Sərhəd kəndi Kəmərlidə sakinlərlə səyyar görüş keçirilib
Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri
daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə
yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu
diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi
arasında bir isti münasibət, bir doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün
sərhəddə yaşayan sakinlər icra başçısını öz həmkəndliləri hesab edirlər. Bu da
səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların
xeyir və şər işlərində iştirak edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Kəmərli kəndidir. Rayon rəhbəri fəaliyyətə
başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır. Ölkə başçısı İlham Əliyevin
tapşırıq və tövsiyəsinə uyğun olaraq hər həftə keçirilən növbəti səyyar
görüşlərdən biri bu gün rayonun sərhəd kəndi olan Kəmərlidə keçirilib. Aidiyyəti
idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də
respublikamızda, Qazaxda, eləcə də rayonun kəndlərində qazanılan uğur və
nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən
danışılıb. Həmçinin ölkə başçısının yürütdüyü məqsədyönlü siyasətin mərkəzində
vətəndaş mövqeyinin dayanması, onun verdiyi tapşırıq və tövsiyələr bir daha
vurğulanıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını salamlayıb,
görüşün məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı əvvəlki görüşdə olduğu
kimi, bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öz
dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görmək olduğunu
bildirib. Qeyd edib ki, kənddəki mövcud vəziyyəti öyrənmək, həlli mümkün
olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə
aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı
respublikamızın bütün bölgələrində olduğu kimi, son 3 ildə Qazaxda da
genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, elm, təhsil, səhiyyə,
mədəniyyət, idman, eləcə də bir çox sahələrdə uğurlu nəticələrin əldə olunduğunu
bildirib. Rayon rəhbəri bu illər ərzində rayonumuzda bütün sahələrdə - kənd
təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında,
sənayeləşmədə uğurlu nəticələrin əldə edildiyini bildirib. Ölkəmizdə fəaliyyət
göstərən 40-dan çox dövlətin fövqəladə və səlahiyyətli səfirləri rayonumuzda
olan zaman son illər rayonda olan inkişafı yüksək qiymətləndirdiklərini diqqətə
çatdırıb. Səhiyyə sahəsində qazanılan
uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi xəstəxana binasının
tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi
qiymətləndirib. Xüsusilə də "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını
dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi
dəyərləndirib. Bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsini həm də
rayon sakinlərinin işlə təmin olunması istiqamətində atılan uğurlu addım kimi
qeyd edib. Təhsil sahəsində qazanılan
uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə
rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonda məktəb tikintisi sahəsində
görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş 5 illik Dövlət Proqramına
həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını
bildirib. O cümlədən də həmin məktəblərdən birinin məhz Kəmərli kənd tam orta məktəbi
olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham
Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətindən söz açan
icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax
rayonu üçün əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. 3 noyabr 2018-ci
il tarixli sərəncamda Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il
tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin
respublika səviyyəsində qeyd olunması xəbərini hər bir qazaxlının minnətdarlıq
hissi ilə qarşıladığını diqqətə çatdırıb. Bu il 80 illiyini qeyd etdiyimiz Xalq
şairi Vaqif Səmədoğlunun yubileyi ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun Prezidenti,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin
mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında büstünün qoyulmasını dövlətin qazaxlı
ziyalılara verdiyi dəyərin ən bariz nümunəsi olduğunu qeyd edib. İmzalanmış həmin
ali sərəncamlara və büstün qoyulmasına görə ziyalılar adından bir daha ölkə
başçısına, Mehriban xanıma minnətdarlığını ifadə edib. Rayon rəhbəri həmin
sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi
istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi
hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə
çatdırıb. Bu yaxınlarda Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80
illiyinin də qeyd olunduğunu vurğulayıb. İcra başçısı bildirib ki,
fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Ən əsası da uşaqların sağlam,
hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait
yaradılmasıdır. Rayonda olan 25 uşaq bağçasından 20-nin tam müasir standartlara
cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Rayon
rəhbəri Qazaxbəyli kənd uşaq bağçasının bu yaxınlarda əsaslı təmirdən sonra
istifadəyə verilməsini qeyd edərək bu sahədə görülən işlərin bundan sonra da
davam etdiriləcəyini bildirib. Rayon rəhbəri vətəndaşların
mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü
qeyd edib. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3
ildə rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən
çoxunun əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini bu
dediklərimizin əyani sübutu kimi dəyərləndirib. Qeyd edib ki, bütün bu işlər
vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin
yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin
maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.
