Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans
"Qazax
Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol
danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf
etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını
Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan
Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən
bəhrələnəcəkdir”. Heydər ƏLİYEV Azərbaycan
Xalq Cümhuriyyətinin ilk günlərində Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qori
Müəllimlər Seminariyasının Qazaxa köçürülməsi müstəqil dövlətimiz üçün müəllim
kadrları hazırlayan ilk təhsil ocağının fəaliyyətə başlaması kimi tarixi hadisə
oldu. Bu seminariya öz təhsil və təlim modelinə görə Azərbaycana Üzeyir bəy
Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun
bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi idi. Və bu
varisliyi Qazax Seminariyası layiqincə doğrultdu. Bu təhsil məbədi sonralar
Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov,
Möhsün Poladov, İsmayıl Şıxlı kimi görkəmli dövlət, elm, maarif və incəsənət
xadimləri bəxş etdi. Ədəbiyyatşünas
alim, maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə
fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana
dilində, mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda
elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verdi. Həmin
vaxtdan 100 il keçsə də, seminariyanın gördüyü işlərə bu gün də yüksək dəyər
verilir. Azərbaycan Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli
sərəncamı ilə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət
səviyyəsində qeyd edilməsi məhz bu dəyərin məntiqi nəticəsidir. Artıq xeyli
vaxtdır ki, sərəncamın icrası ilə bağlı Qazax rayonunda müxtəlif tədbirlərin
keçirilməsinə start verilmişdir. Bu günlərdə isə Qazax Rayon İcra Hakimiyyəti,
Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Folklor İnstitutunun, Bakı Dövlət Universiteti Qazax filialının birgə
təşkilatçılığı ilə "Azərbaycan təhsili və elminin müasir problemləri”
mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Qazax Müəllimlər
Seminariyasının 100 illiyinə həsr olunmuş konfransda Bakı, Gəncə, Şəki,
Mingəçevir şəhərləri ilə yanaşı, Türkiyə, Bolqarıstan, Ukrayna və Gürcüstandan
da alimlər iştirak edirdilər. Konfransda 60-dan artıq məruzə dinlənilmişdir.
Konfransda
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan təhsilində
əhəmiyyətli yer tutan seminariyanın 100 illik yubileyi münasibətilə keçirilən
beynəlxalq elmi-praktik konfransa qatıldıqları üçün bütün iştirakçılara
minnətdarlığını bildirmiş və onlara uğurlar arzulamışdır. O, qeyd etmişdir ki, Qazax Müəllimlər Seminariyasının
xalqımızın mədəni həyatında oynadığı rol danılmazdır. Onun təməli üzərində
neçə-neçə təhsil ocağı yaranmış və inkişaf etmişdir. Bu təhsil məbədi özündən
sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk
etmişdir. Prezident İlham Əliyev respublikada mədəniyyətin və təhsilin
inkişafına hər zaman xüsusi önəm verərək görkəmli şəxsiyyətlər yetişdirmiş
Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd
edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən artıq xeyli vaxtdır
ki, rayonda silsilə tədbirlər keçirilir və bu gün "Azərbaycan təhsili və
elminin müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik
konfrans da həmin silsilə tədbirlərin davamıdır. Bakı Dövlət
Universiteti Qazax filialının direktoru Arif Rüstəmov təhsil sahəsinə verdiyi
yüksək qiymətə görə ölkə rəhbəri İlham Əliyevə, Azərbaycan mədəniyyətinin
beynəlxalq səviyyədə təbliğinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya
qazaxlı ziyalılar adından minnətdarlığını bildirmiş, ölkəmizdə təhsil sahəsinin
inkişafı istiqamətində görülən işlərdən söz açmışdır. AMEA-nın
Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov yubileyin
keçirilməsini Azərbaycanda mədəni dəyərlərə göstərilən dövlət qayğısının
təzahürü kimi qiymətləndirmişdir. Bakı Dövlət
Universiteti Qazax filialının müəllimi Hüseyn Xəlilov "BDU-nun Qazax
filialı Qazax Müəllimlər Seminariyasının varisliyi yolunda”, Gəncə Dövlət
Universitetinin professoru, əməkdar elm xadimi Xəlil Yusifli "Firidun bəy
Köçərli irsi”, AMEA-nın Folklor İnstitutunun müəllimi Cəlal Qasımov "Qori
Seminariyasının repressiyaya məruz qalmış məzunları” mövzularında məruzələr
etmişlər. Konfransda Türkiyənin Ərdahan Universitetinin müəllimi Ərdoğan
Altunkaynakın, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin müəllimi Mahmud
Kamaloğlunun və başqalarının çıxışları da maraqla dinlənilmişdir. Beynəlxalq
elmi praktik konfrans bölmə iclaslarında öz işini davam etdirmişdir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 4 iyun 2019-cu il
Respublika mətbuatı Qazax haqqında
Facebook-da paylaş