• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib


Ramazan ayı çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində şəhid ailələri, Qarabağ əlilləri və aztəminatlı ailələrin övladlarının xeyriyyə (sünnət) aksiyası təşkil olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin cərrahı Binyamin Abbasəliyevin təşəbbüsü ilə hər il ənənəvi olaraq keçirilən və 15 gün davam edən tibbi aksiyaya 3 həkim-cərrah, 3 reanimatoloq, 1 həkim-laborant, eləcə də şöbənin bütün həkimləri və tibbi personalı cəlb edilib. Əməkdaşlar tərəfindən xəstələrə ambulator baxış keçirilib, sonra onlara göstəriş üzrə sünnət əməliyyatı aparılıb. Əməliyyatlar sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla keçirilib. Aksiya çərçivəsində ümumilikdə 239 uşaq sünnət edilib.

Bu gün xeyriyyə aksiyası münasibətilə tədbir təşkil olunub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri, məktəb direktorları, ağsaqqallar, ziyalılar,  Qarabağ əlilləri və şəhid ailələri, sünnət olunacaq uşaqlar və onların valideynləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov tədbiri açıq elan edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb və sözü rayon rəhbərliyinə verib

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ölkə Prezidenti İlham Əliyev və ailə üzvləri başda olmaqla bütün Azərbaycan xalqını, rayon sakinlərini və tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Xalqımıza sülh, əmin-amanlıq və firavan günlər arzulayıb. Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrinin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etdiyini bildirib. Rayon rəhbəri Qazaxda bütün sahələrlə yanaşı səhiyyə sahəsinin də inkişaf etdiyini diqqətə çatdırıb. Respublika Prezidenti İlham Əliyevin bölgələrdə səhiyyə sahəsinə olan diqqət və qayğısının bariz nümunəsi kimi rayonda inşa olunan 145 çarpayılıq mərkəzi xəstəxananın tikintisini göstərib. Rayonda vətəndaşlara səhiyyə sahəsində göstərilən xidmətlərdən söz açan icra başçısı bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və həkimlərin üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb. İcra başçısı cərrah B.Abbasəliyevin təşəbbüsü ilə baş tutan aksiyanı yüksək qiymətləndirib və əziyyəti keçən hər bir işçiyə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Bu cür aksiyaların təşkil olunmasını onlara göstərilən qayğıya bir töhfə olduğunu qeyd edib. Müsəlman olan bütün uşaqları və onların valideynlərini təbrik edib, xoş arzularını çatdırıb.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, şəhid ailəsi Kifayət Mustafayeva çıxışı zamanı şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. İstər şəhid ailələrinin, istərsə də Qarabağ müharibəsi əlilləri və veteranlarının dövlətin və onun rəhbərinin qayğısını hər an hiss etdiklərini vurğulayıblar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə açılan iftar süfrəsinin, eləcə də bu cür aksiyanın təşkil olunmasını yüksək qiymətləndiriblər.


Qazax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin cərrahı Binyamin Abbasəliyev çıxış edərək 2001-ci ildən bu cür aksiyaları həyata keçirdiyini bildirib. Ramazan bayramı münasibətilə təşkil olunan bu aksiyada artıq 201 nəfər uşağın sünnət olunduğunu, bu gün isə daha 38 uşağın olunacağını qeyd edib. B.Abbasəliyev bildirib ki,  
həkim kollektivimizin məqsədi hər zaman xalqımıza yüksək xidmət göstərmək və bizə müraciət edən hər bir kəsin alınan nəticələrdən razı qalmasını təmin etməkdir. O, bu cür xeyriyyə aksiyalarının il ərzində növbəti bayramlarda da həyata keçiriləcəyini vurğulayıb və bütün cərrah həkimlərə bu cür addımlar atmağı tövsiyə edib. Bugünkü tədbirin təşkilinə görə rayon rəhbərliyinə və əməyi keçən insanlara minnətdarlığını bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxış edərək müqəddəs bir ayda təşkil olunan aksiyanı yüksək qiymətləndirdiyini söyləyib və aksiyanın təşkilatçılarına, xüsusilə də cərrahiyyə şöbəsinin kollektivinə təşəkkürlərini çatdırıb. Gələcəyin əsgəri olan bu uşaqların əsl müsəlman olmaları üçün atdıqları addımı ən xeyirxah əməl kimi dəyərləndirib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sünnət olunacaq uşaqlara hədiyyələr təqdim edib. Daha sonra rayon rəhbərliyi sünnət olunmuş uşaqlara baş çəkib, hədiyyələr təqdim edərək valideynlərinə bir daha gözaydınlığı verib.

Valideynlərdən Cəfərli kəndində yaşayan məcburi köçkün Gülbəniz Quliyeva çıxış edərək bildirib ki, hər bir müsəlman oğlan övladını sünnət etdirməlidir. Bu, çox vacibdir. Bu gün rayonun bütün aztəminatlı ailələrinə belə bir imkan yaradılıb. Mən də bu imkandan yararlandım. O, xeyriyyə aksiyasının bütün iştirakçılarına təşəkkür edib.





GOYEZEN.AZ



Facebook-da paylaş