İcra başçısı qeyd edib ki,
Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya
sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı
sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu
sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə,
müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun
yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini də diqqətə çatdırıb. "Bu gün ölkə
başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü
siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı Qazaxda da
vətəndaş amilinin hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3 ildə ölkə
başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi
qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin məhz bu
məqsədə xidmət etdiyini vurğulayıb. Rayon rəhbəri ötən ilin
axırları və bu ilin birinci rübündə ölkə rəhbəri tərəfindən imzalanan fərman və
sərəncamların, həyata keçirilən uğurlu layihələrin vətəndaşların sosial rifah
halının yaxşılaşdırılmasına yönəldildiyini qeyd edib. Buna misal olaraq əmək
haqqının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına,
tələbələrə verilən təqaüdlərin artırılmasını, eyni zamanda, ödənişli əsaslarla
təhsil alan tələbələrə belə təqaüdlərin verilməsini, problemli kreditlərin həll
olunması və bunun kimi onlarla işləri göstərib. İcra başçısı bütün bu işlərin
təməlində neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda əldə olunan
gəlirlərin, artımların dayandığını qeyd edib. Rayonda, eləcə də kəndlərdə
elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd
edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun
sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını
qeyd edib. Qeyd edib ki, mavi yanacağın limitinin 1700 kubmetrdən 2200 kubmetrə
çatdırılması əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir. Rayon
rəhbəri uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman
aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son
illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar,
Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq,
Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini
qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də
subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən
rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. "Əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli
suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika
Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamını həmin məqsədyönlü işlərin
əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin sərəncama əsasən
rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli,
Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin
hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri
həmin kəndlərdən birinin məhz Kəmərli kəndi olduğunu qeyd edərək yeni
subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan
qaldırılması kimi qiymətləndirib. İcra başçısı bildirib ki,
2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasda ölkə başçısının məmurlarla bağlı söylədiyi fikirləri bir daha
diqqətə çatdırıb. Bildirib ki, dövlət hər zaman öz vətəndaşının, xalqının
yanında olmalıdır. Çünki ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi
"Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin
prioritet istiqamətlərindən birini təşkil edir. Odur ki, Prezident İlham
Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön
plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə
yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Rayon rəhbəri
bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və
təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə
bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün tutulmalıdır. Onlar öz
davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə
olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı
qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün
xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət
göstərməlidirlər. Kənd sakinlərindən Rəhim Rəhimov, Niyaz Məmmədov, Nədimi
Orucov, Məhəmməd Qaragözov, Güllüzar Süleymanova, Hümbət Mollayev, Kəmərli kənd
tam orta məktəbin direktoru Minarə Rəhimova da dövlət tərəfindən hər zaman diqqət
və qayğı ilə əhatə olunduqlarını qeyd edib, onlara göstərilən qayğıya görə
Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını
çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə
rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər. Sakinlər rayonda onlara
göstərilən diqqət və qayğıya görə də razılıqlarını bildiriblər. Qeyd ediblər
ki, bu gün biz sakinlərə olan səmimi münasibətin nəticəsidir ki, biz öz
sözümüzü belə asanlıqla çatdıra bilirik. Ən əsası da qaldırdığımız hər bir
məsələyə mütləq şəkildə baxılacağını bilirik. Görüşdə minnətdarlıqla yanaşı,
sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər
tərəfindən səsləndirilən kənddə subartezian quyusunun qazılması, SİP kabelləşmə
işinin aparılması, kəndarası yolun cari təmir olunması, məktəbin istilik
sisteminin yenilənməsi, çöl torpaqlarının suvarma suyu ilə təmin olunması və s.
məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə
baxılacağını bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov görüşə yekun vuraraq qeyd edib ki, onlara göstərilən diqqət və qayğı
bundan sonra da belə olacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş