Qazaxda “Brend Shop” geyim mağazasının açılışı olub
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi
yüksəlişi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə aparılan ardıcıl
siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm
qoyub, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlib. Azərbaycan iqtisadiyyatının
bu dərəcədə inkişafının təməlini isə ulu öndər Heydər Əliyev qoyub. Ulu öndərin
uğurlu siyasəti, düzgün qərarları bu gün də Azərbaycanı söz sahibi kimi dünyada
tanıdır. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda sahibkarlığın
inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Sahibkarlıq sektorunda ulu öndərin əsasını qoyduğu, bu gün isə onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində
ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayı artır, onların
xarici iqtisadi fəaliyyəti genişlənir və bu sahədə nisbi uğurların əldə
olunmasına şərait yaranır. Bu gün əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən
sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı dövlət başçısı
İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində
işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü
addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir. Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı
məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın
inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və
şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir.
Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların,
mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən
müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın
şəkildə görmək olar. Bu gün rayonda daha bir sahibkarlıq
obyektinin – "Brend Shop” geyim mağazasının rəsmi açılış mərasimi
olub.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri,
mağazanın işçiləri, rayonda fəaliyyət göstərən sahibkarlar, rayon sakinləri və
KİV nümayəndələri iştrak edib. Açılış mərasimində iştirak edən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni mağazanın istifadəyə
verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi
qəlbdən təbrik edib. Qazaxda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də sosial
və digər sahələrin inkişaf etdiyini qeyd edən icra
başçısı rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı
şəhərlərdən birinə çevrildiyini bildirib. Rayonda yeni məktəb binalarının,
bağçaların, səhiyyə, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, sosial obyektlərin
istifadəyə verilməsini bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi
qiymətləndirib. Rayon rəhbəri vurğulayıb ki, sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə
həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır.
Dövlət-sahibkar münasibətləri inkişaf etdirilir, sahibkarlığın dövlət
tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar
atılır.
İcra başçısı bildirib ki, bu gün Qazaxda sahibkarlığın
inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Rayonda istər kiçik, istər
orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Dövlətin və
dövlət başçısının qayğısını hər an hiss edən sahibkarlar tərəfindən yeni
müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi bunu
bir daha sübut edir. Açılışını etdiyimiz mağaza da ölkə Prezidenti İlham
Əliyev tərəfindən həyata keçirilən davamlı
sosial-iqtisadi inkişafın, xüsusilə də sahibkarlara olan dəstəyin rayonda
uğurla icra edilməsi deməkdir. Rayon
rəhbəri şəhərin mərkəzində, Bakı küçəsi 24 ünvanında yerləşən və öz
görkəmi ilə seçilən yeni mağazanın istifadəyə verilməsini rayonumuzda
sahibkarlığın inkişafına göstərilən dəstəyin, yeni iş yerlərinin açılması
istiqamətində atılan uğurlu addımın daha bir əyani göstəricisi kimi
dəyərləndirib.
"Brend
Shop” geyim mağazasının
rəhbəri Arzu Kərimov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki,
Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət
və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar,
istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz
sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən
həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi
verməkdir. A.Kərimov mağaza barədə
məlumat verərək bildirib ki, "Brend
Shop” geyim mağazasını
rayon ərazisində açmaqla sakinlərimizə xidmət göstərmək, bundan əlavə, 20
nəfərə qədər sakini iş yeri ilə təmin etməkdir. "Brend Shop” geyim mağazasının
kollektivi olaraq əsas
məqsədimiz müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət
göstərməkdir. Mağaza sahibi
sonda sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə
başçısına və rayon rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb. Bu gün
açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürlərini bildirib. Rəmzi
açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada yaradılan
şəraitlə, təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış
olublar. İştirakçılara məlumat verilib ki, 2 mərtəbədən
ibarət olan mağazada sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər
cür şərait yaradılıb. 1-ci mərtəbədə kişi və uşaq geyimləri, 2-ci mərtəbədə isə
qadın geyimlərinin satışı təşkil olunub. Ticarət mərkəzində Zivər, Kont, Ovatto,
Fubi, Tatkan, Berrak və digər firmaların məhsulları təqdim olunur. GOYEZEN.AZ
Facebook-da paylaş