Çaylı kəndində sakinlərlə səyyar görüş keçirilib
Respublika Prezidenti İlham Əliyevin vətəndaşlara
göstərilən diqqət və qayğı ilə bağlı verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq
keçirilən növbəti səyyar görüş bu gün Çaylı kənd
sakinləri ilə olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də
iştirak etdiyi görüşdə son illər respublikamızın, eləcə də bölgələrimizin
inkişaf etməsindən söz açılıb. Bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da
qazanılan uğur və nailiyyətlərin ildən-ilə artmasından, həyata keçirilən işlərin
geniş miqyas almasından, əhalinin maddi və sosial rifah halının
yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən,
xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran
vəzifələrdən danışılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək kənd sakinlərini salamlayıb, keçirilən görüşün məqsəd və
əhəmiyyətini qeyd edib. İcra başçısı istər kəndlərdə, istərsə də şəhərdə
keçirilən səyyar görüşlərin məhz yerlərdə vətəndaşları narahat edən məsələlərin
həllinə yönəldiyini, bu sahədə əməli işlərin görülməsinə xidmət etdiyini
bildirib. Mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ
şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar
qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Son 3 ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq
işlərinin geniş vüsət aldığını qeyd edən rayon rəhbəri hazırda görülən işlərdən
söz açıb. Mərkəzi xəstəxana binasının tikintisini xüsusilə vurğulayıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi
xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin
və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı rayonda uzun illərdən bəri həlli vacib
olan məsələlərdən biri olan su-kanalizasiya sisteminin çəkilişindən də söz
açıb. Artıq bu məsələnin də ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz
müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində də xeyli işlərin görüldüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq
və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə Qazaxda
mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxunun təmir
olunmasını, qalan binalarda da işlərin sürətlə davam etdirilməsini bu
söylədiklərimizin əyani sübutu kimi göstərib. Görüşdə ölkə başçısının diqqət və
qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout,
Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı,
Bala Çaylı kəndlərinə içməli su çəkilməsindən də söhbət
açılıb. Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri,
xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları
qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini
bildirib. "Əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli
Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin
sərəncama əsasən qazılması nəzərdə tutulan 11 ədəd subartezian quyusundan
birinin məhz Çaylı kəndinə salındığını bildirib. Ümumiyyətlə, son 3 ildə
qazılan 36 ədəd subartezian quyusundan 9-nun Çaylı kəndində olduğunu qeyd edib.
İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən
diqqət və qayğıdan, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli və düzgün
böyüməsi, təlim-tərbiyə olunması üçün yeni inşa olunan və ya təmir edilən
bağçalardan da söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir
standartlara cavab verən səviyyəyə çatdırılmasını, ən son may ayında Qazaxbəyli
kənd uşaq bağçasının əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə
verilməsini bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı Çaylı kəndində də bağçanın olması üçün bu istiqamətdə məqsədyönlü
işlərin görüləcəyini söyləyib. Rayonda, eləcə
də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin
olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb.
Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu
Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində
SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə
olduğu kimi, Çaylıda da SİP kabelləşmə işinin tam başa çatdırılacağını bildirib. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə bütün
sahələri əhatə edən məsələlərin öz əksini tapdığını qeyd edib. Həmin Dövlət
Proqramında Kür çayının sahillərində sahilbərkitmə işlərinin aparılması,
arxların beton üzlüyə alınması və bunun kimi bir sıra məsələlərin, o cümlədən
də 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib. Artıq həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev
Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını qeyd edib. Bundan əlavə, həmin
Dövlət Proqramında əksini tapan daha bir məktəbin - Qaymaqlı kənd tam orta
məktəbin də yaxın günlərdə təmirinə başlanılacağını vurğulayıb. "Bu gün ölkə başçısı tərəfindən müstəqil
Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili
və xalqın rifah halı dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan
çoxsaylı sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi
qiymətləndirib. Qeyd edib ki, Respublika
Prezidenti İlham Əliyev tərəfindən əhalinin rifahının yüksəldilməsi məqsədilə
təqdim edilən növbəti sosial paket bir daha sübut etdi ki, bu sərəncamlar,
həyata keçirilən tədbirlər bundan sonra da uğurla icra olunacaqdır. İstər
minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160
manatdan 200 manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə
çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir
daha onu göstərdi ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının
yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir.
Rayon rəhbəri son 3 ildə kənd təsərrüfatı sahəsində olan inkişafdan da
danışıb. Qeyd edib ki, əgər 2016-cı ildə
rayonda 433 hektar sahədə kartof əkilmişdisə, 2017-ci ildə bu rəqəm 809 hektara
çatdırıldı. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq
2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırdılar.
Bu isə 2017-ci illə müqayisədə 277 hektar çox sahə deməkdir. Ən nəhayət 2019-cu
ildə ötən ilə nisbətən əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırdılar. İcra başçısı bildirib
ki, bu uğurlu göstəriciləri taxıl sahəsi üçün də qeyd etmək olar. Bu ilin məhsulu
üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min
250 hektarda arpa yetişdirilib. Belə ki, qazaxlı taxılçılar zəmilərdən
42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10902,2 ton,
8305 hektar buğda sahəsindən isə 31427,8 ton məhsul tədarük olunub. Cari
mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq
25,65 sentner, buğda sahələrində isə 37,8 sentner olub. Respublika Prezidenti İlham Əliyevin
baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı verdiyi tapşırıq və
tövsiyələrdən, bununla bağlı imzaladığı sərəncamlardan söz açan icra
başçısı qeyd edib ki, son 3 ildə rayonda bu sahədə olan inkişafı ildən-ilə
artan məhsulun miqdarından da aydın şəkildə görmək olar. 2016-cı ildə 1502 kq
yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar.
2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil
verilib. Rayon rəhbəri cari ildə kümçülər tərəfindən 7667.5 kq yaş baramanın
təhvil verildiyini bildirib. Erkən nikahlarla bağlı söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı ictimai
qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək
xüsusi diqqət ayırmalarını qeyd edib. Kənd sakinlərdən Yetər Carçıyeva, Bəkir Alıyev, Sahilə
Orucova, Qəzənfər Qocayev, Şəmistan Vəliyev, Camoy Qurbanov, Məmməd Qocayev,
Gülmirə Bənnayeva, Mirəli Kosayev, Yeganə Məmmədova, Çölçü Civişov, Aynur
Civişova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə,
diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini
çatdırıblar. Rayonda, o cümlədən də Çaylıda görülən işlərdən danışan sakinlər
abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd
sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla
yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar.
Vətəndaşların subartezian quyusunun işləməməsi, kənddə bağçanın açılması, SİP
kabelləşmənin davam etdirilməsi və müxtəlif səpkili müraciətlərini dinləyən
rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş