• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda M.Hüseyn adına məktəb-liseydə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib

1918-ci ilin 28 mayında müsəlman Şərqində qurulan ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 ili tamam olur. AXC-nin yarandığı həmin gün 1990-cı ildən Cümhuriyyət Günü dövlət bayramı kimi qeyd olunur.

Bu gün Xalq yazıçısı Mehdi Hüseynin adını daşıyan məktəb-liseydə də 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

28 May – Respublika Gününə həsr olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Respublika Gününə həsr olunmuş şeirlər söylənilib, mahnılar səslənib.


Məktəbin direktoru Tahirə Comərdova çıxış edərək əlamətdar gün münasibətilə rayon rəhbərliyini təbrik edib və tədbirdə iştirakına görə kollektiv adından minnətdarlığını çatdırıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 28 May – Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi arzularını çatdırıb. İcra başçısı bildirib ki, respublikamızın keçdiyi zəngin inkişaf yolu, qazanılmış parlaq nailiyyətlər göz qabağındadır. Demokratik, hüquqi və sivil dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

 

Müstəqillik yollarında yenicə addımlarını atan hər bir ölkənin qarşısında müxtəlif istiqamətli vəzifələr durur. Hansı yolun müəyyənləşdirilməsi isə həmin dövlətin rəhbərinin siyasi təcrübəsinin, iradəsinin, idarəçilik bacarığının göstəricisidir. Azərbaycan müstəqilliyinin ilk illərində ciddi problemlərlə üzləşdi. Ölkədə ictimai-siyasi durum getdikcə gərginləşir, xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Bütün sahələrdə nəzərə çarpan tənəzzül müstəqilliyimizi təhlükə altına alırdı. Lakin dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 1991-ci ildə müstəqil dövlət olduğunu yenidən bütün dünyaya sübut etdi. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz nicat tapdı. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf, tərəqqi yoluna çıxdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi daxil oldu. Bu gün də ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan müstəqil və güclü dövlət olduğunu bütün dünyaya bəyan edir. Bunu ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar söyləməyə əsas verir.

Məktəbin tarix müəllimi Arzu Abbasova, Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Əliyeva çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, müstəqil Azərbaycanın son illər qazandığı uğur və nailiyyətlərdən söz açıblar.

Sonra söz məktəblilərə verilib. Məktəbin VII sinif şagirdləri Salatın Abdullayevanın və Fidan Əhmədovanın söylədikləri B.Vahabzadənin "Azərbaycan-Türkiyə”, Sədaqət Namazovanın və Rəhimə Əhmədovanın, IV sinif şagirdi Nərmin Abdullayevanın səsləndirdikləri "Ulu bir sərkərdə, ulu bir öndər”, VI sinif şagirdi Nərgiz Həbibovanın səsləndirdiyi "Heydər ata” şeirləri alqışlarla qarşılanıb.

Məktəbin III sinif şagirdi Mehman Həsənovun, VI sinif şagirdi Nurlan İsmayılovun, VII sinif şagirdi Murad Rəhimovun saz havaları bayram tədbirinə xoş ovqat bəxş edib.

Tədbirdən sonra rayon rəhbərliyi müəllimlərlə görüşüb. Görüşdə respublkamızda, eləcə də Qazaxda görülən işlərdən söhbət açılıb. Təhsil sahəsinə göstərilən dövlət qayğısından, rayonumuzun bu sahədə qazandığı uğurlardan danışılıb.

Məktəbin ingilis dili müəllimi Şəfiqə Rəhimi, ibtidai sinif müəllimi Xatirə Mustafayeva çıxış edərək təhsil sahəsinə, müəllimlərə göstərilən diqqət və qayğıya görə bir daha ölkə başçısına, onlara olan səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


















GOYEZEN.AZ



Facebook-da paylaş