlar qismən aradan qaldırılmışdır. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Qazax rayonunda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərin sənədlərinin yoxlanılması məqsədilə iyul ayının 11,12 və 13-də səhər saat 09:00-da RİH-nin, DYP-nin, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin və "Qazax Avtovağzal” ASC-nin nümayəndələrinin iştirakı ilə reydlər keçirilmişdir. Reyd zamanı ümumilikdə 51 ədəd avtonəqliyyat vasitəsinin texniki vəziyyətinə və sürücülərin sənədlərinə baxış keçirilmişdir. Baxış zamanı etibarnamənin müddəti bitdiyi halda avtomaşını idarə edən bir nəfər sürücü Asim Hüseynova xəbərdarlıq edilmiş və xətdən müvəqqəti uzaqlaşdırılmışdır. Reyd zamanı avtonəqliyyat vasitələrinin tibbi müayinə vəsiqələrinin olduğu, ancaq gündəlik həkim müayinəsindən keçmədiyi müəyyən edilmişdir. Məsələ ilə bağlı "Qazax Avtovağzal” ASC-nin rəhbərliyinə ciddi irad bildirilmiş, sürücülərin gündəlik tibbi müayinədən keçərək xəttə buraxılması üçün müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda avtomobillərin texniki vəziyyəti və təmizliyi ilə bağlı nöqsanlar olan avtonəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq olunaraq qısa müddət ərzində çatışmazlıqların aradan qaldırılmasını təmin etmək üçün müvafiq göstərişlər verilmişdir. Qeyd edilən çatışmamazlıqlar ilin 9 aylıq hesabatında müzakirə edləcəkdir.

Avtomobil Yolları Dövlət Agentliyi "28 nömrəli Yol İstismarı” MMC Qazax rayonunda 16 körpü və 148 km uzunluğunda yola xidmət edir, bunun 14 km-i respublika əhəmiyyətli yollardır. Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yolunun tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır. Uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi başa çatmış və həmin yaşayış məntəqələrində yaşayan insanların rahat gedib-gəlmələrini  təmin etmişdir.

Qazax "Su Kanal” Sahəsi rayon üzrə 6367 əhali abonenti (18548 nəfər) və 262 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 6629 abonentə, 126,81 km su xəttinə və 36,34 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir. Magistral kanalizasiya xəttinin uzunluğu 9,54 km-dir. İlin 1-ci yarısı ərzində su istifadəçilərinə 539037 kubmetr su verilmiş, içməli su və çirkab suların dəyəri 277116 manat olmuş, 245077 manat vəsait toplanmışdır. Toplanmış vəsait satışın 88 faizini təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründən 18040 manat, yəni 3 faiz çoxdur. Hesabat dövrü ərzində müəssisəyə vətəndaşlar tərəfindən 682 müraciət daxil olmuşdur ki, bunların 223-ü kanalizasiya, 459-u su təchizatı ilə bağlı olmuşdur. Daxil olmuş müraciətlərdən 39-u əsassız sayılmış, 643 müraciət isə müsbət həll edilmişdir.

Bildirirəm ki, İslam İnkişaf Bankının dəstəyi ilə Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması məqsədilə, tenderin qalibi olmuş podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Qazax su-kanalizasiya layihəsi üzrə 6 fevral 2019-cu il tarixdən Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış və hazırda şəhərdə su-kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam etdirilir. Məlumat üçün bildirirəm ki, hesabat dövrü üzrə su xətti 14,54 % kanalizasiya xətti isə 21,94% icra edilmişdir. Fürsətdən istifadə edərək bu sahəyə ictimai nəzərətin olmasını da arzu edirəm.

