Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə qoyulmuş büstünün açılış mərasimi olub
Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm
də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, Xalq
şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə,
yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək
səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün daha bir
tarixi gün yaşanıb. Bu il iyunun 5-də anadan
olmasının 80 ili tamam olan şair, dramaturq, publisist, Azərbaycanın
Xalq şairi Vaqif Səmədoğlu şəxsiyyətinə, yaradıcılığına dəyər, qiymət verənlər, onun ömür yoluna nəzər
salanlar onun yubiley tədbirinə və büstünün açılışına şahidlik etmək üçün bir
yerə toplaşıblar. Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə
obyektiv qiymət vermiş və düzgün mövqe tutmuş, xalqını və Vətənini sevən böyük
şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Öz yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrini yazan Xalq şairinin 80
illiyinin təntənəli şəkildə qeyd olunması üçün dövlətimiz tərəfindən də
məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın görkəmli
Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı
verdiyi tapşırıq və tövsiyələr bunun bariz nümunəsidir. Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva
tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda
büstünün qoyulması da belə tədbirlərdəndir. Bu gün Qazaxda şəhərin mərkəzində yerləşən "Fəxri
qazaxlılar” parkında yubiley münasibətilə qoyulmuş həmin büstün açılış mərasimi
olub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, qonaqlardan Səməd
Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova, AYB-nin mətbuat
katibi Xəyal Rza, "Qazax” Xeyriyyə
İctimai Birliyinin
nümayəndəsi Məti Osmanoğlu, Xəzər
Televiziyasının əməkdaşı Həmid Herisçi, Bakıdan qonaq olan aktyorlar Kamran
Yunis, Xəzər Süleymanlı, Mənzər Məmmədrəsul qızı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və
təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, yazarlar, saz,
söz adamları, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən
oğullarının əziz xatirəsini yad ediblər. Memorial önünə gül dəstələri düzərək şəhidlərimizə
olan sonsuz ehtiramlarını bildiriblər. Şəhidlərin ruhuna dualar oxunub, Səməd
Vurğun adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri Hamaya Qurbanova və
Növrəstə Haqverdiyeva şəhidlik zirvəsinə yüksələn igid oğullarımıza həsr
olunmuş şeirlər səsləndiriblər.
Sonra "Fəxri qazaxlılar” parkında qoyulmuş büstün üzərindəki ağ örpək götürülüb və önünə
gül dəstələri düzülüb.
Tədbirin
aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar
incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını
salamlayıb və tarixi gün münasibətilə bütün ziyalıları, qazaxlıları təbrik
edib. Vaqif Səmədoğlunun timsalında bütün qazaxlı ziyalılara verilən yüksək
qiymətə görə AYB Qazax zona filialının çoxsaylı üzvləri, eləcə də rayon
ictimaiyyəti adından ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezdenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Azərbaycan ədəbiyyatının,
müasir poeziyamızın inkişaf etməsində böyük xidmətləri olan Vaqif Səmədoğlu şəxsiyyətinə
verilən dəyərin bütün ziyalılar tərəfindən yüksək minnətdarlıq və razılıq hissi
ilə qarşılandığını qeyd edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını
salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ədəbiyyatının
inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından
söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən
ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin
də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Ulu öndər Heydər
Əliyevin zamanında Vəkilovlar ailəsinə verdiyi dəyərdən, göstərdiyi yüksək
qayğıdan söz açan rayon rəhbəri bu gün həmin qayğının onun layiqli davamçıları
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
uğurla davam etdirildiyini bildirib. Rayon rəhbəri Heydər
Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin
mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını Qazax
ziyalılarına verilən daha bir böyük qiymət kimi dəyərləndirib. İcra başçısı
qeyd edib ki, bu addımın atılması bir daha onu sübut etdi ki, Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, incəsənətinə olan dövlət qayğısı bütün illərdə olub və bundan
sonra da olacaqdır. Ən əsası da şairlərə, yazıçılara verilən qiymət bütövlükdə ədəbiyyatımıza
verilən qiymətdir.
Rayon rəhbəri
sonda Qazax Müəllimlər Seminariyasının 100 illiyi, Xalq şairi İsmayıl Şıxlının
anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, bu gün Qazaxda
Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün qoyulmasına görə
ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib. Yuxarı Salahlı kənd sakini, Prezident təqaüdçüsü
Kamal Əhmədov çıxış edərək Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, xüsusilə də
qazaxlı ziyalılara verdiyi yüksək dəyərə görə ölkə başçısına və rayon rəhbərliyinə
təşəkkürünü çatdırıb. Qazaxda bütün yubiley tədbirlərinin, o cümlədən də Vaqif
Səmədoğlunun 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını bir ağsaqqal
kimi minnətdarlıq hissi ilə qarşıladığını qeyd edib.
