Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib
Azərbaycan dövlətinin və xalqının taleyində,
ölkənin hərtərəfli tərəqqisində, uğurlar qazanmasında müstəsna xidmətləri olan
ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. Bu gün növbəti tədbir Yeni Azərbaycan Partiyası
Qazax rayon Təşkilatı Qadınlar Şurası tərəfindən keçirilib. Ulu öndər Heydər Əliyevin
anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən "Sən elə bir zirvəsən”
adlı tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, partiya fəalları, Qadınlar Şurasının üzvləri, idarə,
müəssisə və təşkilat rəhbərləri, gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin təşkilatın
binasında yerləşən büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük
ehtiramla yad ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan
dövləti və xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu
islahatlardan söz açıb. İcra başçısı qeyd edib ki, bu gün hər bir azərbaycanlı
vətəndaşın borcudur ki, ulu öndəri xoş xatirələrlə yad etsin. "Ümummilli lider
haqqında danışmaq nə qədər şərəflidirsə, bir o qədər də çətindir”, - deyən
rayon rəhbəri onun keçdiyi ömür yolunun bu gün hər kəs üçün böyük məna
daşıdığını bildirib. İstər SSRİ, istərsə də müstəqillik dövründə o dahi
şəxsiyyətin ölkə, xalq, millət naminə gördüyü işlərin böyük əhəmiyyət
daşıdığını vurğulayıb. Rayon rəhbəri bildirib ki, Azərbaycanın son 30 ildən
artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı ilə
qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və
mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı,
zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək
nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi
zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət
xadimi, xalqın əbədi lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş,
buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmişdir. Azərbaycan
xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və
artıq ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin
dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə
etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli
dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı.
Xalq ulu öndərin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə
Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır. İcra başçısı
vurğulayıb ki, təməli ulu öndər tərəfindən qoyulan dövlət siyasəti bu gün onun
layiqli davamçısı İlham Əliyevin dərin və müdrik zəkası, güclü liderlik
qabiliyyəti sayəsində uğurla davam etdirilir. Rayon rəhbəri çıxışının sonunda ulu
öndərin bizlərə miras qoyuğu müstəqil Azərbaycanın çiçəklənməsi, daha da
qüdrətlənməsi naminə həyata keçirdiyi bütün işlərində ölkə başçısı İlham
Əliyevə rayon ziyalıları adından bir daha uğurlar arzulayıb. Azərbaycan dövləti
və xalqı var olduqca ümummilli liderin daim qəlblərdə yaşayacağını bildirib. YAP Qazax rayon Təşkilatı Qadınlar Şurasının sədri
Yeganə Göyüşlü "Heydər Əliyev və
Azərbaycanın neft strategiyası” mövzusunda çıxış edərək ümummilli liderin bu
sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrdən danışıb. Sonra Qazax rayon mərkəzi xəstəxanasının baş həkim
əvəzi Sevda Məmmədova "Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin tarix müəllimi Tərlan Bədəlova "Heydər Əliyev və Azərbaycan
təhsili”, kollecin qiymətləndirmə, qeydiyyat və
monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva "Heydər Əliyev və
Azərbaycanın sosial siyasəti”, "Avey” dövlət tarix-mədəniyyət qoruğunun
direktoru Səadət Əliyeva "Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında
çıxış ediblər. Ulu öndərin ölkənin elm, təhsil, səhiyyə, mədəniyyət sahəsindəki
misilsiz xidmətlərindən söz açıblar. Azərbaycanda qeyd olunan sahələr üzrə
qazanılan uğur və nailiyyətlərin təməlində ulu öndərin qoyduğu siyasətin dayandığını
vurğulayıblar. Sonda ulu öndər
Heydər Əliyevə həsr olunmuş bədii ədəbiyyat nümunələrinin səslənməsi olub. Qaratel Hacımahmudova adına
şəhər ümumi orta məktəbin V sinif şagirdləri Kənan Hüseynov, Halə Camalova, Əsmər
Hüseynova, VII sinif şagirdi Sədaqət Camalova dahi şəxsiyyət Heydər Əliyevə
həsr olunmuş şeirlər söyləyiblər. GOYEZEN.AZ
Facebook-da paylaş