İlin birinci yarısında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 147553 manat vəsait daxil olmuşdur. Daxil olan vəsaitin 112608 manatı təmizlik və yaşıllıq işçilərinin əməkhaqqı və s. xidmətlər üçün Qazax şəhər nümayəndəliyindən, 8117 manatı əhalidən, 3934 manatı kommersiya obyektlərindən, 22894 manatı isə təşkilatlardan və digər xidmətlərdən daxil olmuşdur. Hesabat dövründə Kombinat üzrə işçilərin əməkhaqları vaxtlı-vaxtında ödənilmişdir. "Dost İş Mərkəzi” MMC tərəfindən hesabat dövründə Kombinata 290 nəfər, kəndlərə isə 130 nəfər ictimai işlərdə işləyən işçilər verilmişdir. Kombinat ictimai işçiləri özündə birləşdirərək əvvəlki illərə nisbətən şəhərin bütün küçələrinin təmizlənməsini əhatə etmiş, işçi qüvvəsinin artması sayəsində şəhərətrafı küçə və səkilərin təmizlənməsi, tikinti və söküntü qalıqlarının götürülməsi, su arxlarının qaydaya salınması, parklarda təmizliyin bərpa olunması, yaşıllıq zonalarının artırılması, əkilmiş gül-çiçəklərə qulluq edilməsi, qazonların suvarılması və biçilməsi, yaşıl ağaclara forma verilməsi, su arxlarının və keçid borularının təmizlənməsi və digər işlər görülmüşdür.

 

Qazax Mənzil İstismar Sahəsi balansında olan 157 binaya xidmət edir və həmin binalarda 1892 mənzil movcuddur. Hesabat dövründə Sahə tərəfindən çoxmərtəbəli yaşayış binalarının tüstü bacaları və boruları, su novalçaları təmizlənmiş, zirzəmilərə baxış keçirilərək təmizlik işləri aparılmış, həyətlərdə təmizlik,  səliqə-sahman işləri görülmüşdür. Belə ki, Mənzil İstismar Sahəsi tərəfindən hesabat dövründə çoxmənzilli 21 yaşayış binasının dam örtüyündə cari təmir işləri aparılmış, 8 binanın su və kanalizasiya xətlərində yaranmış qüsurlar boruların dəyişdirilməsi ilə aradan qaldırılmış, 5 binanın zirzəmisi təmizlənərək dərmanlanmış, 4 binanın tüstü boruları təmizlənmişdir. Mənzil İstismar Sahəsinin rəhbərliyinə tapşırıq verərək bildirirəm ki, göstərilən xidmətlərin keyfiyyətini yüksətməklə yanaşı, mənzil haqlarının vaxtlı-vaxtında yığılmasını tam təmin etsinlər.

Hesabat dövründə rayonun təhsil, mədəniyyət səhiyyə müəssisələri tərəfindən bir sıra işlər görülmüşdür.

Bildiyiniz kimi, Rayon Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən, 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Tədris ilində ümumtəhsil məktəblərində təhsil alan 12882 nəfər, o cümlədən, 1048 nəfər məktəbəhazırlıq qrupunda təhsilə cəlb edilmiş şagirdlər nəzərə alınmaqla şagirdlərin təlim-tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olmuşdur.

Rayonun ümumtəhsil məktəblərində hesabat dövründə orta aylıq dərs davamiyyəti 95 faiz olmuşdur. Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə təhsilin keyfiyyətinin artırılması, müəllimlər arasında sağlam rəqabətin yaradılması və tədrisin vəziyyətinin öyrənilməsi məqsədilə Rayon Təhsil şöbəsində qabaqcıl metodist və müəllimlərdən ibarət "İşçi qrupu” yaradılmış, ayrı-ayrı fənlər üzrə müəllimlərin dərslərinin keyfiyyətinin öyrənilməsi, fənn müəllimlərinə metodiki köməklik göstərilməsi ilə əlaqədar monitorinqlər aparılmışdır. Rayonun ümumi və tam orta təhsil müəssisələrini əhatə edən monitorinqlər zamanı hesabat dövründə işçi qrupu tərəfindən 185 dərs dinlənilmiş, nəticələr rayon Təhsil Şurasında müzakirə edilmiş, yüksək nəticə göstərənlərə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı verilmiş, mükafatlandırılmışlar. 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 702 nəfər bitirmiş, onlardan 456 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş, qəbul imtahanlarının 1-ci mərhələsinin nəticələrinə görə 10 nəfər 600-dən, 25 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Son göstəricilər haqqında məlumatlar hal-hazırda dəqiqləşdirilir. Rayonun təhsil müəssisələrində Qazax Müəllimlər Seminariyasının və Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin keçirilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində Təhsil şöbəsinə vətəndaşlar tərəfindən 8 yazılı, 300 şifahi müraciət daxil olmuş, müraciət edənlər əsasən işə qəbul qaydaları ilə maraqlanmış, onların tələbləri dinlənilmiş, müvafiq izahat və lazımi istiqamət verilmişdir.