AYB-nin mətbuat
katibi Xəyal Rza çıxış edərək tədbirə toplaşanları salamlayıb və AYB-nin sədri,
Xalq yazıçısı Anar Rzayevin təbriklərini çatdırıb. Artıq 9-cu ildir ki, Azərbaycanda
qeyd olunan "Şairlər Günü”ndən və bu gün münasibətilə keçirilən silsilə tədbirlərdən
söz açıb. Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş tədbirin də həmin günlə əlaqədar
keçirilən tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. Vaqif Səmədoğlu
haqqında xatirələrini qeyd edən X.Rza vaxtilə onun bir kitabının layihə rəhbəri
olduğunu qeyd edib və bununla qürur duyduğunu dilə gətirib. Bu gün ata yurdu
olan Qazaxda qardaşı Xalq yazıçısı Yusif Səmədoğlunun büstünün yanında onun da
büstünün qoyulmasını Vaqif Səmədoğlu yaradıcılığına verilən ən yüksək qiymət
kimi dəyərləndirib. Əməyi keçən bütün insanlara AYB-nin rəhbərliyi adından təşəkkürlərini
çatdırıb.
Qonaqlardan "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlu, Xəzər
Televiziyasının əməkdaşı Həmid Herisçi Xalq şairi ilə bağlı xatirələrindən söz
açıb, səmimi ürək sözlərini çatdırıblar. Vaqif Səmədoğlunun yarım əsrdən artıq
dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verdiyini, onun
yaradıcılığının müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini
təşkil etdiyini qeyd ediblər. Vaqif Səmədoğlunun xalqını və Vətənini sevən
böyük şair olmasından danışıblar. "Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir”, "Mən
şair kimi yox, şeir kimi ölmək istəyirəm” deyən görkəmli söz ustadının həmişə
şeirə, sənətə böyük önəm verdiyini, poeziyanı daim uca tutduğunu vurğulayıblar.
AYB Qazax filialının
ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, AYB-nin üzvü, şairə Tamella Poladlı çıxış
edərək görkəmli şair haqqında ürək sözlərini bildirib ona həsr etdikləri şeirləri
səsləndiriblər.
Bakıdan qonaq olan
aktyorlar Kamran Yunis və Xəzər Süleymanlı da Vaqif Səmədoğlu şeirlərini səsləndirərək
yubiley töhfələrini təqdim ediblər.
Aşıq Camoy
Qurbanovun, Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Sərxan Vəliyev və
Kənan Zeynalovun saz havası üstdə təqdim etdikləri şeirlər də tədbirə daha bir
rəng qatıb. Səməd Vurğun Ev Muzeyinin
direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova çıxış edərək
ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq
hissi ilə qarşıladığını bildirib. Qeyd edib ki, bu gün Vaqif Səmədoğlunun ata yurdunda
qardaşının yanında büstünün qoyulması bir daha sübut etdi ki, Vəkilovlar ailəsi
hər zaman birlik nümayiş etdiriblər. Səməd Vurğun və onun övladları
qazaxlıları, Qazaxı hər zaman sözün qüdrəti ilə yüksəkdə tutublar. Bu gün bu tədbirin
yüksək səviyyədə təşkil olunmasını və qazaxlıların Vaqifə olan sonsuz sevgisini
görən zaman bir daha əmin oldum ki, o, doğrudan da qazaxlıların qəlbində əbədi
olaraq yaşayır. Bu gün qazaxlılar təkcə dahi şairimiz Səməd Vurğuna deyil, eyni
zamanda, onun övladlarına, o cümlədən də Vaqifə yüksək dəyər verirlər.
Sonda N.Vəkilova Vaqif Səmədoğlunun
80 illik yubileyinin respublika səviyyəsində qeyd olunmasına görə ölkə başçısı
İlham Əliyevə vaqifsevərlər adından minnətdarlığını bildirib. Heydər Əliyev
Fondu tərəfindən Mehriban xanımın təşəbbüsü ilə büstün qoyulmasını yüksək minnətdarlıq
hissi ilə qeyd edərək bir daha sonsuz təşəkkürlərini çatdırıb. Büstün
qoyulmasında əməyi keçən insanlara, həmçinin, büstün heykəltaraşı olan Kamran
Əsədova minnətdarlığını çatdırıb. Tədbirin belə yüksək səviyyədə təşkilinə görə
rayon rəhbərliyinə razılığını bildirib. Yüksək əhval-ruhiyyədə keçən tədbirin
sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş