• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha üç çoxmənzilli yaşayış binasının əsaslı təmirdən sonra açılışı olub


Bu gün ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində gündən-günə inkişaf edən, abadlaşan bölgələrimizdən biri də Qazax rayonudur. Bunu son 3 ildə rayonda aparılan genişmiqyaslı quruculuq işlərindən, yeni asfalt yolların çəkilməsindən, bağçaların, məktəblərin inşa olunmasından, sosial obyektlərin istifadəyə verilməsindən, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə qazanılan nailiyyətlərdən aydın şəkildə görmək olar.

Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Bu, vətəndaşlara göstərilən diqqət və qayğının əyani göstəricisidir. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən çoxmənzilli binaların təmiri yeni iş yerlərinin yaradılması, burada çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.

Sevindirici haldır ki, bu istiqamətdə görülən işlərə bu il də böyük sürətlə start verilib. Məlumat verdiyimiz kimi, şəhərdə Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binaları da əsaslı şəkildə təmir olunurdu. Bir neçə aydır ki, təmir olunan binalarda işlər tam başa çatıb.

Bu gün 2 mərtəbədən, 2 və 3 giriş blokundan ibarət 2,3,4 saylıhəmin yaşayış binalarının əsaslı təmirdən sonra açılış mərasimi olub. Binaların qarşısında keçirilən açılış mərasimində bina sakinləri ilə yanaşı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı şəkildə təmir olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər.

Rayon rəhbəri çıxış edərək müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Açılış mərasimi münasibətilə bina sakinlərini səmimi qəlbdən təbrik edən icra başçısı bildirib ki, bu gün dövlətimiz və dövlət başçısı tərəfindən nəinki əhalinin sosial rifah halının yaxşılaşdırılması, eyni zamanda da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Ötən ilin sonları, bu ilin ilk 3 ayında ölkə vətəndaşlarının rifahı naminə imzalanan çoxsaylı Fərman və Sərəncamlar bunu əyani şəkildə sübut edir. Əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin artırılması, vətəndaşları narahat edən problemli kreditlərin həlli ilə bağlı atılan mühüm addımlar bir daha onu göstərdi ki, ölkədə uğurla yürüdülən dövlət siyasətinin mərkəzində vətəndaşlar dayanır. Bütün bunlarla yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər də bu siyasətin əsasını təşkil edir.

 

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən, istifadəyə verilən sosial obyektlərdən, eləcə də yeni iş yerlərinin yaradılmasından, kənd təsərrüfatının inkişaf etməsindən, tikinti-quruculuq işlərinin geniş vüsət almasından söz açan rayon rəhbəri görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. "Hər bir məmur çalışmalıdır ki, zamanı düzgün dəyərləndirərək həmişə xalqın, vətəndaşların yanında olsun”, - deyən icra başçısı sakinlərə göstərilən diqqət və qayğının son 3 ildə olduğu kimi yenə də eyni qaydada göstəriləcəyini vurğulayıb. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sakinlərlə olan görüşlərindən, onlara göstərdikləri səmimi münasibətdən söhbət açan rayon rəhbəri Azərbaycanda vətəndaş amilinin hər zaman ön planda olduğunu bildirib.

Rayon rəhbəri qeyd edib ki, bu gün hər bir dövlət məmurunun əsas vəzifəsi siz sakinləri dinləmək, qaldırdığınız, səsləndirdiyiniz ən xırda bir məsələyə belə qayğı ilə yanaşmaqdır.

Bina sakinlərindən Şura İsayeva, Gülsüm Ocaqverdiyeva, Solmaz Kazımova, Yamən İbrahimova, Ruhizər Rzayeva, Nigar Bayramova, Məhruqə Mehdiyeva, İsmixan Ərizanov, Müşgünaz Yusifova, Qədir Abdullayev və başqaları səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamların rayonda olduğu kimi icra edilməsini yüksək qiymətləndiriblər. Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd ediblər. Bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu vurğulayıblar. Çıxış edənlər bildiriblər ki, sizin hər görüşdə biz sakinlərin qayğıları ilə yaxından maraqlanmağınız, qaldırılan hər bir məsələyə operativ şəkildə münasibət bildirməyiniz bizi çox sevindirir və dövlətə, dövlət başçısına olan inamımızı daha da artırır. Biz sakinlər 3 ildir ki, dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda yüksəkdə tutulmasının şahidi oluruq. Təmir başlayan ilk gündən mütəmadi olaraq binada görülən işlərlə yaxından tanış olmağınız, hər dəfə gəlişiniz zamanı qayğılarımızla maraqlanmağınız biz vətəndaşlara olan qayğının əyani təzahürüdür.

Məlumat üçün bildirək ki, ikimərtəbəli, 2 saylı bina 3 giriş blokundan ibarətdir. 12 mənzilli binada 35 nəfər sakin yaşayır. İkimərtəbəli, 3 bloklu 3 saylı bina isə 12 mənzildən ibarətdir ki, burada da 35 nəfər sakin var.  2 giriş blokundan ibarət ikimərtəbəli 4 saylı binada isə 24 nəfər sakin yaşayır. Hər 3 binada daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların pəncərələri yenilənib. Blokların giriş hissəsində olan günlüklər yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Bundan başqa, binanın həyətində olan qarajlar suvanaraq rənglənib. Həyətdə sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün eni 1 metr olan beton tökülüb.






 










GOYEZEN.AZ



Facebook-da paylaş