Bakı Dövlət Universitetinin Qazax filialı regional ali təhsil müəssisəsi kimi rayonumuzda fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində filialda əyani şöbə üzrə 41 qrup, qiyabi şöbə üzrə isə 6 qrup olmaqla, 17 ixtisas üzrə 1014 nəfər tələbə təhsil alır ki, bunlardan 902 nəfəri əyani, 112 nəfəri qiyabi təhsil alan 63 şəhər və rayonlardan olan tələbələrdir. Tələbələrin təlim-tərbiyəsi ilə 76 nəfər professor-müəllim heyəti məşğul olur. 2018-2019-cu tədris ilində filialı 38 nəfər tələbə bitirərək məzun adını qazanmışdır. 2019-2020-ci tədris ili üçün filiala 17 ixtisas üzrə (4-ü qiyabi olmaqla) 680 nəfər tələbə qəbulu və 4 ixtisas üzrə 12 nəfər magistr hazırlığı planlaşdırılmışdır. Hesabat dövründə filialda Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Təhsili və Elminin Müasir Problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. İnanırıq ki, Bakı Dövlət Universitetinin Qazax filialında son illərdə olduğu kimi, bundan sonra da nizam-intizam və şəffaflıq əsas meyar olaraq qalacaqdır.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 6-sı Qazax şəhərində, 19-u isə kəndlərdə yerləşir. Şəhər bağçalarında 515 nəfər, kənd bağçalarında isə 585 nəfər olmaqla, ümumilikdə bağçalarda 1100 nəfər uşaq təlim-tərbiyə alır. Rayon üzrə fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında ümumilikdə 335 nəfər işçi fəaliyyət göstərir. Onlardan 147 nəfər şəhər, 188 nəfər isə kənd üzrə fəaliyyət göstərənlərdir. 2017-2018-ci və 2019-cu ilin birinci yarısı ərzində rayonda fəaliyyət göstərən 25 körpələr evi-uşaq bağçalarından 21 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir-tikinti işləri aparılmışdır. Qalan 4 məktəbəqədər təhsil müəssisəsində də təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayonu üzrə Mədəniyyət müəssisələri tərəfindən 2019-cu ilin birinci yarısı ərzində ümumilikdə 912 mədəni-kütləvi tədbir keçirilmişdir. Qazax rayonu üzrə mədəniyyət müəssisələri hesabat dövrü ərzində ölkəmizlə bağlı olan tarixi hadisələri, əlamətdar günləri, el bayramlarını, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin yubileylərinin geniş surətdə əhatəli ssenari əsasında qeyd olunmasını təşkil etmişdir. Mədəniyyət müəssisələrində İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar Xalq yazıçısının xatirəsinə və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş silsilə  tədbirlər həyata keçirilmişdir.

Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, bir Təcili və Təxirə Salınmaz Tibbi Yardım stansiyası, 3 Poliklinika şöbəsi,  100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonumuzda respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 təcili tibbi yardım xidməti fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq 10 korpusdan ibarət Mərkəzi Rayon Xəstəxana Kompleksinin 5 korpusunda tikinti işləri başa çatdırılmış, tibbi avadanlıq və inventarlarla tam yüksək səviyyədə təmin edilmişdir. Əlavə 5 korpusun tikinti işləri başa çatdırılıb, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Qazax Müalicə Diaqnostika Mərkəzinə 2019-cu ilin birinci yarısı ərzində 15021 nəfər ambulator gəliş olmuş, 34038 laborator müayinələr aparılmışdır. Stasionar şöbəyə 595 xəstə daxil olmuş, 445 nəfər üzərində cərrahi əməliyyatlar aparılmışdır. Mərkəzdə 12.02.2019-cu il tarixdən 12.05.2019-cu il tarixədək əhalinin tibbi müayinəsi ilə bağlı 10018 nəfər müraciət etmiş, onlar üzərində 16426 müayinə keçirilib. Onlardan 8138 nəfərin sağlam, 155 nəfər stasionar müalicəyə cəlb olunmuş, 7 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 150 nəfər üzərində cərrahi əməliyyatlar aparılmış və 1725 nəfər ambulator müalicəyə cəlb olunmuşdur.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən hesabat dövrü ərzində yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. İlin birinci yarısı ərzində rayonda gənclərlə iş sahəsi üzrə 13 olmaqla, ümumilikdə 14 tədbir həyata keçirilmiş və keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2034 nəfər gənc iştirak etmişdir.

Bədən tərbiyəsi və idman sahəsi üzrə 19 tədbir həyata keçirilmiş, ümumilikdə bu yarışlarda 1828 nəfər idmançı öz gücünü sınamış, rayonumuzun idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etmişlər. Olduqca sevindirici haldır ki, 25-26 iyun 2019-cu il tarixlərdə Belarusiyanın Minsk şəhərində keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışlarında Qazax güləş məktəbinin yetirməsi Mahir Əmiraslanov respublikamızın idman şərəfini layiqincə təmsil edərək qızıl medal qazanmışdır. Qeyd edək ki, 2019-cu ilin birinci yarısında rayonumuzun idmançıları beynəlxalq miqyaslı yarışlarda 23, respublika yarışlarında isə 90 medal əldə etmişlər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 medal çoxdur. Yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar rayon rəhbərliyi tərəfindən qəbul edilərək qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

 

2019-cu ilin birinci yarısında Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. Belə ki, 2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 12555 hektar payızlıq taxıl, o cümlədən 8305 hektar buğda, 4250 hektar arpa səpilmişdir. Həmin taxıl sahəsindən 42 min 330 ton məhsul götürülmüşdür. 4250 hektar arpa sahəsindən 10902,2 ton, 8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunmuşdur. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil etmişdir. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olmuşdur. Taxıl biçininə 60 kombayn cəlb edilmiş, bunun 32-si "Aqrolizinq” ASC-nin kombaynlarıdır. Eyni zamanda 2019-cu ildə 65 hektar sahədə tütün əkilmişdir. 2019-cu ilin yazında cəmi 21476,3 hektar sahədə kənd təsərrüfatı məhsulları becərilmişdir. Hal-hazırda rayonumuzda 1320 hektar kartof əkilmişdir ki, onun da yığımı sürətlə davam edirilir. İlkin göstəricilər deməyə əsas veriri ki, 40000 tona yaxın məhsul əldə edilməsi proqnozlaşdırılır.

Hesabat dövründə rayonda 200 qutu tut ipəkqurdu becərilmiş və 7667,5 kiloqram barama istehsal olunmuşdur.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 19 şifahi, 26 yazılı müraciət daxil olmuşdur. Müraciətlər subsidiyanın alınması üçün verilmiş Aqrotipli kartları itirdikləri üçün yeni kart alınması, cins mal-qara almaq üçün köməklik, taxıl sahələrində gəmiricilərə qarşı mübarizə üçün dərman vasitələrinin, mütəxəssis rəyinin verilməsi və işə qəbul ilə bağlı olmuş, bütün müraciətlər müsbət həll olunmuşdur.

Qazax Suvarma Sistemləri İdarəsi rayonun 18421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Sahələrin 11863 hektarı öz axımı ilə, 5558 hektarı isə nasos stansiyaları vasitəsilə suvarılır. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kubmetr olan "Ağstafaçay”, 20 milyon kubmetr  olan "Coğazçay” və 2,6 milyon kubmetr olan "İncəsu” çay su anbarları, tutumu 0,2 milyon kubmetr  olan "Acı dərə” kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən "Şıxlı” arxı, həmçinin, Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır. 2019-cu ilin vegetasiya suvarmasına hazırlıqla əlaqədar rayon ərazisində təmizlənməsi vacib olan 266,58 km uzunluğunda arxlar təmizlənməli olduğu halda 303,2 km uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələri Rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi, nəzarəti və yaxından köməyi, kənd sakinlərinin, Suvarma Sistemləri İdarəsinin qüvvəsi ilə lildən, kol-kosdan təmizlənərək vegetasiya suvarılmasına tam hazır vəziyyətə gətirilmişdir. Təmizlənmiş arxların 149,74 km-i əl əməyi ilə, 153,46 km-i isə texnika vasitəsilə aparılmışdır. Hazırda idarənin balansında olan 21 nasos stansiyadan 19-u işləyir. Suvarmanın mütəşəkkil aparılması üçün nasos stansiyalarının iş rejiminə ciddi nəzarət edilir və yaranmış qüsurlar operativ olaraq aradan qaldırılır. Hesabat dövrü ərzində Suvarma Sistemləri İdarəsinə vətəndaşlardan və aidiyyəti qurumlardan daxil olmuş 122 ədəd məktub və müraciətlərin hamısı müsbət və qanunamüvafiq olaraq həll olunmuşdur. İdarənin rəhbərliyinə tapşırıq verərək bildirirəm ki, vətəndaşlar vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməlidir.

