Qazaxda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun 80 illik yubileyi qeyd olunub
Bu gün bütün dünyada qərbin qapısı sayılan, sazın,
sözün beşiyi hesab edilən, tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları,
aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda hər kəsin Dədə Ədalət deyə
müraciət etdiyi Əməkdar incəsənət xadimi, Aşıq Ədalət Nəsibovun günü yaşanıb. Dədə
Ədalətin sazına, sözünə, şəxsiyyətinə, sənətinin böyüklüyünə dəyər verib yüksək
qiymətləndirənlər ustad aşığın ömür yoluna nəzər salıb, Azərbaycan mədəniyyətinə,
aşıq, ozan sənətinə bəxş etdiyi saysız-hesabsız saz havalarından söhbət
açıblar. Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin, "Qazax” Xeyriyyə İctimai Birliyinin və Azərbaycan Aşıqlar
Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun
80 illik yubileyi qeyd olunub. Qazax Gənclər Mərkəzində
keçirilən yubiley tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul şəxsləri, qonaqlardan - Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı
Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, "Qazax”
Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, akademik
Şahin Mustafayev, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal, Bakı Dövlət Universitetinin mülkü hüquq
kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva, professor Alxan Məmmədov, BDU-nun
dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru Mahmud Allahmanlı, BDU-nun Qazax filialının
direktoru, dosent Arif Rüstəmov və digər ziyalılar, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət
işçiləri, ağsaqqallar, şairlər, aşıqlar və KİV nümayəndələri iştirak ediblər. Tədbir
iştirakçıları əvvəlcə Dədə Ədalətin Ağköynək kənd qəbiristanlığında qəbirüstü
abidəsini ziyarət ediblər. Böyük ustadın ruhuna dua oxunduqdan sonra tədbirə
toplaşanlar abidəsi önünə gül dəstələri qoyub əziz xatirəsini böyük ehtiramla
yad ediblər. Sonra tədbir Gənclər
Mərkəzində davam etdirilib.
Tədbirin aparıcısı,
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal yubiley tədbirini açıq elan edərək qazaxlılar üçün əlamətdar
olan hadisələrdən söz açıb. İstər 2018-ci ilin, istərsə də 2019-cu ilin
qazaxlılar üçün yaddaqalan hadisələrlə zəngin olduğunu qeyd edib. Respublika
Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli sərəncamı ilə Qazax Müəllimlər
Seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu, bununla
bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, ölkə rəhbərinin 28 yanvar 2019-cu il tarixli
sərəncamına əsasən qazaxlılar daha bir əlamətdar hadisənin sevincini yaşadı. Bu
əlamətdar hadisə isə Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan
olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı
imzalanmış sərəncamla bağlıdır. Bu gün hər bir qazaxlı həmin sərəncamı sonsuz
minnətdarlıq hissi ilə qarşılayır. Ölkə başçısının öz ziyalısına, görkəmli
şəxsiyyətlərinə, ən əsası da biz qazaxlılara verilən yüksək dəyər kimi
qiymətləndirir. B.Vüsal dövlət
başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Birinci
vitse-prezident Mehriban Əliyevanın görkəmli Xalq şairi Vaqif Səmədoğlunun 80
illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi, Qazaxda büstünün qoyulması ilə
bağlı verdiyi tapşırıq və tövsiyələrin qazaxlı ziyalılara verilən daha bir yüksək
dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Son 3 ildə rayon rəhbərliyinin
bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə, şairlərə, yazıçılara, aşıqlara
hər zaman yüksək dəyər verdiyini vurğulayıb və bu sahədə görülən işlərdən söz
açıb. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz
adamlarının doğum və anım günlərinin, tarixi günlərin yüksək səviyyədə qeyd
olunmasını bu sahəyə olan diqqət və qayğının əyani sübutu kimi göstərib. Rayon
rəhbərinin fəaliyyətə başladığı ilk gündən aşıq sənətinə, aşıqlarımıza da hər
zaman yüksək dəyər verdiyini qeyd edən B.Vüsal bu sahədə görülən işlərdən
danışıb. Bu gün 80 illik yubileyini qeyd etdiyimiz Dədə Ədalətin qəbirüstü abidəsinin
qoyulmasını, Aşıq Şəmşirin 125 illik
yubileyi ilə əlaqədar Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin
xatirəsinə ucaldılmış büstləri saz sevərlərə, sözə dəyər verənlərə göstərilən
etimadın, diqqət və qayğının bir hissəsi kimi qeyd edib. Ədalət Nəsibovun Azərbaycan
aşıq sənətində göstərdiyi misilsiz xidmətlərdən söz açan B.Vüsal qeyd edib ki, bu
gün Dədə Ədalətin 80 illik yubileyinin belə yüksək səviyyədə qeyd olunması Ədalət
məktəbinə, sazına, şeirlərinə, aşıq ucalığına verilən qiymətdir. Bu gün Ədalət
Nəsibovun ruhunun şad olan günüdür. Bildirib ki, bu gün bizlər ustad aşığa
ucaldılmış həmin abidəni ziyarətgah kimi qəbul edirik və hər zaman ona olan
ehtiramımızı bildiririk. Bugünkü yubiley tədbiri də bunun bariz nümunəsidir.
