Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş tədbir atasının adını daşıyan Poeziya evindən start götürüb
Bu gün Xalq şairi
Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhərin mərkəzində
yerləşən "Fəxri qazaxlılar” parkında qoyulmuş büstünün açılışı olub. Bu əlamətdar
gün münasibətilə təşkil olunmuş tədbirə atasının adını daşıyan Səməd Vurğun Poeziya
evindən start verilib. Mərasimdə iştirak
edən yazarlar, saz, söz adamları tədbirdən öncə dahi şairimiz Səməd Vurğunun əziz
xatirəsini də yad ediblər. Tədbir iştirakçıları Yuxarı Salahlı kəndində Xalq
şairinin adını daşıyan Poeziya evində abidəsini ziyarət edərək abidə önünə gül
dəstələri düzüb böyük şairə olan sonsuz ehtiramlarını bildiriblər. Qonaqlardan Səməd Vurğunun Ev Muzeyinin direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilovanın, AYB-nin mətbuat katibi Xəyal Rzanın, "Qazax” Xeyriyyə İctimai Birliyinin nümayəndəsi Məti Osmanoğlunun, Yuxarı Salahlı kənd sakinlərinin, Zahid Mahmudov adına Yuxarı
Salahlı kənd tam orta məktəbin müəllim-şagird kollektivinin, yazarların iştirak
etdiyi tədbirdə həm dahi şairimiz Səməd Vurğunun, həm də Vaqif Səmədoğlunun həyat
yollarına, yaradıcılıqlarına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə
bir daha nəzər salınıb. Vəkilovlar ailəsinin ünvanına xoş sözlər səslənib, dövlətimiz,
dövlət başçımız tərəfindən verilən qiymətdən söz açılıb.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını
salamlayıb və əlamətdar gün münasibətilə təbrik edib. Bu günün tarixi bir əhəmiyyət
daşıdığını qeyd edən icra başçısı ulu öndər Heydər Əliyevin zamanında Vəkilovlar
ailəsinə verdiyi dəyərdən, göstərdiyi yüksək qayğıdan söz açıb və minnətdarlıq
hissi ilə qarşılayıb. Rayon rəhbəri qeyd edib ki, bu gün hər bir qazaxlı fəxr
edir ki, ümummilli liderin bu ailəyə verdiyi dəyər bu gün də davam etdirilir.
Onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyeva tərəfindən ziyalılarımıza, o cümlədən də Vəkilovlar ailəsinə
bu gün də qayğı göstərilir. Vurğulayıb ki, məhz Heydər Əliyev Fondu və onun prezidenti
Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik
yubileyi ilə bağlı Qazaxda ziyalılar parkında büstünün qoyulması bir daha sübut
etdi ki, dövlətimizin, ölkə rəhbərinin bu ailəyə olan sevgisi və qayğısı bundan
sonra da olacaqdır. Bu gün Vaqif Səmədoğlu yaradıcılığına, şəxsiyyətinə verilən
qiymət təkcə bu ailəyə deyil, bütün qazaxlı ziyalılara verilən dəyərdir. İcra başçısı qeyd
edib ki, Qazax torpağı yüzlərlə şair yetirib. Bu gün hər bir qazaxlı fəxr edir
ki, bu torpağın xalqın şairi olan Səməd Vurğun, onun övladları Vaqif və Yusif
kimi oğulları olub. Ən əsası da onlar hər zaman xalqın arasında olublar. Rayon rəhbəri istər
Qazax Müəllimlər Seminariyasının 100 illiyi, istər Xalq şairi İsmayıl Şıxlının
anadan olmasının 100 illiyi ilə əlaqədar verilən sərəncamlara, istərsə də bu
gün Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyi münasibətilə büstün
qoyulmasına görə ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından bir daha minnətdarlığını
bildirib. Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair
Barat Vüsal çıxış edərək Vaqif Səmədoğlu yaradıcılığının zənginliyindən, Azərbaycan
ədəbiyyatına bəxş etdiyi saysız, hesabsız şeirlərdən, əsərlərdən söz açıb. Dahi
şairimiz Səməd Vurğunun və onun övladlarının xalq, millət, Azərbaycan poeziyası
naminə gördüyü işlərdən, ölkəmizi yüksək tribunalarda necə təmsil etmələrindən
danışıb. Azərbaycanı sözün qüdrəti ilə ən uca zirvələrə qaldırmalarından söz
açıb. Səməd Vurğun Ev Muzeyinin
direktoru, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova çıxış edərək
ömür-gün yoldaşına dövlət səviyyəsində verilən qiyməti sonsuz minnətdarlıq
hissi ilə qarşıladığını bildirib. Vaqif Səmədoğlu haqqında ürək sözlərini
çatdıraraq xatiərlərini bölüşüb. Qeyd edib ki, bu gün Vaqifin kimliyi, hansı
zirvələri fəth etməsi haqqında onun yazdığı şeirlər, əsərlər danışır. Onu xalqa
sevdirir. Bu gün onun ruhu şaddır ki, o, xalqı, xüsusilə də qazaxlılar tərəfindən
sevilir və ona bu cür yüksək qiymət verilir. Bu gün biz Heydər Əliyev Fondu tərəfindən
Mehriban xanımın təşəbbüsü ilə büstün qoyulması ilə bu qiymətin bir daha şahidi
olduq. Kənd ağsaqqalı Abdulla Məmmədov
da ürək sözlərini çatdıraraq Azərbaycan ədəbiyyatına, ziyalılara verilən yüksək
dəyərə, böyük qiymətə görə ölkə başçısı İlham Əliyevə kənd sakinləri,
ağsaqqallar adından minnətdarlığını bildirib. Sonra söz Bakıdan qonaq olan
aktyorlara verilib. Aktyorlardan Kamran Yunisin, Xəzər Süleymanlının və Mənzər
Məmmədrəsul qızının hazırladıqları kompozisiya və Vaqif Səmədoğlu şeirlərinin
möhtəşəmliyi yubiley tədbirinə toplaşanlara xoş ovqat bəxş edib. Yuxarı Salahlı kənd
tam orta məktəbin şagirdləri Ülkər Cəfərovanın, Aysu Namazovanın, Aytac Mansurovanın
söylədikləri Xalq şairinin şeirləri alqışlarla qarşılanıb. Şagirdlərdən Sərxan Vəliyev
və Kənan Zeynalovun saz havası üstdə təqdim etdikləri şeirlər də tədbirə daha
bir rəng qatıb. Söylənilən fikirlərdə, deyilən şeirlərdə Vaqif Səmədoğlu şəxsiyyətinin
böyüklüyü, yaradıcılığının zənginliyi, onun Azərbaycan ədəbiyyatındakı mislisiz
xidmətləri bir daha xatırlanıb, yaddaşlara yazılıb. GOYEZEN.AZ
Facebook-da paylaş