Qazax Melioservis İdarəsi təsərrüfat hesablı olmaqla, hesabat dövründə müqavilələr əsasında Qazax Suvarma Sistemləri İdarəsinin balansında olan arxların, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri və yenidən bərpası işlərini görmüşdür. İdarə birinci yarımil ərzində 131540 manatlıq, yəni 102,9 kubmetr lildən təmizləmə işi aparmış, Suvarma Sistemləri İdarəsinin balansında olan R-1, R-2 və R-4 kanallarında, "Axmaz” arxında,  "Daş Salahlı” və "Zor” arxlarında lildən təmizləmə işləri görmüşdür.

2019-cu ilin birinci yarısında Qazax Rayon Məşğulluq Mərkəzinə 26 müəssisədən 2004 boş iş yeri  təqdim olunmuş, işaxtaran və işsiz vətəndaşlardan Mərkəzə 1659 nəfər vətəndaş müraciət etmişdir ki, onlardan 1581 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, 1406 nəfərə işə göndəriş verilmiş, 786 nəfəri daimi işlə təmin olunmuşdur. Respublika Prezidenti cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində "DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 420 nəfər işaxtaran vətəndaş "DOST İş Mərkəzi” MMC-yə haqqı ödənilən ictimai işə göndərilmiş və işlə təmin olunmuşdur. "DOST İş Mərkəzi” MMC-də ictimai işə cəlb olunan vətəndaşların əməkhaqqı 180 manat təşkil edir. Bundan əlavə, Qazax Rayon Məşğulluq Mərkəzinə SOCAR Şirkəti tərəfindən 90 boş (vakansiya) iş yeri və "Azərişıq” ASC-i tərəfindən 55 boş (vakansiya) iş yeri daxil olmuşdur. Həmin boş iş yerləri üzrə Mərkəzdə qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşlara işə göndəriş verilmiş və işlə təmin olunmuşdur. Hesabat dövründə Mərkəzə 97 məktub, 46 müraciət daxil olmuş, 43 müraciətə qanunamüvafiq qaydada baxılmış, 3-ü isə icraatdadır.

Rayon Statistika İdarəsi yerli statistika orqanları üçün statistik işlər proqramına əsasən 2019-cu ilin birinci yarısında müəssisə və təşkilatlardan hesabatlar toplamış, icmal məlumatlar, bülletenlər, təhlili məruzələr hazırlamış, elektron və adi poçtla aidiyyəti ünvanlara göndərilmişdir. İlkin hesablamalara əsasən müəyyən olunmuşdur ki, birinci yarımil ərzində məhsul buraxlışının həcmi 96800000 manat olmuş, bu isə keçən ilin müvafiq dövrünə  nisbətən 1,1 faiz çoxdur. Kənd təsərrüfatı məhsulunun həcmi 31250000 manat olmaqla keçən ilə nisbətən 3,8 faiz çox, sənaye məhsulunun həcmi isə 18240000 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 13,1 faiz çoxdur. Tikinti quraşdırma və ticarət sahəsində məhsul buraxlışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 350 manat, adambaşına məhsul buraxılışı 890 manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 18.270 000 manat, tikinti quraşdırma işlərinin həcmi 17530000 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 4650000 manat olan 140 yaşayış evi tikilib istifadəyə verilmişdir. Hesabat dövrü ərzində 12 müəssisə və 474 yeni iş yeri açılmışdır ki, bunun 441-i daimi iş yeridir. 2003-cü ildən 2019-cu ilin birinci yarısınadək rayonda 362 müəssisə yaradılmış, 14467-si daimi olmaqla 17287 yeni iş yeri açılmışdır. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 56610 nəfər olmuşdur ki, bunun da 53405 nəfəri məşğul əhalidir.

Rayonda  regionların  sosial-iqtisadi  inkişafı Dövlət  Proqramına  uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən illərdə  olduğu kimi, 2019-cu ilin birinci yarısında da uğurla davam  etdirilmişdir.

Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Belə ki, hesabat dövründə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə aparılan bərpa-gücləndirmə və əsaslı təmir işləri yekunlaşmış və məktəb 4 fevral 2019-cu il tarixdə istifadəyə verilmişdir. Hazırda Dövlət Proqramında əksini tapan Qaymaqlı kənd tam orta məktəbin tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Hal-hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb. Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin istismara yararsız olması nəzərə alınaraq əsaslı təmir olunması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən daha bir qiymətdir.

Ölkə rəhbərinin Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinin keçirilməsi barədə imzaladığı Sərəncama uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən 22 iyun 2019-cu il tarixdə Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında şairin büstü qoyulmuşdur. 

2019-cu ildə Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmən­zilli binaların dam örtüyünün təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il tarixli 922 nömrəli Sərəncamı ilə Qazax rayonunda 8 çoxmənzilli binaların dam örtüklərinin təmirinə 669,53 min manat vəsait ayrılmışdır.

Sərəncama əsasən: Qazax şəhəri, Hüseyn Arif küçəsində yerləşən 2,3,4 və 5 nömrəli dörd mərtəbəli, dörd və altı bloklu binaların ümumi sahəsi 5572 kv.m olan dam örtükləri əsaslı təmir olunmuş, binaların ümumi sahəsi 9876 kv.m fasad hissələri, blokları, əsaslı təmir olunaraq rənglənmiş, pilləkan qəfəsləri təmir olunmuş, blokların giriş hissəsinə dəmir qapılar qoyulmuş, həyətində abadlıq işləri aparılmış, elektirik, qaz və su xətləri təmir olunaraq nizama salınmışdır. Bundan əlavə, Mənzil İstismar Sahəsinin balansında olan Qazax şəhəri Heydər Əliyev prospekti 127 nömrəli, Azadlıq küçəsi 31,32,34,107A, 109 və 113 nömrəli, bundan başqa, M.V.Vidadi küçəsi 14, Ş.Çobanov küçəsi 15, Azadlıq küçəsi 151, Ə.Dilbazi küçəsi 2 və 4 nömrəli (cəmi 12 ədəd ) çoxmənzilli yaşayış binaları da əsalı təmir olunmuşdur. Hazırda Heydər Əliyev prospektində yerləşən 127 nömrəli 2 mərtəbəli 1 bloklu, Azadlıq küçəsində yerləşən 92 nömrəli 5 mərtəbəli 4 bloklu, Ş.Xiyabani küçəsində yerləşən 12 və 14 nömrəli 5 mərtəbəli 4 bloklu binaların blok və fasadlarında təmir işləri davam etdirilir.

Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri tərəfindən 2019-cu ilin birinci yarısı ərzində rayon ərazisində qeydə alınmış 54 yanğın hadisəsinin qarşısı alınmış və yanğınlar söndürülmüşdür. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə 16 yanğın hadisəsi çox olmuşdur. Baş vermiş yanğınlardan 8-i həyətyanı sahələrə yığılmış ot bağlarında, 30-u yol kənarında quru otlarda, 16-sı isə məişət tullantılarında baş vermiş yanğınlar olmuşdur. "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq üzərlərinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən Qazax şəhərinin mərkəzində fəaliyyət göstərən ticarət mərkəzlərinin rəhbərlərinə məktublar göndərilmiş, icrası məcburi olan əsas yanğın təhlükəsizliyi tələbləri diqqətə çatdırılmış, eyni zamanda ticarət mərkəzlərində fəaliyyət göstərən icarədarlar təlimatlandırılmışlar. Ot və taxıl biçini ilə bağlı sahələrdə baş verə biləcək yanğınların vaxtında qarşısının alınması məqsədilə rayonun Yuxarı Salahlı kəndi ərazisində 1 ədəd yanğınsöndürmə avtomobili şəxsi heyətlə birlikdə növbəyə qoyulmuş, biçin zamanı heç bir yanğın hadisəsi qeydə alınmamışdır.

Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində Qazax Rayon Polis şöbəsi tərəfindən məqsədyönlü tədbirlər davam etdirilmişdir. Belə ki, 2019-cu ilin birinci yarısında 71 cinayət hadisəsi qeydə alınmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində cinayət hadisələrindən 53-nün açılması təmin edilmiş, 3 cinayət hadisəsi bağlı qalmış, cinayət hadisələrinin açılma faizi 94,6 faiz təşkil etmiş, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılma faizi 0,8 faiz çox olmuşdur. Hesabat dövründə qanunsuz saxlanılan silah-sursatların müəyyən edilərək götürülməsi və axtarışda olan şəxslərin tutulması istiqamətində Şöbənin əməkdaşları tərəfindən tədbirlər görülmüşdür. Cinayət törətdiklərinə görə axtarışda 26 nəfər olmuş, onlardan 8 nəfəri ötən illərdən, 18 nəfər isə ilin 1-ci yarısında axtarışa verilmişdir. Bunlardan 20 nəfərinin tutulması təmin edilmiş, 6 nəfəri isə axtarışda olmaqla, tutulma faizi şöbə üzrə 76,9 % təşkil etmişdir. Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində Qazax Rayon Polis Şöbəsi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər səmərəli şəkildə davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Komissiya hesabat dövründə Qazax rayonunda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə bu sahədə kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişdir. Hazırda rayon üzrə 146 nəfər narkomaniya və 70 nəfər xroniki alkoqolizm diaqnozu ilə xəstə qeydiyyatdadır. Komissiya bundan sonra da rayonun idarə, müəssisə və təşkilatları ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və "Ümummilli Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirləri davam etdirməlidir.

Hesabat dövründə rayonda dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə RİHB yanında yaradılmış dini işlər üzrə komissiya tərəfindən "Dini etiqad azadlığı haqqında” və "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq rayonun hüquq-mühafizə orqanları və aidiyyatı qurumlarla birlikdə tədbirlər həyata keçirilmiş, əhalinin müxtəlif təbəqələri, o cümlədən, gənclər, tələbələr və şagirdlər arasında dini maarifləndirmə işləri aparılmışdır. Rayonun bütün təhsil müəssisələrində "Torpaq, uğrunda ölən varsa, Vətəndir” və "Mənəvi dəyərlərin təbliği zamanı yerli faktorların nəzərə alınması” mövzularında maarifləndirici tədbirlər keçirilmişdir. Rayonda dini ayinlərin icrası ilə məşğul olan dindarların ayda bir dəfə RİH-nin başçısı ilə görüşü təşkil olunmuş, görüşlər zamanı onların problemləri, çətnlikləri öyrənilmiş və aradan qaldırılması təmin olunmuşdur. Hesabat dövründə rayonda dini durum sabit olmuşdur.

RİHB aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına 1 müraciət daxil olmuş, rayonun 9 ümumtəhsil məktəbi üzrə 13 nəfər şagirdin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi sahəsində təhsildən qərəzli şəkildə yayınma və əməyə cəlb olunma halları müşahidə edilmiş, Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlər (13 nəfər) məktəbdən xaric olunmuşlar.

Qəyyumluq və Himayəçilik Komissiyasına hesabat dövründə ümumilikdə 140 müraciət daxil olmuş, komissiyanın 6 iclası keçirilmiş və 47 məsələ müzakirə edilərək müvafiq qərarlar verilmişdir.