Eyni zamanda da Ədalət sevərlər üçün bir töhfədir.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün
qonaqları, Ədalət sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən
danışıb. Bildirib ki, Azərbaycanın qərb bölgəsində yerləşən Qazaxda zaman-zaman
çox böyük insanlar dünyaya gəlib. Zaman keçdikcə həmin şəxslər sözümüzə,
sazımıza, ədəbiyyatımıza, tariximizə, mənəviyyatımıza, elmimizə,
ziyalılığımıza, hərb sənətinə, idmanımıza böyük şöhrət gətirmiş şəxsiyyətlərə
çevrilmişlər. Həmin nəhəg simalar sırasında ustad Aşıq Ədalət Nəsibovun da yeri
zirvədədir və xidməti müstəsna əhəmiyyətə malikdir. O Aşıq Ədalət ki, çaldığı
sazın şöhrəti bütün türk dünyasına yayılıb. İcra başçısı qeyd edib ki, 60 ildən
çox Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Ədalət
bu gün bütün xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, Dədə Ədalət, onun
sazı, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq. Xalq nə Ədaləti,
nə də onun sazının qüdrətini heç zaman unutmayacaq. Sonra Aşıq Ədalətin 80 illiyinə həsr olunmuş videoçarx
nümayiş olunub. Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət
Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək Prezident
İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz
olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında
gördükləri genişmiqyaslı işlərdən söz açıb. Qeyd edib ki, aşıq sənətinə verilən
ən böyük qiymətin bariz nümunəsi YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və
təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr–2 oktyabr 2009-cu il
tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri
maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun
Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənətinin
YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsidir. Hər zaman qərbin qapısı sayılan Qazaxın həm də ziyalılar
yurdu olduğunu qeyd edən M.Qasımlı bildirib ki, bu torpaq Azərbaycan
ədəbiyyatına Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn və
adlarını sadalamadığımız saysız-hesabsız ziyalılar bəxş edib. Qeyd edib ki, bu
gün hər bir qazaxlı həmin ziyalılarla fəxr edir və qürur hissi keçirir.
Qazaxlılar həm də ona görə xoşbəxtdirlər ki, bu elin, obanın Dədə Ədalət kimi
ustad bir aşığı olub. Elə bir ustad ki, həm Qazax torpağını, həm də bütöv Azərbaycanı
öz aşıq havaları ilə dünyada tanıdıb. Bu gün hər bir azərbaycanlı ustad aşıqdan
söhbət düşərkən iki şeyi xatırlayır – Ədalətin sazını və sazın Ədalətini. Çünki
Dədə Ədaləti sazsız, sazı da Ədalətsiz təsəvvür etmək mümkün deyil. Ustad
aşığın 4 mindən çox şeir külliyatına sahib olduğunu bildirən M.Qasımlı onun
sazının, aşıq havalarının daim qəlblərdə yaşayacağını, hər zaman sevilərək dinləniləcəyini,
hətta, gələcək nəsillər üçün ən böyük xəzinə olduğunu bildirib. Azərbaycan
xalqı var olduqca Dədə Ədalətin Azərbaycan aşıq sənətindəki yerinin də daim zirvələrdə
olacağını vurğulayıb.
"Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri,
professor İlham Pirməmmədov çıxış edərək bugünkü yubiley tədbirinin qazaxlılar,
xüsusilə də Ədalət sevərlər üçün bir töhfə olduğunu bildirib. Aşıq Ədalət Nəsibovun
təkcə Qazaxın deyil, bütöv Azərbaycanın sevdiyi, hörmət etdiyi şəxsiyyət, böyük
ustad olduğunu söyləyib. Qeyd edib ki, bu gün qəbirüstü abidəni ziyarət edərkən
bir daha əmin olduq ki, bizlər təkcə Dədə Ədaləti deyil, eyni zamanda sazın
abidəsini ziyarət edirik. İ.Pirməmmədov Azərbaycan Respublikasının Xalq rəssamı, "Şöhrət” ordenli Natiq Əliyevin böyük
əməyi sayəsində ərsəyə gələn həmin abidəni
saza qoyulmuş abidə kimi qiymətləndirib.
