• Təqvim

  • Unutma

  • Maraq



Qazax, Ağstafa və Tovuz rayon təhsil işçiləri ilə görüş keçirilib

Bu gün Qazax Gənclər Mərkəzində Qazax, Ağstafa və Tovuz rayon Təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov,  Qazax, Ağstafa və Tovuz rayonlarının Təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.

Tədbirdən öncə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Həmçinin ümummilli liderin adını daşıyan Mərkəzlə tanış olublar. Qonaqlara Mərkəz olaraq işlərini rayon məktəbləri ilə sıx əlaqəli şəkildə  qurmaları, şagirdlərin mərkəzə ekskursiyalarının təşkil olunması, "Açıq qapı” günlərində məktəblilərin yaxından iştirak etmələri barədə ətraflı məlumat verilib.





Sonra Gənclər Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.



Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil işçilərini nazirliyin rəhbərliyi adından salamlayıb, bugünkü tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Son illər ölkə başçısı İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun yarandığı ilk gündən fond tərəfindən təhsil sahəsinə xüsusi önəm verildiyini, "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması üçün məqsədyönlü işlər görüldüyünü qeyd edib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına respublikanın bütün bölgələrində təmirə ehtiyacı olan məktəblərin təmirinin salındığını diqqətə çatdırıb.


"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən əhəmiyyətli işləri diqqətə çatdıran nazir müavini qarşıda duran hədəfləri də sadalayıb. Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən təlimlər, eləcə də yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Məhəbbət Vəliyeva Azərbaycan Respublikası Təhsil Nazirinin 14 avqust 2018-ci il tarixli, F550 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet istiqamətləri” ilə əlaqədar respublikanın bəzi rayonlarında keçirilən zona müşavirələrinin əhəmiyyətindən də danışıb. Nazir müavini məktəb idaretməsində ümumi təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətli olduğunu diqqətə çatdırıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib. Çıxışının sonunda nazir müavini təhsil işçilərinə uğurlar arzulayıb.

Daha sonra Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynovanın, Ağstafa rayon Təhsil şöbəsinin müdiri Kamran Abbasovun və Qazax rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlının 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib.

Hesabatlar dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.










GOYEZEN.AZ



Facebook-da paylaş