Qazaxbəyli kənd sakinləri ilə səyyar görüş keçirilib
Bu gün ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən
keçirilən növbəti səyyar görüş Qazaxbəyli kənd sakinləri ilə keçirilib. Aidiyyəti idarə, müəssisə və
təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə son illər respublikamızda,
eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən,
qarşıda duran vəzifələrdən danışılıb. Əhalinin maddi və sosial rifah halının
yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrə,
xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlara nəzər salınıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb.
İcra başçısı istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlərin
bir məqsədə - yerlərdə vətəndaşları narahat edən məsələləri öz dillərindən eşitməyə
və həlli istiqamətində əməli işlərin görülməsinə xidmət etdiyini bildirib. Mövcud
vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə
həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ
qaldırmaq olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri təkcə 2019-cu ilin 7 ayında
beş dəfə bu kənddə olduğunu, bu gün isə birinci dəfə səyyar görüşün
keçirildiyini vurğulayıb. İcra başçısı son illər respublikamızda olan inkişafın
Qazax rayonunda da öz real əksini tapdığını bildirib. Son 3 ildə rayonda
aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin, elm, təhsil, səhiyyə,
mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də bir çox sahələrdə qazanılan uğurlu
nəticələrin ildən-ilə artdığını qeyd edib. Hazırda rayonda aparılan tikinti işlərindən
söz açan rayon rəhbəri mərkəzi xəstəxana binasının tikintisini xüsusilə
vurğulayıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi
xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin
və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı rayonda uzun illərdən bəri həlli vacib
olan məsələlərdən biri olan su-kanalizasiya sisteminin çəkilişindən də söz
açıb. Artıq bu məsələnin də ölkə başçısının diqqət və qayğısı sayəsində öz
müsbət həllini tapdığını bildirib. Rayon rəhbəri işlərin sürətlə davam
etdirildiyini və bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından,
idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi
qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini diqqətə
çatdırıb. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında
Qazax rayonu üzrə bütün sahələri əhatə edən məsələlərin öz əksini tapdığını
qeyd edib. Həmin Dövlət Proqramında Kür çayının sahillərində sahilbərkitmə
işlərinin aparılması, arxların beton üzlüyə alınması və bunun kimi bir sıra
məsələlərin, o cümlədən də 11 məktəb binasının əsaslı təmir olunmasının
salındığını bildirib. Artıq həmin Dövlət Proqramında təmir olunması nəzərdə tutulan
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin istismara yararsız olmasının nəzərə alınaraq Heydər Əliyev
Fondu tərəfindən əsaslı təmirinə başlanıldığını qeyd edib. Xalq yazıçısının 100
illik yubileyi ərəfəsində qazaxlılara verilən daha bir töhfə olduğunu
vurğulayıb. Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü qeyd edib. Ölkə Prezidenti İlham Əliyevin verdiyi tapşırıq
və tövsiyələrə, imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə Qazaxda
mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-nin təmir olunmasını,
qalan binalarda da işlərin sürətlə davam etdirilməsini bu söylədiklərimizin əyani
sübutu kimi göstərib. Qeyd edib ki, bütün bu işlər vətəndaşlara
göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması,
həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah
halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.
İcra başçısı bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını
hər zaman hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin
sakinlərinin də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə
olunduqlarını çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi
üçün salınmış və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə
yaradılan yüksək şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi
qiymətləndirib. Bu qayğının bundan sonra da davam etdiriləcəyini və 307 məcburi
köçkün ailəsi üçün də çoxmənzilli yaşayış binalarının inşa olunacağını
bildirib. Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli
yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi
ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu
bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli,
Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin
əyani sübutu olduğunu bildirib. İcra başçısı qeyd edib ki, təmirə ehtiyacı olan Fərəhli, İkinci Şıxlı, Alpout, Xanlıqlar, Ağköynək kəndləri ilə yanaşı Qazaxbəyli kəndində də yenidənqurma işlərinin
nəzərdə tutulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Qazaxbəyli kəndində uzun illərdən bəri mövcud
olan su probleminin də öz müsbət həllini tapdığını bildirib. Ölkə başçısının bu
sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş
Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə
rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının
qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin
2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu
il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı rayonda azyaşlı körpələrə göstərilən
diqqət və qayğıdan, uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də söz açıb. Rayonda olan 25
uşaq bağçasından 20-nin tam müasir standartlara cavab verən səviyyəyə
çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi qiymətləndirib. Rayon
rəhbəri qeyd edib ki, hər dəfə kənddə görüş zamanı səsləndirilən məsələlədən
biri Qazaxbəyli kənd uşaq bağçasının əsaslı təmir olunması idi ki, biz bu
istəyinizin də müsbət həllinə nail olduq. Bu ilin may ayında həmin bağça yüksək
səviyyədə yenidən qurularaq körpə fidanların istifadəsinə verildi. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan
fərman və sərəncamların əhəmiyyətindən söz açan icra başçısı həm 2018-ci ilin
axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar hadisələrlə
yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci il tarixli Sərəncamda Qazax
Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli Sərəncamda Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd
olunması xəbərini hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını
diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun
yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun Prezidenti, Birinci
vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən
"Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı
ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. "Bu gün ölkə başçısı tərəfindən müstəqil
Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili
və xalqa xidmət dayanır”, - deyən icra başçısı iyunun 18-də imzalanan çoxsaylı
sərəncamları vətəndaşlara olan qayğının bariz nümunəsi kimi
qiymətləndirib. Qeyd edib ki, Respublika
Prezidenti İlham Əliyev tərəfindən əhalinin rifahının yüksəldilməsi məqsədilə
təqdim edilən növbəti sosial paket onu göstərdi ki, bu sərəncamlar, həyata
keçirilən tədbirlər bundan sonra da uğurla icra olunacaqdır. İstər minimum
əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200
manata çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin
əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi
ki, dövlət başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının
yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə əməli işlər həyata keçirir. Erkən nikahlarla bağlı söhbət açan rayon
rəhbəri bu mövzu ilə bağlı ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların
bu məsələyə münasibət bildirmələrini qeyd edib. Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin
inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən, bununla bağlı imzaladığı
sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, son 3 ildə rayonda bu
sahədə olan inkişafı ildən-ilə artan məhsulun miqdarından da aydın şəkildə görmək
olar. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə
bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal
olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Rayon rəhbəri cari ildə kümçülər
tərəfindən 7667.5 kq yaş baramanın təhvil verildiyini bildirib. Kənd sakinlərindən Nazim Xəlilov, Lamiyə Allahverdiyeva,
İsə Əhmədov, Gözəl Allahverdiyeva və başqaları çıxış edərək onlarla mütəmadi
olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə
təşəkkürlərini çatdırıblar. Rayonda görülən işlərdən danışan sakinlər abadlıq
və quruculuğu yüksək qiymətləndiriblər. Xüsusilə də Qazaxbəyli kəndində uzun
illərdən bəri mövcud olan içməli su probleminin həll olunmasını, kənddəki uşaq
bağçasının yüksək səviyyədə təmir edilməsini razılıq hissi ilə qarşılayıblar. Çıxış
edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə,
rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin
minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat
edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların rabitə xətlərinin və
dayaqlarının dəyişdirilməsi, subartezian quyusunun təmiri, kənddə sakinlərə
xidmət göstərən marşurutun mövcud vəziyyəti ilə bağlı müraciətlərini dinləyən
rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Görüş başa çatdıqdan sonra
icra başçısı Qazaxbəyli kənd uşaq bağçasında olub, mövcud vəziyyətlə, uşaqların
ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş