İkinci Şıxlı kəndində sakinlərlə səyyar görüş keçirilib
Bu gün növbəti səyyar görüş İkinci Şıxlı kəndində keçirilib.
Dövlət başçısı İlham Əliyevin vətəndaşlara göstərilən diqqət və qayğı ilə bağlı
verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq keçirilən görüşdə aidiyyəti idarə,
müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək kənd sakinlərini salamlayıb,
keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. İstər kəndlərdə, istərsə də
şəhərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin
həllinə yönəldiyini bildirib. Rayon rəhbəri bu görüşün də mövcud vəziyyəti
öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək,
ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdan
ibarət olduğunu diqqətə çatdırıb. Bütün görüşlərdə olduğu kimi, bu görüşdə də son illər respublikamızda,
eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz
açılıb. Qazaxda son 3 ildə təqdirəlayiq işlərin görüldüyü, qazanılan uğur və nailiyyətlərin
ildən-ilə artması, bütün sahələr üzrə həyata keçirilən işlərin geniş miqyas
alması diqqətə
çatdırılıb. İcra başçısı əhalinin maddi və
sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən
məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış
sərəncamlardan, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, imzalanmış həmin
sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən
məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı
dayanır. "İyunun 18-də imzalanan çoxsaylı sərəncamlar da vətəndaşlara olan
qayğının bariz nümunəsidir”, - deyən rayon rəhbəri həmin sərəncamların
verilməsini yüksək qiymətləndirib və əhalinin
rifahının yüksəldilməsi məqsədilə təqdim edilən növbəti sosial paketin bir
hissəsi olduğunu bildirib. Qeyd edib ki, istər minimum əməkhaqqının 180
manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata
çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin
əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi
ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının
yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir. Rayonda, eləcə də kəndlərdə
işsizliyin aradan qaldırılması istiqamətində görülən işlərdən söz açan icra
başçısı bu sahədə uğurlu addımların atıldığını bildirib. İstər 2016-cı ilin
oktyabrında istifadəyə verilən Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatını,
istərsə də "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqro Parkı işsizliyin
aradan qaldırılması istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib.
Bu gün həmin müəssisələrdə xeyli sayda rayon sakininin, o cümlədən də Birinci və
İkinci Şıxlı kəndlərindən olan sakinlərin çalışdığını qeyd edib. Hazırda rayonda görülən
işlərdən söhbət açan rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan
məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və
qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Görüşdə mərkəzi xəstəxana
binasının tikintisindən də danışılıb. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması qeyd
olunub. Rayon
rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən
qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı
imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib.
Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini
bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Rayon rəhbəri qəbul
edilmiş 5 illik Dövlət Proqramında İkinci Şıxlı kənd avtomobil yolunun əsaslı
təmir olunmasının da öz əkisini tapdığını vurğulayıb.
İcra
başçısı Dövlət Proqramında əksini tapan digər məsələlərdən də söz açıb. Kür
çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, arxların beton üzlüyə
alınması, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının
salındığını bildirib. Həmin proqramda təmiri nəzərdə tutulan 11 məktəbdən
ikisinin məhz İkinci Şıxlı kənd məktəbləri olduğunu qeyd edib. Bu il həmin Dövlət Proqramında
təmir olunması nəzərdə tutulan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan
1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olmasının
nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını bildirib.
Bundan başqa, həmin Dövlət Proqramında əksini tapan daha bir məktəbin -
Qaymaqlı kənd tam orta məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını
vurğulayıb. İcra başçısı rayonda
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların
sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa
olunan və ya təmir edilən bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq
bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə
çatdırılmasını, ən son may ayında Qazaxbəyli kənd uşaq bağçasının əsaslı
yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verilməsini bu
dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı əsaslı təmir olunan həmin bağçalardan birinin İkinci Şıxlı
kənd 2 saylı körpələr evi-uşaq bağçası olduğunu qeyd edib. Təmir olunması
nəzərdə tutulan bağçalardan ikisinin yenə də İkinci Şıxlı kəndində nəzərdə
tutulduğunu diqqətə çatdırıb. Rayonda, eləcə də kəndlərdə
elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd
edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun
sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində
SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə
olduğu kimi, İkinci Şıxlı
kəndində də SİP kabelləşmə işinin tam başa
çatdırılacağını bildirib. Qazaxda əhalinin mavi yanacağa olan tələbatının
yaxşılaşdırılması istiqamətində görülən işlərin daim diqqət mərkəzində
saxlanıldığını, bu gün Qazax rayonunun 100 faiz qazlaşdırılmış bölgələrimiz
sırasında dayandığını qeyd edib. Bütün bunlarla yanaşı, rayonda yeni salınan
yaşayış massivlərinin qazlaşdırılmasının da uğurla həyata keçirildiyini, bu
istiqamətdə mütəmadi olaraq məqsədyönlü işlər görüldüyünü qeyd edib. Görüşdə
erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai
qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək
xüsusi diqqət ayırmalarını bildirib. Kənd sakinlərindən ağsaqqal
Oruc Mansırov, Atlas Yadigarova, Əfsanə Nəsibova, Hacımahmudov Əbülfət, Mustafa
Orucov, Tahir Əliyev və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə
gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini
çatdırıblar. Rayonda, o cümlədən İkinci Şıxlı kəndində görülən işlərdən danışan
sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. İkinci Şıxlı kənd 2
saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına, "Sınıq
Körpü” Buraxılış Məntəqəsində həyata keçirilən abadlıq işlərinə görə
razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və
qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri
adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında
keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra
məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə təsərrüfatların suvarma suyu
ilə təmin olunması, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının
dəyişdirilməsi, SİP kabelləşmənin davam etdirilməsi və müxtəlif səpkili
müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını
bildirib.
Facebook-da paylaş