• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Heydər Əliyev prospektində yerləşən 173 saylı binanın sakinləri ilə səyyar görüş keçirilib

Bu gün ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən keçirilən növbəti səyyar görüş şəhərin Heydər Əliyev prospektində əsaslı şəkildə təmir olunan 173 saylı binanın sakinləri ilə olub. Respublika Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açılıb.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görüş iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, istər kəndlərdə, istərsə də şəhərdə keçirilən səyyar görüşlər bir məqsədə xidmət edir ki, o da yerlərdə vətəndaşları narahat edən məsələləri öz dillərindən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Rayon rəhbəri son illər ölkəmizdə olan inkişafın respublikanın bütün bölgələrini əhatə etdiyini bildirib. Son 3 ildə Qazaxda da genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrdə uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb.

Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan mərkəzi xəstəxana binasının tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Xüsusilə də "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. Bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsini həm də rayon sakinlərinin işlə təmin olunması istiqamətində atılan uğurlu addım kimi qeyd edib.

Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb. Rayonda məktəb tikintisi sahəsində görüləcək işlərdən danışan icra başçısı qəbul olunmuş 5 illik Dövlət Proqramına həmin illər üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salındığını bildirib.

Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların əhəmiyyətini qeyd edən icra başçısı həm 2018-ci ilin axırının, həm də 2019-cu ilin əvvəlinin Qazax rayonu üçün əlamətdar olduğunu qeyd edib. 3 noyabr 2018-ci il tarixli sərəncamla Qazax Müəllimlər Seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamla Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunmasını qazaxlı ziyalılara verilən ən böyük dəyər olduğunu söyləyib. Bu sərəncamları hər bir rayon sakininin minnətdarlıq hissi ilə qarşıladığını diqqətə çatdırıb. Dövlət başçısının imzaladığı həmin ali sərəncama görə ziyalılar adından bir daha ölkə başçısına minnətdarlığını ifadə edib. Rayon rəhbəri həmin sərəncamların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən də söz açıb. Yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin görüldüyünü və silsiləli şəkildə davam etdiyini diqqətə çatdırıb.

İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Ən əsası da uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradılmasıdır. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin bariz nümunəsidir. Rayon rəhbəri Qazaxbəyli kənd uşaq bağçasının da sabah açılışının olacağını bildirib.

Rayon rəhbəri vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görüldüyünü qeyd edib. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutu kimi dəyərləndirib. Qeyd edib ki, bütün bu işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Rayon rəhbəri əsaslı şəkildə təmir olunan binalardan birinin məhz prospektdə yerləşən 173 saylı bina olduğunu bildirib.

İcra başçısı qeyd edib ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb və çəkilişlər davam edir.

 

Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə daim nəzarət edildiyini də diqqətə çatdırıb.

"Bu gün ölkə başçısı tərəfindən müstəqil Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasətin təməlində vətəndaş amili dayanır”, - deyən icra başçısı Qazaxda da vətəndaş amilinin hər zaman diqqət mərkəzində saxlanıldığını, son 3 ildə ölkə başçısının tapşırığına əsasən sakinlərlə keçirilən səyyar görüşlərin, fərdi qəbulların, vətəndaşların müraciətlərinə yerində baxış keçirilməsinin məhz bu məqsədə xidmət etdiyini vurğulayıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində, eləcə də şəhərin əksər küçələrində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib.

İcra başçısı bildirib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biri kimi götürülür. Bildirib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcu olmalıdır. Bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün tutulmalıdır. Elə xidmət göstərməlidirlər ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır.

Sakinlərdən Akif Adamov, Elçin Göyüşov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda görülən işlərdən danışan sakinlər çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasını yüksək qiymətləndirdiklərini bildiriblər. Çıxış edənlər sakinlərə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün bina sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən internetin sürətinin zəif olması, su-kanalizasiya xəttinin çəkilişinə nəzarət olunması və s. məsələlərlə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

Məlumat üçün bildirək ki, prospektdə yerləşən 173 saylı bina 5 mərtəbədən, 4 giriş blokundan və 50 mənzildən ibarətdir. Hazırda binada 150 nəfər sakin yaşayır. Binanın dam örtüyü yenilənib, bloklarda divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların pəncərələri yenilənib. Həmçinin hər 4 blokun giriş hissəsində olan günlüklər yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. Binaların həyətində yeni işıqlanma sistemi çəkilib. Bundan başqa, binanın həyətində olan qarajlar suvanaraq rənglənib Həyətdə sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün eni 1 metr olan beton tökülüb, şebenlənərək səliqəyə salınıb.  









GOYEZEN.AZ



Facebook-da paylaş