Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti Qazaxda məktəblilərlə görüşüb
Bu gün Azərbaycan
Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyətinin 2019/2020-ci tədris
ilində peşəyönümü üzrə tam orta məktəb məzunları üçün kənd təsərrüfatının
inkişafının, mütəxəssis hazırlığının keyfiyyətinin və mütəxəssislərə dövlət qayğısının
yüksəldilməsinin təbliği istiqamətində Qazax rayonu üzrə tam orta məktəblərin məzunları
ilə görüşü keçirilib. Xalq şairi Səməd
Vurğunun adını daşıyan Qazax şəhər 2 saylı tam orta məktəbdə təşkil olunan
görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının
məsul işçiləri, ADAU-nun nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları,
rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları və məzunları iştirak
ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş
sözü ilə açaraq qonaqları salamlayıb və bugünkü görüşün məqsədi barədə məlumat
verib. Əvvəlcə aqrar sahənin inkişaf etdirilməsi və yüksək ixtisaslı peşəkar
kadrların hazırlanması məqsədilə belə bir görüşün təşkilinə görə universitetin
rəhbərliyinə rayon ziyalıları adından minnətdarlığını bildirib. Ölkə iqtisadiyyatının,
eləcə də aqrar sahənin inkişafı istiqamətində təbliğat xarakterli bu cür görüşlərin
böyük əhəmiyyət daşıdığını qeyd edib. İcra başçısı son illər ölkə Prezidenti
İlham Əliyevin diqqət və qayğısı, yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycanda
neft sektoru ilə yanaşı qeyri-neft sektorunun da inkişaf etdiyini bildirib.
Qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan aqrar sahənin, xüsusilə də kənd
təsərrüfatının inkişaf etdiyini diqqətə çatdırıb. Rayon rəhbəri ölkə başçısının
qayğısı sayəsində respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda
aqrar sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görüldüyünü bildirib. Bu
gün Qazaxda iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyini qeyd edən icra
başçısı buna misal olaraq Qazax Sement Zavodunu, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən
inşa edilən "Gedik-Carçı” Elektrod zavodunu, ”Mətanət A” şirkəti tərəfindən
inşa edilmiş Əhəng zavodunu, "Saloğlu” fərdi mebel firmasını,"Azrosprominvest” MMC-ni
nümunə göstərib. Rayon rəhbəri Qazaxda sənaye sahəsi ilə yanaşı aqrar sahənin,
xüsusilə də kənd təsərrüfatının inkişafı ilə bağlı təqdirəlayiq işlər
görüldüyünü diqqətə çatdırıb. 2016-cı ilin 19 oktyabrında ölkə başçısının
iştirakı ilə istifadəyə verilən "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nı, İkinci Şıxlı kəndində ”İnvestel GROUP”
MMC tərəfindən yaradılan Aqroparkı bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirib.
Rayon rəhbəri bildirib ki, Qazaxda aqrar sahənin inkişafını son 3 ildə əkin sahələrinin
ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Əgər 2016-cı ildə 16 min
idisə, bu gün 22 mindən çox sahəni əhatə edir. İcra başçısı "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafı ilə bağlı
görülməsi nəzərdə tutulan işlər üçün xüsusi bəndin salındığını da qeyd edib.
Rayon rəhbəri gündən-günə inkişaf
edən Azərbaycanda yüksək ixtisaslı, peşəkar kadrlara da böyük ehtiyac olduğunu
bildirib. Bunun üçün dövlət və dövlət başçısı tərəfindən məqsədyönlü işlərin
görüldüyünü diqqətə çatdırıb. Azərbaycan Dövlət
Aqrar Universitetində tələbələr üçün yaradılan şəraitin, geniş imkanların yüksək
ixtisaslı peşəkar kadrların hazırlanması istiqamətində atılan uğurlu addımın
bariz nümunəsi olduğunu qeyd edib. Gələcəkdə tələbə adını qazanacaq məzunlara
onlar üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Sonra Azərbaycan Dövlət Aqrar Universitetində yaradılan şəraiti, tədris
prosesini, tələbələrin universitet haqqında fikirlərini özündə əks etdirən videoçarx
nümayiş etdirilib.
ADAU-nun rektoru, Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvi, professor
İbrahim Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, bugünkü görüşün
təşkil olunmasında göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə universitetin professor-müəllim
heyəti adından minnətdarlığını bildirib. Universitet haqqında ətraflı məlumat
verən rektor Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə fəaliyyət göstərdiyi bir
binada fəaliyyət göstərdiklərini qeyd edib. Bu gün hər bir universitet tələbəsinin
bu tarixi əhəmiyyətli binada təhsil almaları ilə fəxr etdiyini vurğulayıb.
