Qazaxda daha iki çoxmənzilli yaşayış binasının əsaslı təmirdən sonra açılışı olub
Ölkə
Prezidenti İlham Əliyevin siyasətinin Qazax rayonunda olduğu kimi icra
olunmasının nəticəsidir ki, son 3 ildə abadlıq və quruculuq işləri geniş vüsət
alıb. Rayonda inşa olunan sosial obyektlər, uşaq bağçalarının, məktəblərin
tikintisi və yaxud da əsaslı təmir olunması, yolların çəkilməsi, bir sözlə, həyata
keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri bunu söyləməyə əsas verir. Böyük
bir tikinti meydançasını xatırladan, ən əsası da günü-gündən abadlaşan Qazax
rayonunda görülən işlərin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir
olunmasına da böyük önəm verilir. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində
görülən işlərin nəticəsidir ki, ölkə başçısının imzaladığı
çoxsaylı Sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli
yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Bu, vətəndaşlara göstərilən
diqqət və qayğının əyani göstəricisidir. Bundan əlavə, yeni
iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon
sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Sevindirici
haldır ki, bu istiqamətdə görülən işlərə bu il də böyük sürətlə start verilib. Məlumat
verdiyimiz kimi, şəhərdə Azadlıq küçəsində yerləşən 107 saylı və Heydər Əliyev
prospektində yerləşən 175 saylı çoxmənzilli yaşayış binaları da əsaslı şəkildə
təmir olunurdu. Bir neçə aydır ki, təmir olunan binalarda işlər
tam başa çatıb. Bu
gün 5 mərtəbədən, 4 blokdan, 50 mənzildən ibarət Azadlıq küçəsində yerləşən 107
saylı və Heydər Əliyev prospektində yerləşən 5 mərtəbədən, 4 blokdan və 36
mənzildən ibarət olan həmin yaşayış binalarının əsaslı təmirdən sonra açılış
mərasimi olub. Binaların qarşısında keçirilən açılış mərasimlərində binada
yaşayan sakinlərlə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də
iştirak ediblər. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər iki yaşayış binasının açılış
mərasimində iştirak edib. Binada yaşayan sakinlər və tədbir iştirakçıları rayon rəhbərini alqış sədaları
altında böyük hörmət və səmimiyyətlə qarşılayıblar. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı
şəkildə təmir olunan binalara baxış keçirib. Tədbir iştirakçıları binalarda
yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər. Rayon
rəhbəri çıxış edərək açılış mərasimi münasibətilə
bina sakinlərini səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, bu gün dövlətimiz və dövlət
başçısı tərəfindən nəinki əhalinin sosial rifah halının yaxşılaşdırılması, eyni
zamanda da mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm
işlər görülür. Ötən ilin sonları, bu ilin ilk 3 ayında ölkə vətəndaşlarının rifahı
naminə imzalanan çoxsaylı Fərman və Sərəncamlar bunu əyani şəkildə sübut edir.
Əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin artırılması, vətəndaşları
narahat edən problemli kreditlərin həlli ilə bağlı atılan mühüm addımlar bir
daha onu göstərdi ki, ölkədə uğurla yürüdülən dövlət siyasətinin mərkəzində ölkə
vətəndaşları dayanır. Bütün bunlarla yanaşı, əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlər də bu siyasətin əsas tərkib
hissəsidir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun
olaraq görülən işlərdən, istifadəyə verilən sosial obyektlərdən, eləcə də yeni
iş yerlərinin yaradılmasından, kənd təsərrüfatının inkişaf etməsindən,
tikinti-quruculuq işlərinin geniş vüsət almasından söz açan rayon rəhbəri
görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. "Hər bir məmur çalışmalıdır ki, zamanı düzgün dəyərləndirərək həmişə
xalqın, vətəndaşların yanında olsun”, - deyən icra başçısı sakinlərə göstərilən
diqqət və qayğının son 3 ildə olduğu kimi, yenə də eyni qaydada göstəriləcəyini
vurğulayıb. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın sakinlərlə olan görüşlərindən, onlara göstərdikləri
səmimi münasibətdən söhbət açan rayon rəhbəri Azərbaycanda vətəndaş amilinin
hər zaman ön planda olduğunu bildirib. Azadlıq
küçəsi 107 saylı binada yaşayan sakinlərdən Mübariz Abdullayev, Əhməd Fərruxov,
Heydər Əliyev prospekti 175 saylı binada yaşayan sakinlərdən Xudaverdi
Yadigarov, Qrafilə Yadigarova, Kifayət Hacıyeva, Sara Qocayeva, Hüseyn Alıyev
və başqaları səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax
rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların
yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını
bildiriblər. Ölkə başçısının imzaladığı Sərəncamların rayonda olduğu kimi icra
edilməsini yüksək qiymətləndiriblər. Dövlət
başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək
səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi
olduğunu qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, sizin hər görüşdə biz
sakinlərin qayğıları ilə yaxından maraqlanmağınız, qaldırılan hər bir məsələyə
operativ şəkildə münasibət bildirməyiniz bizi çox sevindirir və dövlətə, dövlət
başçısına olan inamımızı daha da artırır. Biz sakinlər 3 ildir ki, dövlət
başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda
yüksəkdə tutulmasının şahidi oluruq. Təmir başlayan ilk gündən mütəmadi olaraq
binada görülən işlərlə yaxından tanış olmağınız, hər dəfə gəlişiniz zamanı qayğılarımızla
maraqlanmağınız biz vətəndaşlara olan qayğının əyani təzahürüdür. Məlumat
üçün bildirək ki, hər iki binanın dam örtükləri yenilənib, bloklarda
divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili fasadla
yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan rənglərlə
boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə,
binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların giriş hissəsində
olan çardaqlar yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə
salınıb. Binaların həyətində yeni işıqlanma sistemi çəkilib. Həmçinin,
Azadlıq küçəsində yerləşən 107 saylı binanın zirzəmisində təmizlik işləri
aparılaraq dərmanlanıb, zirzəmidə olan köhnə su xətti də dəyişdirilib. Binalarla
yanaşı, yaxınlıqda yerləşən həyət evlərinin hasarları da suvanaraq rənglənib. Azadlıq küçəsi 107 saylı bina
Azadlıq küçəsi 107 saylı bina
Heydər Əliyev prospekti 175 saylı bina
Facebook-da paylaş