• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlər tariximizin qan yaddaşıdır

Respublika mətbuatı Qazax haqqında


Düşmənlə 168 kilometr sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də işğalda olan Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək olub. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağ müharibəsi başlayandan Qazax rayonu yüzlərlə şəhid verib. 

280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən rayonda bu gün də hər bir gənc Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Şəhidlərin xatirəsi hər zaman uca tutulur, onların ailə üzvlərinə olan qayğı rayonda həmişə diqqət mərkəzində saxlanılır.

1992-ci ilin iyun ayında ermənilər tərəfindən işğal olunan kəndlərdən biri də Aşağı Əskipara oldu. Həmin acı tarixdən 27 il ötür. Öz ata-baba torpaqlarından didərgin düşən kənd sakinləri o qanlı günləri böyük kədər hissi ilə xatırlayır, qızğın döyüşlərdə şəhid olanları ehtiramla yad edirlər. Kəndin müdafiəsi zamanı həlak olan şəhidlərin bir qismi Qazaxdakı Şəhidlər xiyabanında dəfn olunmuşdur. Elə kəndin işğalının 27-ci ildönümü ilə əlaqədar həmin xiyabanda mərasim keçirilmişdir. Kənd sakinləri və rayon ictimaiyyəti nümayəndələri əvvəlcə şəhidlərin məzarlarını ziyarət etmişlər. Sonra onların ruhuna dualar oxunmuş, qəbirləri üzərinə gül dəstələri düzülmüşdür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin, ölkənin Birinci vitze-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdikləri diqqət və qayğıdan danışmış, ölkə başçısının bu sahədə imzaladığı fərman və sərəncamların əhəmiyyətindən söhbət açmışdır.

 

Diqqətə çatdırılmışdır ki, 280 nəfərdən artıq şəhidin uyuduğu məzarlar əsaslı şəkildə yenidən qurulmuş, hamısının şəkilləri qara mərmər üzərində həkk edilmişdir.

Xüsusi vurğulanmışdır ki, 27 il keçməsinə baxmayaraq, nə kənd sakinləri, nə də qazaxlılar həmin ağrılı-acılı günləri unutmurlar. Hər il kəndin işğalı günü qeyd edilir, onun müdafiəsində şəhid olmuş insanların xatirəsinə ehtiram göstərilir.

Mərasimdə ordumuzun qüdrətindən də söz açılmış, xalqımızın hərb tarixinə "Aprel zəfərikimi yazılan 5 günlük döyüşdən, eləcə də həmin döyüşlər zamanı düşmənə necə ağır zərbələr endirilməsindən danışılmışdır. Qeyd edilmişdir ki, Aprel döyüşləri təkcə Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərmədi. Eyni zamanda, igid və mərd oğullarımızın vətənpərvərliyini nümayiş etdirdi. Bununla da sübut edildi ki, ölkə rəhbərinin uzaqgörən siyasəti nəticəsində bir qarış torpağımız da düşmən tapdağı altında qalmayacaq, tezliklə işğalda olan rayonlarımız, eləcə də Qazaxın 7 kəndi azad ediləcəkdir.

Sonra Aşağı Əskipara kənd sakinlərindən Tofiq Qasımov, Vaqif Məmmədov, eləcə də Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev çıxış edərək 27 il əvvəl ermənilərin kənd sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən danışdılar. Qeyd etdilər ki, 1992-ci il iyunun 13-dən 14-nə keçən gecə kəndin müdafiəsi zamanı Aşağı Əskipara kəndi 6 nəfər şəhid verdi. Ümumilikdə isə kəndin 14 şəhidi var ki, onlardan biri Azərbaycanın Milli Qəhrəmanıdır. 2 nəfər müxtəlif orden və medallarla təltif olunub.

Mərasimin sonunda diqqətə çatdırılmışdır ki, şəhidlər heç zaman ölmürlər. Onlar əbədiyyətə qovuşaraq xalqın qəlbində daim yaşayırlar.

Sabir ƏLİYEV,

"Azərbaycan qəzetinin bölgə müxbiri

20 iyun 2019-cu il




Facebook-da paylaş