2019-cu ilin birinci yarısı ərzində Rayon İcra Hakimiyyətinə ümumilikdə 972 müraciət daxil olmuşdur. Məlumat üçün bildirirəm ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin birinci yarısı ərzində bilavasitə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin sayı artmış, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı azalmışdır. Belə ki, 2018-ci ilin birinci yarısı ərzində İcra Hakimiyyətinə 901, Prezident Administrasiyasına 147 müraciət, 2019-cu ilin birinci yarısı ərzində isə İcra Hakimiyyətinə 972, Prezident Administrasiyasına isə 144 müraciət daxil olmuşdur. Müraciətlərin böyük əksəriyyəti sosial müdafiə, mənzil problərinin həll edilməsi, təmir-tikinti, işlə təmin olunma və digər məsələlərdən ibarətdir. 2019-cu ilin birinci yarısı ərzində Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 19,4 faizi mərkəzi orqanlardan, 80,6 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 27,6 faizi müsbət həll olunmuş, 0,2 faizi əsassız sayılmış, 65,3 faizinə müvafiq izahat verilmiş, 4,8 faizi qismən həll olunmuş, 1,1 faizi aidiyyəti üzrə göndərilmiş, 1 faizi isə hazırda icraatdadır. 2019-cu ildə təsdiq edilmiş qrafik üzrə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda 643 nəfər vətəndaş iştirak etmişdir. Milli Qəhrəmanlar və onların ailələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, digər imtiyazlı vətəndaşlar birinci növbədə qəbul olunurlar. Hesabat dövrü ərzində əlavə olaraq 298 nəfər fərdi qəbulda iştirak etmiş, vətəndaşlara müvafiq köməklik göstərilmiş və izahatlar verilmişdir. Hesabat dövrü ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə vətəndaşlarla 21 səyyar görüş keçirilmişdir. Keçirilmiş səyyar görüşlərdə 2242 nəfər rayon sakini iştirak etmişdir. Səyyar görüşlər zamanı rayon sakinləri tərəfindən qaldırılmış 95 məsələdən 17-si rabitə və telekommunikasiya ilə bağlı mövcud problemlər, 9u elektrik təchizatı, 4-ü təbii qaz verilişi, 3-ü su-kanalizasiya, 11-i suvarma məsələsi, 4-ü yol infrastrukturu, 11-i işlə təmin olunma, 36-sı isə digər məsələlərlə bağlı olmuşdur. Qaldırılan problem və təkliflərdən 43-ü (45,3 %) həll edilmiş, 18-i (16,8%) üzrə qanunamüvafiq cavab verilmiş, 22 (23,2%) icraata götürülmüş, 12-si (12,6%) barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.

Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov, Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, Telekommunikasiya Qovşağının rəis əvəzi Əyyub Dünyamalıyev  çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. 

RİHB-nin Alpout kənd İƏD-si üzrə nümayəndəsi Murğuz Alıyev, Fərəhli kənd İƏD-si üzrə nümayəndəsi Nəsimi Vəliyev, Dəmirçilər kənd İƏD-si üzrə nümayəndəsi Gülnaz Mahmudova çıxış edərək hesabat dövründə görülmüş işləri yüksək qiymətləndiriblər. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunun da ildən-ilə inkişaf etdiyini qeyd ediblər. Xüsusilə də rəhbərlik etdikləri kəndlərdə sakinlərin istəyini nəzərə alaraq su məsələsinin müsbət həll olunmasına görə bütün kənd camaatı adından minnətdarlıqlarını bildiriblər.

S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova da çıxış edərək ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də son 3 ildə Qazaxda görülən işləri, aparılan abadlıq və quruculuğu bir ziyalı olaraq yüksək dəyərləndirib. Qeyd edib ki, bu gün hesabat məruzəsini dinləyərkən bir daha əmin olduq ki, rayonumuzda görülən işlərin miqyası ölçüyə gəlməzdir. Qazaxı və qazaxlıları bundan sonra da daha böyük uğur və nailiyyətlər gözləyir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib. Bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı Azərbaycanın növbəti 5 il ərzində daha böyük nailiyyətlərə imza atacağını, vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşacağını, genişmiqyaslı işlərin görüləcəyini sübut edir. Dövlət Proqramında Qazax rayonu diqqətdən kənarda qalmamış, rayonumuzla bağlı qeyri-neft sektorunun inkişafı, yol təsərrüfatı və nəqliyyatın inkişafı, kommunal xidmətlərin və rabitə xidmətinin yaxşılaşdırılması, əhalinin təhlükəsizliyinin qorunması, mənzil təsərrüfatının yaxşılaşdırılması, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, yeni məktəblərin tikintisi və əsaslı təmiri, yeni yolların çəkilməsi, xəstəxanada əlavə korpusun yenidən tikilməsi, quruculuq və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı Dövlət Proqramında xüsusi bənd salınmışdır. Odur ki, bundan sonra da hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Hər  sahədə maksimum şəffaflıq və ədalət olmalıdır. Bu yolda hər birinizə və hər birimizə uğurlar arzulayıram.








 

GOYEZEN.AZ



Facebook-da paylaş