• Təqvim

  • Unutma

  • Maraq



Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın iştirakçıları rayonla tanış olublar

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq

Bu gün Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s. məsələlərin müzakirəsi ilə bağlı "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçir­ilib.Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib, 60-dan artıq məruzə dinlənilib.

Konfransın plenar iclası başa çatdıqdan sonra iştirakçılar Qazax rayonu ilə tanış olublar. Qazaxda qonaq olan konfrans iştirakçılarının ilk tanış olduqları ünvan Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Muzeylə tanışlıq qonaqların böyük marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan diplomatlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.

Sonra qonaqlar "Fəxri qazaxlılar” parkında olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən yubiley tədbiri ilə əlaqədar hazırlıq işləri aparılır və silsilə tədbirlər keçirilir.

Qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Bildirilib ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə "20 Yanvar" hadisələrindən sonra "20 Yanvar" şəhidlərinin xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun olaraq "Şəhidlər xiyabanı" abidə kompleksində yenidənqurma işlərinə başlanılıb və 19 yanvar 2012-ci il tarixdə istifadəyə verilib. 2017-ci ildə xiyabanda yenidən əsaslı təmir işləri aparılıb, şəhidlərin adı və şəkli əks olunmuş lövhələr vurulub. Qeyd olunub ki, bu gün Qazax rayonunun 280 nəfərdən çox şəhidi, 7 nəfər Milli Qəhrəmanı var.

Qazax Müəllimlər Seminariyası ilə tanış olan konfrans iştirakçıları bu tarixi məkandan xoş təəssüratlarla ayrılıblar.  

Şəhidlər xiyabanı və Seminariya ilə tanış olan qonaqların ziyarət etdikləri sonuncu ünvan isə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan konfrans iştirakçıları burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında ətraflı məlumat verərək qeyd edib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.

Sonda konfrans iştirakçıları Qazaxla tanışlıqdan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq






"Fəxri qazaxlılar" parkı ilə tanışlıq



Şəhidlər xiyabanı ilə tanışlıq





Qazax Müəllimlər Seminariyası ilə tanışlıq



Ədəbiyyat Muzeyi ilə tanışlıq





GOYEZEN.AZ



Facebook-da paylaş