Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir
sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara
dövlət qayğısını daha da artırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin
aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılsın:
1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;
1.2. Heydər Əliyev Mərkəzi;
1.3. "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
1.4. Azərbaycanda Atatürk Mərkəzi;
1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və
onların filialları, rayon (şəhər) dövlət arxivləri;
1.6. Azərbaycan Respublikasının Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
1.7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Dövlət Film Fondu;
1.8. Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
1.9. Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
1.10. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
1.11. Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. dövlət orqanlarının tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin
(Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını
təmin etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində
nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının
yeni məbləğlərini təsdiq etsin;
2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının
bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 18 iyun 2019-cu il.
Facebook-da paylaş