• Təqvim

  • Unutma

  • Maraq



Xidmət sahələrinin fəaliyyəti ilə bağlı iclas keçirilib


Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bir çox sahələr, o cümlədən də xidmət sahələri inkişaf etməyə, formalaşmağa başladı. Ticarət, nəqliyyat, rabitə, bank, turizm və s. kimi sahələri özündə birləşdirən bu sektor son 15 ildə böyük bir inkişaf yolu keçdi. Respublika Prezidenti İlham Əliyevin vətəndaşlara göstərilən xidmət sahələrinin keyfiyyətinin artırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da daim diqqət mərkəzində saxlanılır.

Son 3 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaşlara göstərilən xidmət sahələrinin fəaliyyəti ilə bağlı keçirdiyi iclaslar, müşavirələr, bu sahədə çalışan aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verməsi bu dediklərimizin bariz nümunəsidir.

Bu gün Rayon İcra Hakimiyyətində aidiyyəti xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən iclas da bu sahədə görülən məqsədyönlü işlərin davamıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək rayonda vətəndaşlara göstərilən xidmət sahələrinin fəaliyyətləri barədə fikirlərini bildirib. Qeyd edib ki, xidmət təşkilatlarının rəhbərlərinin kimliyindən asılı olmayaraq vətəndaşlara göstərilən xidmətlər hər zaman ən yüksək səviyyədə olmalıdır. Hər bir idarə, müəssisə və təşkilat rəhbəri fəaliyyəti dövründə çalışmalıdır ki, vətəndaş məmnun qalsın. Bunun üçün təşkilat rəhbəri müraciət edən hər bir vətəndaşın istəyinə operativ şəkildə baxmalı və münasibət bildirməlidir. Ən əsası da təşkilat rəhbəri və yaxud da onun kollektivi müraciət edən vətəndaşın istəyinə oturduğu kabinetdən deyil, yerində baxış keçirərək reaksiya verməlidir. Ölkə başçısının da söylədiyi kimi, hər bir dövlət məmuru xalqın xidmətində dayanmalıdır.

İcra başçısı bildirib ki, əgər vətəndaş sərf etdiyi enerjiyə, təbii qaza, internet və ya rabitə xidmətinə, eləcə də digər xidmətlərə görə dəyərini ödəyirsə, həmin xidmət sahələri də əllərindən gələni etməlidirlər ki, vətəndaş onlardan həmişə razı qalsın. Onlara ən yüksək səviyyədə xidmət göstərilsin.

Rayon rəhbəri qeyd edib ki, müxtəlif sahələri özündə birləşdirən xidmət sektoru ölkənin həm də əsas inkişaf və rifah göstəricilərindən sayılır. Odur ki, hər bir dövlət məmuru və onların rəhbərlik etdikləri kollektivlər ölkə rəhbərinin istəyinə uyğun olaraq vətəndaşlara göstərilən xidmətləri hər zaman yüksəkdə tutmalıdır. İstər vətəndaşlara olan rəftarda, istərsə də hər hansı bir xidmətdə hər zaman nümunə olmalıdırlar.

Sonra icra başçısı rayonda fəaliyyət göstərən xidmət sahələri tərəfindən həyata keçirilən və görülməsi nəzərdə tutulan işlərlə bağlı həmin təşkilatların rəhbərlərini dinləyib.

Qazax Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov, Su-Kanal İdarəsinin rəisi Alı Hüseynov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Telekommunikasiya Qovşağının rəisi Əyyub Dünyamalıyev, "Qazax Avtovağzal” ASC-nin sədri Eyvaz Quluyev çıxış edərək rəhbərlik etdikləri təşkilatlar üzrə gördükləri işlərdən söz açıblar.

Təşkilat rəhbərlərini dinləyən rayon rəhbəri növbəti rübdə görüləcək işlər haqqında tədbirlər planını hazırlayıb təqdim etmələrini bildirib. İstər kəndlərdə, istərsə də şəhərdə vətəndaşlara göstərilən xidmətlərdə, onlara qarşı münasibətdə səmimi olmalarını qeyd edərək işlərinə daha məsuliyyətlə yanaşmalarını vurğulayıb. Görməli olduqları işlərlə bağlı bəzi tapşırıq və tövsiyələrini verib.


GOYEZEN.AZ



Facebook-da paylaş