Rektor ulu öndər Heydər Əliyevin aqrar sahənin inkişafı ilə bağlı görülən işlərin
bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
bildirib. Qeyd edib ki, bu sahənin inkişafı ilə bağlı görülən işləri ADAU-da
yaradılan şəraitin timsalında aydın şəkildə görmək olar. Yüksək ixtisaslı peşəkar
kadrların hazırlanması üçün bu gün universitetdə təhsil alan tələbələr üçün hər
cür şərait yaradıldığını qeyd edib. Yataqxanaların olmasını və orada olan şəraiti
xüsusi vurğulayıb. Rektor bildirib ki, bu gün universitetdə tələbələr üçün
yaradılan yüksək şəraitin, geniş imkanın, mövcud olan şəffaflığın nəticəsidir
ki, xarici ölkələrdən olan onlarla tələbə məhz ADAU-da təhsil almağı seçir.
Universitetdə tədrisin Azərbaycan dili ilə yanaşı rus, ingilis dillərində
aparılması tələbələrə xarici ölkələrdə təhsilini davam etdirmək, hətta işləmək
imkanı belə yaradır. Rektor bu il ali məktəblərə qəbul imtahanında iştirak edərək
tələbə adı uğrunda mübarizə aparan hər bir məktəbliyə uğur arzulayıb və ADAU-da
gənclər üçün yaradılan geniş imkanlardan, öz gələcəklərini parlaq şəkildə
qurmaq şansından səmərəli olaraq bəhrələnməyi tövsiyə edib.
ADAU-nun Tələbə qəbulu
üzrə məsul katibi, dossent Telman Musayev çıxışı zamanı universitetin intibah
dövrünü yaşadığını bildirib. Universitetə qəbul olan tələbələrin sayının ildən-ilə
artdığını qeyd edən T.Musayev 2018-2019-cu tədris ilində 83 nəfərin 400-dən, 21
nəfərin 500-dən, 2 nəfərin isə 600-dən yuxarı bal toplayaraq ADAU-ya daxil
olduğunu qeyd edib. Universitetdə təhsilin kəmiyyət göstəricisi ilə yanaşı
keyfiyyətinə də üstünlük verildiyini vurğulayıb. Universitetə qəbul olan tələbələrin
arasında Qazax rayonundan olan məzunların üstünlük təşkil etdiyini diqqətə
çatdırıb.
ADAU-nun Azad həmkarlar
ittifaqı təşkilatının sədri, Qazax şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş,
dossent Vüsal Orucov da universitet haqqında fikirlərini bölüşüb. Natiq
çıxışında qeyd edib ki, bu gün ölkə Prezdentinin təhsil sahəsinə, xüsusilə də
biz gənclərə olan diqqət və qayğısını ADAU-nun timsalında real şəkildə görürük.
Odur ki, gələcəkdə tələbə adını qazanmaq istəyən hər bir gənc bizim universitetlə
öz arzusuna çata bilər. Çünki bunun üçün universitetdə hər cür imkan yaradılır. ADAU-nun
Aqronomluq fakültəsinin III kurs tələbəsi Pərvanə Ələkbərova, Baytarlıq təbabəti
və zoomühəndis fakültəsinin I kurs tələbəsi, Qazax şəhər 3 saylı tam orta məktəbin məzunu olmuş Selcan Hacıkərimli, Aqrotexnologiya fakültəsinin III kurs tələbəsi,
Qazax şəhər 2 saylı tam orta məktəbin məzunu olmuş Vidadi Nuruyev də çıxış edərək
ADAU-da təhsil aldıqları üçün fəxr etdiklərini bildiriblər. Onlar üçün
yaradılan şəraitə, geniş imkana görə ölkə başçısı İlham Əliyevə, universitetin
rektoru İbrahim Cəfərova tələbə yoldaşlarının və öz adlarından bir daha dərin
minnətdarlıqlarını bildiriblər. Bu il tələbə adını qazanacaq abituriyentlərə əsl
tələbə həyatı yaşamaq üçün ADAU-nu seçmələrini tövsiyə ediblər. Universitetin geniş
imkanlarından yararlanacaq tələbələrdən məhz onlardan birinin olmasını arzu
ediblər. Ən əsası isə Azərbaycan adlı müstəqil bir dövlətin vətəndaşı olduqları
ilə fəxr etmələrini bildiriblər. Gələcəkdə təhsil alacaqları universitetlərin
adını hər zaman yüksəkdə tutmalarını qeyd edərək hər kəsə uğurlar arzulayıblar. Rayon Təhsil şöbəsinin
müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova
ADAU-nun təşkil etdiyi bugünkü görüşün məktəblilər üçün yaddaqalan olduğunu
vurğulayıblar. Univesitetin professor-müəllim heyətinə, tələbələrinə daha yüksək
nailiyyətlər qazanmalarını arzu ediblər. Azərbaycanda belə bir universitetin
olmasını ölkə təhsilinin uğuru kimi dəyərləndiriblər. Görüşdə məktəbliləri
maraqlandıran suallar da cavablandırılıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ADAU-nun rektoru
İbrahim Cəfərova və universitetin rəhbərliyinə bu gün təşkil olunan məhsuldar
görüşə görə rayon ictimaiyyəti adından bir daha minnətdarlığını bildirib və gələcək
işlərində yüksək müvəffəqiyyətlər qazanmalarını arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş