• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə büstü qoyulacaq


Bu il iyunun 5-də öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrini yazan şair, dramaturq, publisist, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 ili tamam olur. Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutmuş, xalqını və Vətənini sevən böyük şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.

Ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən görkəmli Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün silsilə tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Əliyeva tərəfindən Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda büstünün qoyulmasıdır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ziyalıları ilə birlikdə büstün qoyulacağı şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında olub, büst üçün ayrılmış yerə baxıb. Qərara alınıb ki, görkəmli şairin büstü qardaşı Xalq yazıçısı Yusif Səmədoğlunun büstünün yaxınlığında qoyulsun. Sonra rayon rəhbəri büstün qoyulması üçün alt hissənin hazırlanması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Parkda istirahət edən və büstün qoyulması xəbərini eşidən rayon sakinləri bu xəbəri sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər. Qazaxlı ziyalılara verilən dəyərə, yüksək qiymətə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



GOYEZEN.AZ



Facebook-da paylaş