Aşağı Əskiparanın işğalından 27 il ötür
Bu
gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə
məruz qalan, Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda vətənpərvərlik
hissi, döyüş ruhu hər zaman yüksək səviyyədə olub. Qazaxlı gənclərdə ən ali səviyyədə
olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid
verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin
müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa
hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin
xatirəsi isə hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi
bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə
olan qayğı həmişə diqqət mərkəzində saxlanılır. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə
daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların
xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların
abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində
yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri bu istiqamətdə görülən əməli
işlərdir. Rayon rəhbərinin hər zaman xüsusi həssaslıqla
yanaşdığı sahələrdən biri də düşmən tapdağı altında olan kəndlərimizin işğal
günlərinin qeyd olunması, həmin kəndlərdən olan şəhidlərin xatirəsinin yad edilməsidir. Hər kəsə yaxşı məlumdur ki,
müxtəlif illərdə Qazax rayonunun 7 kəndi ermənilər tərəfindən işğal olunmuşdur.
1992-ci ilin iyununda isə iki kənd - 8 iyunda Yuxarı Əskipara kəndi işğal
olundu. 14 iyunda işğal edilən sonuncu kənd isə Aşağı Əskipara oldu. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Əskipara kəndinin işğalının 27-ci ildönümü ilə
əlaqədar şəhərdəki şəhidlər qəbiristanlığına gələrək işğal zamanı dünyasını
dəyişən şəhidlərin qəbirlərini ziyarət edib. İdarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri,
ağsaqqallar, ictimaiyyət nümayəndələri də şəhid qəbirlərini ziyarət edərək
onlara olan sonsuz ehtiramlarını bildiriblər. Sonra şəhidlərin ruhuna
dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə
Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıdan
danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən
olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu diqqətə çatdırıb.
"Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə
başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində
saxlanıldığını qeyd edib. Son 3 ildə şəhid qəbiristanlıqlarında, xiyabanlarda
görülən işlərdən söz açaraq bu işlərin ən bariz nümunəsi kimi şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanında 280-dən artıq şəhidimizin şəkli və adı
əks olunmuş lövhələrin vurulmasını, abadlıq işlərinin aparılmasını göstərib.
Rayon rəhbəri qeyd edib ki,
bu gün Aşağı Əskipara kəndinin işğalından 27 il ötməsinə baxmayaraq kənd
sakinlərinin, eləcə də qazaxlıların həmin ağrı-acı dolu günləri
unutmadıqlarını, işğal gününü hər il qeyd etdiklərini bildirib. Bu gün bu
qəbiristanlıqda uyuyan və Aşağı Əskipara kəndindən olan şəhidlərin təkcə həmin
kəndin şəhidləri deyil, bütün Qazaxın şəhidi olduğunu qeyd edib. Respublika Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən
ordumuzun qüdrətindən söz açan rayon rəhbəri son illər hərbi sahədə
qazandığımız uğurlardan da danışıb. Azərbaycanın hərb tarixinə "Aprel zəfəri”
kimi yazılan 5 günlük döyüşdən söhbət açıb. Həmin döyüşlər zamanı düşmənin necə
sarsılmasından, xeyli sayda itkilər verməsindən, ən əsası da bu gün belə necə
vahiməyə düşməsindən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri təkcə Azərbaycan
Ordusunun gücünü, qüdrətini göstərmədi, eyni zamanda, igid və mərd
oğullarımızın da olduğunu nümayiş etdirdi. Düşmən gördü və anladı ki,
Azərbaycanda Ali Baş Komandan İlham Əliyevin irəli əmrinə hazır olan igid
oğulları var, olub və bundan sonra da olacaqdır. İcra başçısı ölkə rəhbərinin
uzaqgörən siyasəti nəticəsində düşmən tapdağı altında olan bir qarış
torpağımızın belə düşməndə qalmayacağını, tezliklə işğalda olan rayonlarımızın,
eləcə də Qazaxın 7 kəndinin işğaldan azad ediləcəyi günün uzaqda olmadığını
qeyd edib. Sonra Yuxarı Əskipara kənd
sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakinlərindən Tofiq Qasımov,
Vaqif Məmmədov söz alaraq kəndin işğalından və ermənilərin kənd sakinlərinə
qarşı törətdiyi vəhşiliklərdən danışıblar. Qeyd ediblər ki, 1992-ci il
iyunun 13-dən 14-ə keçən gecə işğal olunan Aşağı Əskipara kəndi o kənddir ki,
bir gündə 6 şəhid verdi. Bu gün Aşağı Əskiparanın 14 şəhidi var ki, onlardan
biri Azərbaycanın Milli Qəhrəmanı adını alıb, 2 nəfəri ordenlə təltif olunub. Azərbaycan Yazıçılar
Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal
keçirilən bugünkü tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələcək
nəsillərin vətənpərvər ruhda böyüməsində, öz torpağına, elinə-obasına bağlı böyüməsində
böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Qazaxda şəhidlərə, onların ailələrinə
verdiyi yüksək dəyərə görə rayon rəhbərliyinə ziyalılar adından minnətdarlığını
bildirib. Sonra Aşağı Əskipara kəndinin müdafiəsində özünəməxsus şücaəti olan
şəhid Qaratel Hacımahmudovanın xatirəsinə yazdığı şeiri səsləndirib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq şəhidlərə, onların
ailə üzvlərinə olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə
olacağını bildirib. İşğal altında olan bütün kəndlərimiz kimi, Aşağı Əskipara
kəndinin də tez bir zamanda işğaldan azad olunmasını arzu edib və o günün
uzaqda olmadığını söyləyib. GOYEZEN.AZ
Bu gün həmin acı tarixi gündən 27 il ötür. Məcburi köçkün düşən kənd sakinləri
həmin qanlı günləri böyük kədər hissi ilə xatırlayır, dünyasını dəyişənləri
ehtiramla yad edirlər. Kəndin müdafiəsi zamanı həlak olan şəhidlərin bir qismi
Qazaxdakı şəhidlər qəbiristanlığında dəfn olunub.
Çıxış edən kənd sakinləri şəhidlər qəbiristanlığının yenidən qurulmasına və
şəhid ailələrinə verilən dəyərə, göstərilən diqqətə, qayğıya görə ölkə başçısı
İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd
sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün Aşağı
Əskiparanın işğalı günündə təşkil olunan tədbiri yüksək qiymətləndiriblər.
Facebook-da paylaş