Yubiley tədbirində iştirak edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov
da Dədə Ədalət haqqında ürək sözlərini çatdırıb. O, Ədalət Nəsibovun aşıq sənətində
dahi bir sənətkar, böyük ustad olduğunu bildirib. Qeyd edib ki, Dədə Ədalətin
böyüklüyü onda oldu ki, o, sazı vasitə kimi istifadə edilən bir alət olaraq
deyil, müqəddəs ozan sənətini yaşadan bir alət kimi bütün dünyaya tanıtdı. O,
saysız-hesabsız aşıq havalarının mahir ifaçısı kimi sazı hər kəsə sevdirməyi
bacardı. Öz gözəl solo saz ifaları ilə sağlığında belə ölməzliyi qazanan bir
ustad olduğunu bütün dünyaya sübut etdi. Bildirib ki, bu gün Dədə Ədalətin abidəsinin
məhz Qazaxda olması bu yurdun böyüklüyünü bir daha nümayiş etdirir.
Akademik Şahin Mustafayev çıxış edərək rayonda
görülən işləri, xüsusilə də mədəniyyət, ədəbiyyat sahəsinə göstərilən diqqəti
yüksək qiymətləndirib. Aşıq Ədalət Nəsibov şəxsiyyətinin, onun sazının qüdrətinin,
barmaqlarının hökmünün hər zaman yüksəklərdə dayandığını vurğulayıb. Aşıq sənətinin
sevilməsində Dədə Ədalətin müstəsna xidmətləri olduğunu, saz havalarının böyük əhəmiyyət
daşıdığını qeyd edib. Natiq çıxışı zamanı muğamı və aşıq sənətini təkcə Azərbaycanın
deyil, bütün bəşəriyyətin sərvəti kimi qiymətləndirib.
ADNSU-də Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal çıxış edərək Aşıq Ədalət Nəsibovun nəinki Azərbaycan xalqı, eləcə də bütün türk
dünyasının sevilən sənətkarı, böyük ustadı olduğunu diqqətə çatdırıb. Qeyd edib
ki, Dədə Ədalətin böyüklüyü onda idi ki, o, özünə həsr olunmuş bütün şeirləri əzbər
bilirdi. Eyni zamanda söylədiyi dastanların qəhrəmanına çevrilirdi. Bu da təbii
ki, Dədə Ədalətin böyük ustalığından, onun ustad aşıq olmasından irəli gəlirdi.
BDU-nun
dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu
çıxış edərək bildirib ki, Aşıq Ədalət ilk növbədə sazın özünü təkmilləşdirdi,
saza yeni imkanlar gətirdi. Bundan sonra saz havalarını həmin imkanlara
uyğunlaşdırdı. Onun sazda ifa etdiyi musiqi əsərlərinin müəllifi özüdür və
bunlar klassik havalardan fərqlidir. Sevindirici haldır ki, bu gün Qazaxda Aşıq
Ədalət məktəbinin çox istedadlı davamçıları yetişir. Samir, İlqar, Əsgər, Niyaməddin,
Coşqun, Şahin, İsmayıl kimi gənclərimiz var. Bu gənclərimiz Azərbaycan
ictimaiyyətinin diqqət mərkəzində, sözün yaxşı mənasında nəzarətində olmalıdır. Daha sonra söz aşıqlara
verilib. Dədə Ədalətlə bağlı xatirələrindən söz açan aşıqlar
onun gələcək nəsillər üçün miras qoyduğu aşıq havalarının hər zaman yüksəkdə
dayandığını bildiriblər. Aşıqlardan Camoy Qurbanovun, Avdı Musayevin, Hüsən Kəmərlinin,
Kifayət Şəmistanqızının, Hüseyn Əzizoğlunun, Hacı Abdıyevin, Şaiq İncəlinin, Əfsanə
Kərimlinin, Yaşar Gülümcanovun, Saqif Məzəmlinin, Nailə Qurbanovanın, Qəmər
Salahlının, Şahin Süleymanovun, Qazax şəhər 2 saylı musiqi məktəbinin gənc
aşıqlar ansamblının bir-birindən şən-şux saz havaları tədbir iştirakçıları tərəfindən
alqışlarla qarşılanıb. Sazın simlərində Dədə Ədalətin saz havaları bir daha
könüllər oxşayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş