• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda səhiyyə sahəsi daim diqqət mərkəzində saxlanılır


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə ocaqlarında olması, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanmasıdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərdə yerləşən Doğum Evinə baş çəkib. Mövcud vəziyyətlə maraqlanıb, vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla tanış olub.

Tibb müəssisəsindəki şəraitlə maraqlanan rayon rəhbərinə məlumat verilib ki, ana olacaq qadınlar ilk gündən qeydiyyata alınır və onlara hər cür tibbi qulluq göstərilir.

Tibb işçiləri ilə səmimi şəkildə görüşən rayon rəhbəri dövlətimiz və dövlət başçısı tərəfindən bütün bölgələrimizdə səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Bildirib ki, bu gün rayonda əksər səhiyyə müəssisələrində lazımi şəraitin olmamasına baxmayaraq bu sahədə çalışan tibb işçiləri mümkün olan bütün imkanlardan istifadə edirlər ki, vətəndaşlar səhiyyə ocaqlarından razı şəkildə ayrılsınlar.

Ölkə başçısının səhiyyə sahəsindəki həyata keçirdiyi məqsədyönlü işlərdən söz açan rayon rəhbəri Qazaxda inşa olunan 10 korpusdan ibarət 145 çarpayılıq mərkəzi xəstəxana binasının tikintisinin bunun əyani sübutu olduğunu qeyd edib. Ən müasir avadanlıqlarla təchiz olunmuş yeni xəstəxananın yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcəyini qeyd edib.

Sonra icra başçısı tibbi müayinə olunmaq üçün müraciət etmiş sakinlərlə görüşüb, onlara göstərilən xidmətlərin keyfiyyəti, göstərilən diqqət və qayğı ilə maraqlanıb. Sakinlər onlarla mütəmadi olaraq bu cür səmimi görüşlər keçirdiyinə, səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Növbəli şəkildə tibbi müayinədən keçdiklərini söyləyiblər.

Rayon rəhbəri vətəndaşlara qarşı münasibətdə bundan sonra da daha diqqətli olmaları və hər zaman qayğı ilə yanaşmalarını bildirib, bununla bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.



GOYEZEN.AZ



Facebook-da paylaş