Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan
müəllimlərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını
artırmaq məqsədilə qərara alıram: 1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq
vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının
bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2019-cu il.
Facebook-da paylaş