Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə səyyar görüş keçirilib
Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun Qazaxda son 3 ildə istər şəhərdə, istərsə də
kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini alıb. Bunu icra
başçısının rəhbər təyin olunduğu ilk gündən vətəndaş mövqeyini hər şeydən üstün
tutmasından, hər zaman xalqın arasında olmasından, əhalini narahat edən
problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq kəndlərdə səyyar
görüşlər keçirməsindən aydın şəkildə görmək olar. Ölkə başçısı İlham Əliyevin
tapşırığına əsasən keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların
yerindəcə öyrənilərək həlli istiqamətində lazımi tapşırıqlar
verilməsinin, yüksək diqqət və qayğı göstərilməsinin nəticəsidir ki,
bu gün sakinlərlə rayon rəhbərliyi arasında səmimi bir münasibət
yaranıb. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən
şəhid ailələri, Qarabağ müharibəsi veteranları, əlillərlə yanaşı, məcburi köçkün
ailələrinə də daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə
öyrənib qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə
bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman
uğurla yerinə yetirilir. Rayon rəhbərinin işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd
sakinlərinin məskunlaşdığı yeni qəsəbədə mütəmadi olaraq görüşlər keçirməsi,
sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması bunu bir
daha sübut edir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu ilin proqramına uyğun olaraq yeni
salınmış qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün ailələri ilə səyyar
görüş keçirib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi
görüşdə respublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, son 3
ildə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışılıb. İcra başçısı
Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb, görüşün məqsəd və
əhəmiyyətindən söz açıb. Əvvəlki görüşlərdə olduğu kimi, bugünkü görüşün də
əsas məqsədinin sakinləri narahat edən məsələləri öz dillərindən eşitmək və
həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. İcra başçısı
son illər respublikamızda olan inkişafın Qazaxda da öz real əksini tapdığını
qeyd edib və buna misal olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq
işlərini, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də
bir çox sahələrdə əldə edilən uğurlu nəticələri göstərib. Hazırda rayonda
aparılan tikinti işlərindən söz açan rayon rəhbəri mərkəzi xəstəxana binasının
tikintisini xüsusilə vurğulayıb. "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və
dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət
kimi dəyərləndirib. İcra başçısı
qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri
rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi ki, artıq bu məsələ də ölkə
başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb. Rayon rəhbəri işlərin
sürətlə davam etdirildiyini və bu sahədə işlərin keyfiyyətlə aparılması üçün
rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti
şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət
edildiyini diqqətə çatdırıb. Respublika Prezidenti İlham Əliyevin baramaçılığın və ipəkçiliyin
inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin, bununla bağlı imzaladığı Sərəncamların
Qazaxda da uğurla yerinə yetirildiyini qeyd edən icra başçısı baramçılığın ildən-ilə
inkişaf etdirildiyini bildirib. Cari ildə kümçülər tərəfindən 8 ton yaş
baramanın istehsalının nəzərdə tutulduğunu qeyd edib. Rayon rəhbəri ildən-ilə
olan artımı xeyli sayda rayon sakininin işlə təmin
olunması, vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində
görülən işlər kimi qiymətləndirib. İcra başçısı
rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, uşaqların sağlam,
hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən
də söz açıb. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara
cavab verən səviyyəyə çatdırılmasını bu dediklərimizin bariz nümunəsi kimi
dəyərləndirib. Qeyd edib ki, həmin təmirli uşaq bağçalarından biri də Aşağı
Əskipara körpələr evi-uşaq bağçasıdır ki, burada uşaqlar üçün hər cür şərait
yaradılıb. Ölkə Prezidenti
İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamların əhəmiyyətindən söz
açan icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin
Qazax rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr
2018-ci il tarixli Sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar
2019-cu il tarixli Sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik
yubileylərinin respublika səviyyəsində qeyd olunması xəbərini hər bir
qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80
illiyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar
Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar”
parkında büstünün qoyulmasını dövlətin qazaxlı ziyalılara verdiyi dəyərin ən
bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin ali sərəncamlara və büstün
qoyulmasına görə ziyalılar adından bir daha ölkə başçısına, Mehriban xanıma
minnətdarlığını bildirib. Rayon rəhbəri həmin Sərəncamların icrasından irəli
gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz
açıb. Yubiley tədbirlərinin Tədbirlər Planında nəzərdə tutulan qaydada uğurla
həyata keçirildiyini və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb. İyunun
22-də Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə
qoyulmuş büstünün açılış mərasiminin keçiriləcəyini bildirib.
"Bu
gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü
məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı iyunun
18-də imzalanan çoxsaylı Sərəncamların bunun bariz nümunəsi olduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, Respublika
Prezidenti İlham Əliyev həmin Sərəncamlarla əhalinin rifahının yüksəldilməsi məqsədilə
növbəti sosial paketi təsdiq etdi. Bu, həyata keçirilən dövlət siyasətinin
davamı, silsilə tədbirlərin növbəti mərhələsi deməkdir. İstər minimum əməkhaqqının
180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata
çatdırılması, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının
müvafiq olaraq 20 və 40 faiz artırılması bir daha onu göstərdi ki, dövlət
başçısı hər zaman ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını
düşünür. İcra
başçısı bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da
məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını hər zaman
hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin sakinlərinin
də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunduqlarını
çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün salınmış
və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə yaradılan yüksək
şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib. Bağanıs Ayrım
kənd sakinlərindən ağsaqqal Şəmil Adıgözəlov, Zərbəçi Adıgözəlov, İlhamə Poladova, Türkan Adıgözəlova, Maya
Adıgözəlova, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd
sakini Aybəniz Sadıqova çıxış edərək respublikamızda və Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə
Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından dərin
minnətdarlıqlarını bildiriblər. Son 3 il ərzində Qazaxda həyata keçirilən
abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını diqqətə
çatdırıblar. Qeyd ediblər
ki, sizin hər dəfə biz məcburi köçkünlərlə görüşməyiniz bizi çox sevindirir.
Biz sizə rayon rəhbəri kimi deyil, bir ailə başçısı kimi müraciət edirik. Çünki
siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün biz Prezidentimiz İlham Əliyev
tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu
qəsəbədə hər cür şərait yaradılıb. Şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və
qayğıdan danışan sakinlər Vətən fədailərinin əziz xatirəsinin rayonda hər zaman
uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun,
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə
olduğunu qeyd ediblər. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu
sahəyə xüsusi diqqət ayırdığını şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşıldığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını,
yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi olduğunu diqqətə
çatdırıblar. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış
Şəhidlər xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu
bildiriblər. Çıxış edənlər
qeyd ediblər ki, dövlətimiz tərəfindən bizlərə, eləcə də sərhəd bölgəsində
yaşayan sakinlərə göstərilən bu qayğı bizi bir daha əmin edir ki, ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində
tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz ata-baba yurdumuza
qayıdacağıq. Rayon rəhbərliyi
tərəfindən daim qayğı ilə əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər
yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon
rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını
bildiriblər. Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri
yüksək qiymətləndirən sakinlər minnətdarlıqla yanaşı, öz arzu və istəklərini
çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar
tərəfindən səsləndirilən işlə təmin olunma, müalicəyə köməklik edilməsi və s.
məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri qaldırılan hər bir
məsələyə diqqətlə baxılacağını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş